TÜRKİYƏ VƏ PAKİSTAN ARASINDA 5 MİLYARD DOLLARLIQ TİCARƏT HƏDƏFİ
Türkiyə və Pakistan arasında yeni bir iqtisadi təşəbbüs irəli sürülüb ki, bu da iki ölkə arasındakı əməkdaşlığı dərinləşdirməyə hədəflənib. Bu təşəbbüs ilk dəfə 2025-ci ilin aprelində Pakistanın Baş naziri Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə gündəmə gəlib. Əsas məqsəd Pakistanın istehsalat və ixracat sektorlarına Türkiyə sərmayələrini cəlb etmək, ticarət dövriyyəsini artırmaq və müəyyən edilmiş 5 milyard dollarlıq ikitərəfli ticarət hədəfinə çatmaqdır.
TƏMASLAR DAVAM EDİR
Bu məqsədlə, Pakistan Xarici İşlər Nazirliyi, Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurası (SIFC), İnvestisiya Şurası (BoI) və Sindh İxracatın Təşviqi Zonası (EPZ) səlahiyyətlilərindən ibarət nümayəndə heyəti bu yaxınlarda İstanbul və Ankarada mühüm danışıqlar aparıb. Heyət, Karaçidə qurulması planlaşdırılan
sərbəst zona layihəsi ilə bağlı Türkiyənin işgüzar dairələri və dövlət rəsmiləri ilə görüşlər keçirib.
KARAÇİNİN STRATEJİ ƏHƏMİYYƏTİ
Pakistan rəsmiləri Karaçinin strateji əhəmiyyətini, inkişaf etmiş infrastrukturunu və Yaxın Şərq ilə
Mərkəzi Asiya bazarlarına yaxınlığını xüsusi vurğulayıblar. Bildirilib ki, region Türkiyə şirkətləri üçün böyük imkanlar yaradır və Türkiyənin istehsal müəssisələrinin Karaçiyə köçürülməsi ixracat daşınma xərclərini hər ton üçün 4000 dollardan 1000 dollara qədər azaltmağa imkan verəcək.
TÜRKİYƏ TƏCRÜBƏSİ MODEL OLACAQ
Səfər çərçivəsində Pakistan heyəti İstanbul və Ankaradakı
sərbəst zonaları da yaxından araşdırıb. Türkiyə 1960-cı illərdən bəri ixracatın təşviqi zonaları sahəsində əhəmiyyətli təcrübəyə malikdir və 1995-ci ildən etibarən bu zonaların idarəçiliyi özəl sektora həvalə edilib. Vergi azadlıqları, sərfəli torpaq qiymətləri və fasiləsiz enerji təminatı ilə cəlbedici hala gələn bu modelin Karaçidə qurulacaq
sərbəst zona üçün nümunə olacağı gözlənilir.
TİCARƏTDƏ YENİ HƏDƏFLƏR
2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 30 faiz artaraq 1,4 milyard dollara çatsa da, qarşıya qoyulan hədəf daha böyükdür. Pakistan Türkiyəyə əsasən pambıq və toxuculuq məhsulları ixrac edir, Türkiyədən isə Pakistana maşınqayırma, plastik və kimyəvi məhsullar göndərilir. Yeni
sərbəst zonanın bu ticarəti daha balanslı və sürətli şəkildə inkişaf etdirəcəyi gözlənilir. Pakistan rəsmilərinə görə, Karaçidə yaradılacaq bu bölgə təkcə Türkiyə sərmayələrini cəlb etməklə qalmayacaq, həm də uzunmüddətli strateji və sənaye əməkdaşlığı üçün bir dönüş nöqtəsi olacaq. Tərəflər həmçinin mövcud Üstünlük Ticarət Sazişinin genişləndirilməsi və gələcəkdə
Pakistan-Türkiyə əlaqələri çərçivəsində Sərbəst Ticarət Sazişinin imzalanması istiqamətində də fəaliyyətlərini davam etdirirlər.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz