Maraqlı 20.11.2025

Elif Şafak-Mine Kırıkkanat işində hökm çıxarıldı

Elif Şafak-Mine Kırıkkanat işində hökm çıxarıldı

Elif Şafaka qarşı ədəbi oğurluq davasında məhkəmə qərarı açıqlandı

Yazıçı və köşə yazarı Mine Kırıkkanatın 19 noyabr 2021-ci ildə Əqli Mülkiyyət və İncəsənət Əsərləri Qanununun 70/2-3 maddələri çərçivəsində yazıçı Elif Şafaka qarşı açdığı maddi və mənəvi təzminat ədəbi oğurluq davası yekunlaşıb. İstanbul Bölgə Ədliyyə Məhkəməsinin 16-cı Mülki Palatası, Şafakın "Bit Palas" romanında ədəbi oğurluq etdiyini, "ilhamın hüdudlarını aşdığını" və süjet xətti, personajlar, həmçinin quruluşdakı oxşarlıqların ekspert rəyi ilə təsdiq olunduğunu qərarlaşdırıb.

Mine Kırıkkanat özünün X sosial şəbəkəsində etdiyi paylaşımda məhkəmənin maddi və mənəvi təzminata hökm edilməsini yerində hesab etdiyini və qarşı tərəfin apellyasiya müraciətlərini rədd etdiyini açıqlayıb. O, "Əməyin, müəlliflik hüquqlarının qorunmasına töhfə verən bu qərardan məmnunam. Bu nəticəni öz haqlarını müdafiə edən bütün yazıçılar adından da mühüm hesab edirəm" deyib. Kırıkkanat həmçinin, "Əməyin haqqı gec-tez yerini tapır" ifadələrini işlədib.

Ədəbiyyatçılardan Elif Şafaka dəstək

Afşin Kum, Ayfer Tunç, Alper Canıgüz, Başar Başaran, Hakan Bıçakçı və Zülfü Livanelinin də aralarında olduğu çox sayda ədəbiyyatçı Elif Şafaka dəstək bəyanatı yayımlayıb. Bəyanatda qeyd edilib ki, "Yazıçılar arasında bu cür mübahisələr və məhkəmə işləri ədəbiyyatın dəyərləri ilə uzlaşan ciddi və soyuqqanlı yanaşma ilə, beynəlxalq standartlarda etik və müəlliflik hüquqlarına dair hüquqi proseslər əsasında araşdırılmalıdır. Ədəbiyyatla bağlı müzakirələrin ədəbiyyatdan kənar meyarlarla həll edilməsini doğru hesab etmirik".

Doğan Kitabdan sərt reaksiya

T24-ün məlumatına görə, "Doğan Kitab" nəşriyyatı məhkəmə qərarını qəbul etmədiklərini və hüquqi mübarizələrini davam etdirəcəklərini bildirən bir açıqlama yayımlayıb. Açıqlamada Şafakın "mənasız və sürreal bir şəkildə, yüzdə 5 ortaq söz və mövzu istifadə etməkdə ittiham olunduğu" vurğulanıb, bu ədəbi oğurluq ittihamı "gülünc və əsassız" kimi qiymətləndirilib. Nəşriyyat qərara qarşı, "İncəsənət və ədəbiyyat əsərlərinə bu şəkildə yanaşılarsa, bu ölkədə artıq ədəbiyyat yaradıla bilməz" ifadələri ilə etiraz edib.

Mine Kırıkkanat əvvəllər Şafakın "Bit Palas" romanının özünün yazdığı "Sinek Sarayı"ndan ədəbi oğurluq edildiyini iddia etmişdi. Elif Şafak isə ədəbi oğurluq iddiasına "məntiqsiz bir iftira" cavabını vermişdi.

Doğan Kitabın genişmiqyaslı açıqlaması

"Doğan Kitab" nəşriyyatı olaraq iyirmi ildən artıqdır ki, Türk və dünya ədəbiyyatının ən qüvvətli qələm sahiblərindən biri olan Elif Şafakın kitablarını nəşr etməkdən qürur duyuruq. Yazıçımıza qarşı 16-cı Mülki Palata tərəfindən alınan yüzdə 5-lik ədəbi oğurluq qərarını qətiyyən qəbul etmirik və hüquqi mübarizəmizi davam etdirəcəyimizi bütün ictimaiyyətə bəyan edirik. Yazıçımız mənasız və sürreal bir şəkildə, yüzdə 5 ortaq söz və mövzu istifadə etməkdə ittiham olunur. Bu gülünc və əsassız ittiham yalnız yazıçımızı deyil, bütün ədəbiyyat və sənət camiəsini hədəf alır. Sənət və ədəbiyyat əsərlərinə bu şəkildə yanaşılarsa, bu ölkədə artıq ədəbiyyat yaradıla bilməz.

Türk və dünya ədəbiyyatının ən seçkin və sevilən yazıçılarından biri olan Elif Şafaka qarşı Mine Kırıkkanatın illərdir davam etdirdiyi haqsız ittihamlar və şəxsi hücumlar bütün ədəbiyyat dünyamıza məlumdur. Kırıkkanatın iddialarının ədəbiyyat baxımından mənasızlığı, Elif Şafakın kitabının orijinal və güclü bir roman olduğu, Türk ədəbiyyatının hörmətli yazıçıları, tərcüməçiləri, akademiklər və tənqidçiləri tərəfindən yazılan müxtəlif güclü hesabatlarla ictimaiyyətə və məhkəməyə təqdim edilmişdi. İstəyən hər kəs bunları oxuya bilər.

Bundan əlavə, Türkiyənin önəmli universitetlərində çalışan, müəlliflik hüquqları sahəsində ixtisaslaşmış hüquqşünasların verdiyi rəylər də iddia ərizəsində yer almışdı. Ölkənin yüz əlliyə yaxın hörmətli ədəbiyyatçısı bir araya gələrək ortaq bir açıqlama ilə Elif Şafaka dəstəklərini və bu vəziyyətin ədəbiyyatı necə zədələdiyini, habelə bunun ədəbiyyatdan çıxıb bir linç kampaniyasına çevrildiyini bəyan etmişdilər. Bütün bunlara baxmayaraq, İstanbul Anadolu 1-ci Fikri və Sənaye Hüquqları Mülki Məhkəməsi etirazımızı ətraflı oxumadan, hətta əsaslandırma göstərmədən rədd etdi.

Yeganə dayağı mütəxəssisliyi son dərəcə mübahisəli olan tək bir "ekspertin" verdiyi yüzdə 5-lik rəy olan bu qərarın Ali Məhkəmədən qayıdacağına və ədalətin yerini tapacağına inanırıq. Sözügedən "ekspert" rəyində, iki roman arasında nə tək bir səhifə, nə tək bir paraqraf, nə də tək bir cümlə oxşarlığı olmadığı açıq şəkildə etiraf edildiyi halda, nə qəribədir ki, sözlər arasında oxşarlıq axtarılır. Bunlar "küçə", "siqaret", "mənzil", "memarlıq", "İstanbul", "zibil", "pişik", "balkon" və "siqaret" kimi hər kəsin və hər yazarın onsuz da istifadə etdiyi mövzular və sözlərdir. Sözlər bir millətə aiddir. Heç kimin təkəlində deyil. Dolayısı ilə "zibil" və ya "pişik" kimi sözlər Mine Kırıkkanatın müəlliflik hüquqlarında ola bilməz. Belə qorxunc və absurd bir zihniyyətlə ədəbiyyata yanaşılsa, sabah hər kəs hər kəsə ədəbi oğurluq davası aça bilər və bütün bir ədəbiyyat və sənət camiəsi əsər yarada bilməz hala gəlir.

Təəssüf ki, 16-cı Mülki Palata faylı ətraflı araşdırmaq və təqdim olunan mütəxəssis rəylərini oxumaq əvəzinə, şübhəli ekspertin ifadələrini olduğu kimi kopyalamışdır. Bu, təəssüf ki, son dövrlərdə Türkiyədə getdikcə artan ədalətsizlik və qanunsuzluq qavrayışına xidmət edən bir vəziyyət yaradır.

Biz bu əsassız qərara qarşı yazıçımızın haqqını müdafiə etməyə davam edəcəyimizi, ağıllara sığmayan bu ədəbi oğurluq işini Ali Məhkəməyə qədər aparacağımızı, ədalət yerini tapana qədər hüquqi yolla sonuna qədər mübarizə aparacağımızı hər kəsin bilməsini istəyirik.

Bizlər bütün həyatını kitablara, ədəbiyyat və sənətə həsr etmiş insanlarıq. Elif Şafak Türk və dünya ədəbiyyatının ən dəyərli qələm sahiblərindən biridir. Heç kimin şəxsi maraqları üçün ona və nəşr etməkdən qürur duyduğumuz əsərlərinə zərər verməsinə icazə verməyəcəyik.

İctimaiyyətə bəyan edilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz