BMT Təhlükəsizlik Şurası "Yaxın Şərqdə vəziyyət" başlığı altında
Suriyada baş verən hadisələri müzakirə etmək üçün iclas keçirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenzia çıxışında
İsrailin bu ölkəyə qarşı hücumlarını pisləyərək bildirdi ki, "Bu hücumlar beynəlxalq hüququn, BMT Nizamnaməsinin və 1974-cü il tarixli Qüvvələr Sazişinin aşkar pozulmasıdır." Nebenzia qeyd etdi ki, Rusiya Suriyanın suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. O vurğuladı: "Xarici və ya daxili aktorların, xüsusən də etnik və dini gərginlikləri qızışdırmaq yolu ilə bölgədəki həssas vəziyyətdən öz geosiyasi məqsədləri üçün istifadə etməsinə icazə verə bilmərik."
Çinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsinin müavini Geng Şuanq da İsrailin hücumlarını tənqid edərək dedi: "Bu əməllər beynəlxalq hüququ ciddi şəkildə pozur və ölkənin sülhünə, sabitliyinə və siyasi keçid prosesinə yeni çətinliklər yaradır." Geng, Çinin bu hücumları açıq şəkildə qınadığını vurğuladı və
İsraili hərbi əməliyyatlarını dərhal dayandırmağa, həmçinin
Colan Təpələri də daxil olmaqla,
Suriya ərazilərindən ən qısa zamanda çıxmağa çağırdı.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili Doroti Şi Süveyda şəhərindəki şiddəti qətiyyətlə pislədiklərini bildirdi. O qeyd etdi ki, ABŞ ölkədəki bütün tərəflərlə inteqrasiya və vətəndaşları üçün daha firavan gələcək naminə fəal əməkdaşlıq edir. Şi əlavə etdi: "ABŞ son İsrail hücumlarını dəstəkləməsə də, həm mövcud böhranı həll etmək, həm də iki suveren dövlət arasında daimi razılaşmaya nail olmaq üçün
İsrail və
Suriya ilə ən yüksək səviyyədə diplomatik əlaqələr qurur." Şi bildirdi ki, ABŞ prezidenti Donald Trampın özü və qonşuları ilə sülh içində, sabit bir region vizyonu var. O, ABŞ-ın ölkənin milli birliyini dəstəklədiyini və azlıq elementləri ilə sülhsevər və əhatəli həll yolu tapmaq üçün Türkiyə də daxil olmaqla müttəfiq ölkələrlə işlədiyini vurğuladı.
İsrailin Hücumları Suriyanın Sabitliyini Pozmağı Hədəfləyir
Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusey Aldahhak da "Suriya Ərəb Respublikası beynəlxalq hüququn və BMT nizamnamələrinin, eyni zamanda BMT üzv dövlətinin suverenliyinin pozulması olan bu aşkar İsrail hücumlarını şiddətlə qınayır" deyə bildirdi. Aldahhak əlavə etdi: "Bu dövlətin işğal və hücumlarının ölkənin sabitliyini pozmaq və münaqişəyə sürükləmək məqsədi güdən sistematik siyasətinin davamı olduğunu təsdiq edirik. Bu hücumlar birbaşa Suriya dövlətinin milli yanaşma ilə təhlükəsizlik və sabitliyi təmin etmək, daxili gərginlikləri nəzarətdə saxlamaq səylərinə mane olmaq məqsədi daşıyır."
Aldahhak bildirdi ki, hücumlarının ciddiliyinə baxmayaraq, ölkə ağıllı davranaraq Türkiyənin də daxil olduğu vasitəçilik səylərinə cavab verib və bölgənin açıq münaqişəyə sürüklənməsinin qarşısını almağa çalışır. Aldahhak vurğuladı: "Ölkə xalqı heç bir xarici qüvvənin onları parçalamaq və sabitlik səylərini pozmaq məqsədi güdən bir müharibəyə sürükləsinə icazə verməyəcək. İşğalçı qüvvələrin öz ölkələrinə qarşı təcavüz və beynəlxalq hüquq pozuntuları üçün istifadə etdikləri hər cür bəhanəni rədd edirik."
Süveyda Münaqişələri və İsrailin Hücumları
Suriyanın cənubundakı Süveyda vilayətində 13 iyulda Bədəvi Ərəb qəbilələri ilə Dürzi silahlı qruplaşmalar arasında kiçikmiqyaslı toqquşmalar başladı. Bölgəyə göndərilən təhlükəsizlik qüvvələrinə Dürzi qruplaşmaların hücumları nəticəsində onlarla əsgər həlak oldu. Təhlükəsizlik qüvvələri ilə yerli silahlı Dürzi qruplaşmalar arasında toqquşmaların genişlənməsindən sonra tərəflər arasında atəşkəs əldə edildi.
Atəşkəs qısa müddətdə pozuldu və
İsrail ordusu bu ölkənin təhlükəsizlik qüvvələrini hədəf alaraq hücumlar həyata keçirdi.
İsrail Hərbi Hava Qüvvələri 16 iyulda Prezident iqamətgahını, Baş Qərargahı və Müdafiə Nazirliyini vurdu. Süveyda şəhərində həmin gün hökumətlə yerli qruplaşmalar arasında atəşkəs yenidən təmin edilsə də, döyüş təyyarələri Dəməşq və Dera şəhərlərinə hücumlar etdi. Təhlükəsizlik qüvvələrinin geri çəkildiyi Süveyda şəhərində baş verən toqquşmalarda və
İsrail hücumlarında yüzlərlə insanın həyatını itirdiyi ehtimal edilir.
24 saat