Banqladeşdə Həsinayönümlü nümayişçilərlə polis toqquşması: Azı 3 ölü

Banqladeşdə təhlükəsizlik qüvvələri sabiq Baş nazir Şeyx Hasinanın tərəfdarları ilə toqquşub, nəticədə azı üç nəfər həlak olub, çox sayda insan yaralanıb. Çərşənbə günü Banqladeşin cənubundakı Gopalqanc şəhərində zorakılıq halları yaşanıb. Hadisə Hasinanın Avami Liqası Partiyasının üzvləri, keçən il lideri devirən iğtişaşlara başçılıq edən tələbələrdən ibarət Milli Vətəndaşlar Partiyasının (NCP) mitinqini pozmağa çalışarkən baş verib.
Televiziya kadrlarında Həsinapərəst fəalların, NCP liderləri üsyanı anmaq üçün yeni partiyanın “Milləti Yenidən Qurmaq Marşı” proqramına gələrkən, əllərində çubuqlarla polisə hücum etdikləri və nəqliyyat vasitələrini yandırdıqları görünüb. Gopalqanc Rayon Xəstəxanasının tibb bacısı Manoj Baral AFP xəbər agentliyinə üç nəfərin öldüyünü bildirib. Yerli media, o cümlədən ingilis dilində yayımlanan Daily Star qəzeti isə dörd nəfərin öldüyünü qeyd edib. Həlak olanlardan biri Ramcan Sikdar kimi müəyyən edilib, digər iki nəfərin cəsədini isə ailələri xəstəxanadan aparıblar. Hadisədən sonra rayonda gecə saatlarında komendant saatı tətbiq olunub.
Nobel Sülh Mükafatı laureatı və Banqladeşin müvəqqəti lideri Məhəmməd Yunus, sabiq liderin tərəfdarlarının NCP mitinqini pozmaq cəhdini “onların fundamental hüquqlarının rüsvayçı şəkildə pozulması” adlandırıb. Yunusun ofisindən verilən açıqlamada deyilir: “Bu dəhşətli əməl cəzasız qalmayacaq”. NCP koordinatoru Hasnat Abdullah bildirib ki, mitinq iştirakçıları hücuma məruz qaldıqdan sonra polis bölməsində sığınacaq tapıblar. O, AFP-yə açıqlamasında “Biz özümüzü heç də təhlükəsiz hiss etmirik. Onlar bizi diri-diri yandırmaqla hədələdilər” deyib.