Ballon d'Or mükafatı Parisdə sahibini tapdı
Fransa paytaxtı Parisdə futbol dünyasının ən mötəbər mükafatı olan Ballon d'Or təqdim olunub. Mükafata PSJ-nin ulduz oyunçusu Usman Dembele layiq görülüb.
Ötən mövsümü Fransa Liqası və Çempionlar Liqası çempionu kimi başa vuran Paris Saint Germain-də parlaq bir dövr keçirən fransalı hücumçu, 37 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.
Səsvermənin nəticələrinə əsasən, "Barselona"nın ispan futbolçusu Lamine Yamal ikinci, PSJ-nin portuqaliyalı oyunçusu Vitinha isə üçüncü yerləri tutublar. Qadın futbolunda isə ən yaxşı oyunçu mükafatına ardıcıl olaraq üçüncü dəfə İspaniya milli komandasının və "Barselona"nın ulduzu Aitana Bonmati sahib çıxıb.
Lamine Yamal Kopa Kubokunu yenidən qazandı
"Barselona"nın 18 yaşlı ispan ulduzu Lamine Yamal, mövsümün ən yaxşı 21 yaş altı oyunçusuna verilən Kopa Kubokunu (Kopa Trophy) ardıcıl ikinci dəfə qazanmağa müvəffəq olub. "Yuventus"da çıxış edən Türkiyəli futbolçu Kenan Yıldız, Kopa Trophy səsverməsində 5-ci sırada qərarlaşıb. Qadınlarda isə bu mükafatın sahibi yenə "Barselona"dan olan 19 yaşlı forvard Viki Lopez olub.
Digər mükafatlar sahiblərinə təqdim edildi
İlin forvardına verilən Gerd Müller Kuboku kişilərdə "Arsenal"ın isveçli futbolçusu Viktor Gyökeresə, qadınlarda isə "Barselona"nın polşalı oyunçusu Eva Pajora təqdim edilib.
İlin ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatını kişilərdə "Mançester Siti"nin italiyalı qolkiperi Canluici Donnarumma, qadınlarda isə "Çelsi"nin ingilis qapıçısı Hanna Hampton qazanıb.
Luis Enrike ilin ən yaxşı məşqçisi seçildi
Paris Saint-Germain-in ispan baş məşqçisi Luis Enrike kişilərdə ilin ən yaxşı məşqçisi mükafatına layiq görülüb. İngiltərə Milli Komandasını çalışdıran hollandiyalı Sarina Viqman da qadınlarda ilin məşqçisi mükafatını alıb.
İlin klubu mükafatı kişilərdə Paris Saint-Germainə, qadınlarda isə "Arsenal"a verilib. Sokrates mükafatı isə 2019-cu ildə nadir görülən bir sümük xərçəngi növü səbəbindən 9 yaşındakı qızı Xananı itirən Paris Saint-Germain-in baş məşqçisi Luis Enrike tərəfindən uşaqlar və gənclərə hərtərəfli sağlamlıq dəstəyi göstərmək məqsədilə qurulan Xana Vəqfinə təqdim edilib. Sokrates mükafatı, idmançıların humanitar sahədəki töhfələrini qiymətləndirmək üçün verilir.
Oxucu Şərhləri
Şərh Yaz