Dünya 14.07.2025

İqlim Təhlükəsi: Əriyən Buzlaqlar Ölümcül Vulkanları Oyada Bilər

İqlim Təhlükəsi: Əriyən Buzlaqlar Ölümcül Vulkanları Oyada Bilər

Viskonsin-Madison Universitetinin tədqiqatçıları Cənubi Çilidə altı vulkanı araşdırıblar. Məqsəd, geri çəkilən buzlaqların keçmiş vulkanik fəaliyyətə necə təsir etdiyini üzə çıxarmaq idi.

Təkmil arqon tarixləndirmə və kristal analiz üsullarından istifadə edərək, təxminən 20 min il əvvəl, son buz dövrünün zirvəsində, qalın buz qatının vulkanik fəaliyyəti sıxışdırdığını və yer səthinin 10-15 kilometr altında nəhəng bir maqma ehtiyatının yığılmasına imkan verdiyini aşkar etdilər. Lakin buz dövrünün sona çatması ilə buzlaqlar sürətlə geri çəkildi. Buz ağırlığının qəfil itməsi maqmadakı qazların genişlənməsinə səbəb oldu və bu, yeni yaranan vulkanlardan partlayıcı püskürmələrin baş verməsinə zəmin yaratdı.

Bənzər Ssenari Təkrarlana Bilər

İndi isə elm adamları, qlobal istiləşmə səbəbindən oxşar bir ssenarinin yenidən yaşana biləcəyi barədə xəbərdarlıq edirlər.

Tədqiqatın əsas müəllifi Pablo Moreno-Yaeger bildirib: "Buzlaqlar altlarındakı vulkanların püskürmə həcmini sıxışdırmağa meyllidir. Lakin iqlim dəyişikliyi səbəbindən buzlaqlar geri çəkildikcə, tapıntılarımız bu vulkanların daha tez-tez və daha şiddətli püskürdüyünü göstərir."

Elm adamları daha əvvəl əriyən buzlaqların vulkanik fəaliyyəti artıra biləcəyini İslandiyadakı müşahidələrlə müəyyən etmişdilər. Lakin dünyanın digər bölgələri də risk altında ola bilər. Moreno-Yaeger izah edir: "Araşdırmamız bu hadisənin yalnız vulkanik fəaliyyətin artdığı İslandiya ilə məhdudlaşmadığını, həmçinin Antarktidada da baş verə biləcəyini irəli sürür. Vulkanların partlayıcılığının artmasının əsas şərti əvvəlcə maqma kamerasının üzərində çox qalın bir buzlaq örtüyünün olması, tətik nöqtəsi isə bu buzlaqların geri çəkilməsi ilə təzyiqin aradan qalxmasıdır ki, bu vəziyyət hazırda Antarktida kimi yerlərdə müşahidə olunur. Amerika qitəsinin bəzi bölgələri, Yeni Zelandiya və Rusiya kimi quru sahələri də elmi cəhətdən daha yaxından izlənməlidir."

Dahası, Moreno-Yaegerə görə, uzunmüddətli perspektivdə bu partlayışlar "istixana qazlarının yığılması səbəbindən uzunmüddətli qlobal istiləşməyə də töhfə verə bilər."

Dünyanın Ən Aktiv Vulkanları

  1. Kilauea (Havay, ABŞ): 2023 və 2024-cü illərdə qısamüddətli püskürmələri olub. Demək olar ki, daimi aktiv olan bir vulkan olmaqla yanaşı, 1983-cü ildən 2018-ci ilə qədər fasiləsiz lav püskürdü.

  2. Etna (Siciliya, İtaliya): Avropanın ən aktiv vulkanıdır. Daimi olaraq lav və kül püskürür.

  3. Stromboli (İtaliya): "Dəniz fənəri vulkanı" olaraq da bilinir və demək olar ki, daimi kiçik partlayışlar yaşanır.

  4. Merapi (Yava Adası, İndoneziya): Piroklastik axınlar və kül buludları ciddi insan tələfatına səbəb ola bilər. İndoneziyanın ən ölümcül vulkanlarından biridir.

  5. Nyiraqonqo (Konqo Demokratik Respublikası): Dünyanın ən sürətli axan lavlarına sahib olan bu vulkanın ən son 2021-ci ildəki böyük püskürməsində Qoma şəhərindən minlərlə insan təxliyə edildi. Lav axınının çox sürətli irəliləməsi səbəbindən şəhərləri təhdid edə biləcək potensiala sahibdir.

24 saat