Jhon Duran məsələsi "Fənərbağça"da narahatlıq yaradır
Mövsümün əvvəlində böyük ümidlərlə transfer edilən Jhon Duranın səhhəti "Fənərbağça"da narahatlıq yaratmağa başlayıb. Baldır sümüyündəki iltihablanma səbəbindən müalicə alan və yenidən meydanlara qayıtmağa hazırlaşan Duranla bağlı hələ də sual işarələri var. "Fənərbağça" rəhbərliyi bu səbəbdən kolumbiyalı forvardın menecerini İstanbula dəvət edib. Görüşdə sarı-lacivərdli idarəçilər "Əgər zədə davam edərsə, qış fasiləsində yollarımızı ayırarıq" deyə ultimatum verib. Duran indiyədək Avropada 2 və Super Liqada 6 oyun olmaqla, ümumilikdə 8 qarşılaşmanı buraxıb.
Yeni forvard axtarışlarına başlanılıb
21 yaşlı futbolçunun milli fasilədə məşqlərə çıxması gözlənilir. Duranın səhhəti həkimlər və texniki heyət tərəfindən yaxından izləniləcək. Kolumbiyalı futbolçunun "Fənərbağça"dakı gələcəyi ağrılarının olub-olmaması ilə müəyyənləşəcək. Klub prezidenti Səadəddin Saranın idarə heyətinə qış fasiləsində yeni bir qolçu transferi üçün hazır olmaları barədə tapşırıq verdiyi öyrənilib. Avropada yeni bir forvard transferi üçün oyunçu axtarışına başlayacaq olan rəhbərlik, qış fasiləsində yaşanacaq yeni bir böhranın qarşısını almağı hədəfləyir.
Oxucu Şərhləri
Şərh Yaz