Fasda sosial tələblərlə başlayan etirazlar: Ölüm və yaralanmalarla müşayiət olunan gərginlik
Şimali Afrika ölkəsi Fasdakı gərginlik artıq altıncı gündür ki, davam edir. Gənclərin daha keyfiyyətli təhsil və səhiyyə sosial xidmətlər tələbləri ilə şənbə günü başlayan etirazlar ölkənin hər yerinə yayılıb və ciddi toqquşmalarla müşayiət olunur.
Etirazların acı bilançosu və təhlükəsizlik qüvvələri ilə toqquşmalar
Şiddətə çevrilən nümayişlər zamanı bəzi binalar yağmalanıb, nəqliyyat vasitələri yandırılıb. Fas Daxili İşlər Nazirliyinin açıqlamasına görə, çərşənbə günü Aqadir şəhərinin cənubundakı Lqliaa qəsəbəsində bıçaqla polis bölməsinə hücum edərək sursat oğurlamağa cəhd edən üç gənc təhlükəsizlik qüvvələri tərəfindən vurularaq öldürülüb. Ümumilikdə, Fasdakı gərginlik nəticəsində 589-u təhlükəsizlik qüvvələri olmaqla 640 nəfər yaralanıb, 400-dən çox şəxs saxlanılıb. Həmçinin 80 ictimai bina və özəl müəssisə dağıdılıb, 413 hüquq-mühafizə orqanı avtomobili və 195 şəxsi nəqliyyat vasitəsi ziyan görüb.
Hökumətdən dialoq çağırışı və Krala müraciət
Fasın Baş naziri Aziz Axannuş etirazların başlanğıcından bəri cümə axşamı axşam ilk dəfə olaraq çıxış edərək, zorakılığı dayandırmaq və gənclərin tələblərini qarşılamaq üçün dialoqa açıq olduğunu bildirib. Axannuş qeyd edib ki, ölkənin üzləşdiyi müxtəlif problemlərin öhdəsindən gəlməyin yeganə yolu dialoq əsaslı yanaşmadır. "GenZ 212" adlı etiraz qrupu isə bu gün Fas Kralı VI Məhəmmədi hökuməti istefaya göndərməyə çağırıb. Bəyanatda "Faslıların konstitusiya hüquqlarını qorumaqda və sosial tələblərinə cavab verməkdə uğursuz olduğu üçün mövcud hökumətin istefasını tələb edirik" ifadələri yer alıb.
Dünya Kuboku xərcləri və çatışmayan sosial xidmətlər
Gənclər, 2030-cu il Dünya Kuboku hazırlıqlarına milyardlarla dollar sərmayə qoyulduğunu, lakin bir çox məktəb və xəstəxananın büdcə çatışmazlığı səbəbindən acınacaqlı vəziyyətdə olduğunu bildirirlər. Ölkə daxilində inşa edilən və ya yenilənən stadionları hədəf alan etirazçılar "Stadionlar burada, bəs xəstəxanalar harada?" şüarını səsləndirirlər. Aqadirdəki bir dövlət xəstəxanasında doğuş zamanı səkkiz qadının ölümü sosial xidmətlər, xüsusilə də səhiyyə sisteminin iflasının əlaməti kimi qəbul edilərək, Fasdakı gərginlik dalğasını daha da alovlandırıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz