Serena Williams GLP-1 Dərmanları ilə Yeni Formasına Qayıtdı
Serena Williams 2017-ci ildə qızı Olimpiyanı, 2023-cü ildə isə qızı Adiranı dünyaya gətirdikdən sonra bədənində əhəmiyyətli dəyişikliklər yaşadığını və əvvəlki idman formasına qayıda bilmədiyini bildirdi. Mətbuata verdiyi açıqlamada o, “Nə etsəm də, nə qədər məşq etsəm də, istədiyim çəki itirmə hədəfinə çata bilmirdim” dedi.
"İLK DƏFƏ BU QƏDƏR ÇARƏSİZ HİSS ETDİM"
23 Qrand Slam çempionluğu olan idmançı, hər zaman zəhmət çəkərək hədəflərinə çatdığını və ilk dəfə bu qədər çarəsiz hiss etdiyini vurğuladı: “Karyeramda heç vaxt qısa yollara əl atmamışam. Hər zaman çox çalışmışam. Buna görə də eyni şeyləri edib tərəzidə heç bir dəyişiklik görməmək çox əsəbi hal idi.”
GLP-1 dərmanını istifadə etməzdən əvvəl ətraflı araşdırmalar aparan Serena Williams, bu qərarın nəticəsində 31 kiloqram çəki itirməyə nail oldu. Hazırda bədənində nəzərəçarpacaq dərəcədə yüngüllük hiss etdiyini bildirən Williams, “Daha çevikəm, oynaqlarım əvvəlki kimi ağrımır. Sadəcə yerə əyilmək belə artıq daha asan və sürətlidir. Enerjim yüksəkdir, özümü həqiqətən də yaxşı hiss edirəm” deyə qeyd etdi.
"TƏNBƏL İNSANLARIN SEÇİMİ KİMİ QINAQLAR VAR"
Serena Williams başqa bir müsahibəsində bu dərmanların cəmiyyətdə səhv başa düşülməsinə də diqqət çəkdi. Tennis əfsanəsi, “GLP-1 dərmanları üçün tənbəl insanların seçimi kimi qınaqlar var. Amma bu doğru deyil. Bəzən köməyə ehtiyacınız ola bilər, bu sizin hekayənizdir və belə bir seçim etmənizdə heç bir problem yoxdur” deyə vurğuladı.
Sosial mediada tez-tez aktiv olan Serena Williams, yeni görünüşünü izləyiciləri ilə də bölüşür. İyun ayında hovuzda çəkilmiş mayolu fotosunu, iyul ayında isə qarın əzələlərini nümayiş etdirdiyi idman zalı selfisini izləyiciləri ilə paylaşmışdı.
GLP-1 tipli dərmanların istifadəsi son dövrlərdə populyarlaşsa da, hələ də mübahisəli bir mövzudur. Bu tip dərmanları istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşilməlidir.
Oxucu Şərhləri
Şərh Yaz