UEFA, AFC və KONKAKAF-dan Canni İnfantinoya qarşı sərt etiraz
Dünya futbolunun idarəetmə sistemində gərginlik pik həddə çatıb. UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FIFA prezidenti Canni İnfantinonun yürütdüyü siyasətə qarşı birləşərək rəsmi etiraz bəyanatı yayıblar.

Narazılığın əsas səbəbi FIFA rəhbərliyinin Dünya Çempionatının kommersiya hüquqlarının bir qisminin özəlləşdirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslərdir. Qitə futbol qurumları bu addımın futbolun təməl prinsiplərinə zidd olduğunu və şəffaflıq mühitini ciddi şəkildə zədələdiyini vurğulayıblar.
Məktubda İnfantinonun idarəetmə tərzi sərt tənqid hədəfinə çevrilib. Federasiya rəhbərləri bildiriblər ki, futbolun idarə olunması heç bir şəxsin şəxsi mülkiyyəti sayıla bilməz və qərarların qəbulu prosesində məsuliyyət hissi tamamilə yox dərəcəsindədir.
"Hesabatlılığın tələb olunduğu məqamlarda sükutun hökm sürməsi qəbuledilməzdir" deyən qurumlar, FIFA-nın hazırkı rəhbərliyini demokratik dəyərlərdən uzaqlaşmaqda və qlobal futbol ictimaiyyətinin mənafelərini gözardı etməkdə ittiham edirlər.
Bu etiraz aksiyası FIFA daxilindəki fikir ayrılıqlarının dərinləşdiyini təsdiqləyir. Ekspertlərin rəyinə görə, dünyanın ən böyük futbol qurumları arasındakı bu qarşıdurma yaxın gələcəkdə beynəlxalq futbol idarəçiliyində köklü struktur dəyişikliklərinə və ya ciddi islahatların həyata keçirilməsinə təkan verə bilər.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz