Anar Məmmədli keyfiyyətli tibbi müayinədən məhrum edilib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin artıq 17 aydır keyfiyyətli tibbi müayinə ilə təmin edilmədiyi bildirilir. Bu barədə insan haqları üzrə məlumat portalı olan “Gözətçi” Anar Məmmədlinin valideynlərinə istinadən xəbər yayıb.
Səhhətindəki problemlər kəskinləşib
Sentyabrın 26-da Anar Məmmədli ilə görüşən valideynləri onun səhhətinin pisləşdiyini qeyd ediblər. Onların sözlərinə görə, Məmmədli diz oynağının artrozu (qonartroz) xəstəliyindən əziyyət çəkir və hazırda xəstəliyi kəskinləşib. O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrdən sonra, xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Həkimlər ayaqdakı şişkinliyi, qızartını və temperatur artımını da bununla izah ediblər.
Tibbi yardıma çağırışlar cavabsız qalıb
Həkimlər valideynlərinə Anar Məmmədlinin mütəmadi nəzarətdə saxlanılmasının, MRT, rentgen və laborator müayinələrdən keçməsinin vacibliyini bildiriblər. Lakin valideynlərin sözlərinə görə, hüquq müdafiəçisi artıq 17 aydır heç bir keyfiyyətli və lazımi tibbi müayinədən keçirilmir. Vəkillərinin Məmmədlinin mülki xəstəxanada hərtərəfli müayinələr aparılması üçün dəfələrlə etdiyi müraciətlərə rədd cavabı verilib. Ailəsinin qeyd etdiyi kimi, hüquq müdafiəçisinin saxlandığı rütubətli və nəm şərait onun ağrılarını və iltihab prosesini daha da ağırlaşdırır.
Valideynlər xəbərdarlıq edərək bildiriblər ki, Anar Məmmədli normal saxlanma şəraiti, təcili tibbi müayinə və müalicə ilə təmin edilməsə, onun davam edən məhkəmə proseslərində səhhəti ilə əlaqədar iştirakı mümkünsüz ola bilər.
Həbs və ittiham
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur. QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Oxucu Şərhləri
Şərh Yaz