Təcridxananın həyətində, dəhlizlərində sarı jiletli kişi məhbusları tez-tez görmək olur. Bəziləri torpağı belləyir, bəziləri arabalarla gələn sovqatları, malları daşıyır və digər işləri görür. Onlar həbsxana jarqonunda “xoz” adlanan təsərrüfat işçiləridir. Yəni, məhkum işçilər.
Bakı İstintaq Təcridxanasında (BİT) 200-ə yaxın məhkum işçi var. Barələrindəki hökm qüvvəyə minmiş, artıq məhkum sayılan şəxslər öz razılıqları ilə razılıqları ilə təsərrüfat və məişət xidməti işi üçun istintaq təcridxanalarında və ya digər müəssisələrdə saxlanıla bilərlər. Bu halda təcridxanalar həmin məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.
Təsərrüfat işçilərinin arasında santexnik, elektrik, dərzi, televizor ustası, təmirçi və digər işləri görənlər var. Bunlardan əlavə, rejim korpuslarında hər mərtəbəyə də məhkum işçilər ayrılıb. Onlar yeməkləri soyuducuya aparıb gətirir, korpusun təmizlik işlərinə baxır, mağaza sifarişlərini qeyd edir, dustaqlara həmin sifarişləri, eyni zamanda çörək, “balanda” adlanan təcridxana yeməyini paylayır, müəyyən edilmiş saatlarda kameralara bıçaqları verir, geri yığırlar va başqa işləri yerinə yetirirlər.
Bəs təcridxanada təsərrüfat işçilərinin huquqları təmin edilirmi?
Kişi “xoz”lar təcridxananın ayrıca korpusunda saxlanılırlar. Artıq məhkum sayıldıqları üçün cəzaçəkmə müəssisələrində olduğu kimi qaldıqları kameraların qapısı açıq olur, kilidlənmir. Beləcə, işdən sonra istədikləri vaxt dəhlizdə gəzişə bilirlər. Qadın məhkum işçilər üçün isə mənzərə fərqlidir. Həbs edilmiş, hələ məhkum hesab edilməyən qadınlara təcridxananın rejim sahəsində təkcə bir mərtəbə ayrılıb. Qadın “xoz” məhkumluq statusu olsa da, digər hələ məhkum sayılmayan qadınlar kimi qapısı kilidli kameralarda saxlanılır. Yəni, onların saxlanma şərtləri təcridxananınkına uyğunlaşdırılır, kişilərdə olduğu kimi cəzaçəkmə müəssisələrininkinə yox.
Cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində yazılıb:
“Təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında saxlanılan məhkumlar, ümumi rejimli cəzaçəkmə müəssisələri üçün bu Məcəllədə nəzərdə tutulan şərtlərlə başqa şəxslərdən təcrid olunmaqla saxlanılırlar. Bu məhkumlar bağlı bina və ya otaqlarda işlədikləri hallarda gündə 2 saat müddətinə gəzinti hüququna malikdirlər”.
Təsərrüfat işçisi olan qadınların isə işi elə saxlanıldıqları mərtəbədə olduğu üçün korpusu tərk etmirlər. Səhər 07:00-08:00-dan axşam 19:00-20:00-a qədər iş başında olurlar. Kameraların gəzinti yerlərinin qapısı hər axşam 17:00-18:00 arası bağlanır deyə qadın məhkum işçilər açıq havadan məhrum qalırlar. Onların gəzintisi isə işlərini görmək üçün təcridxananın qapalı dəhlizində o baş-bu başa hərəkət etmələri olur.
Müəyyən müddətə azadlıqdan məhrum edilmiş məhkumların həftədə 2 dəfə telefon danışığı və ya onun əvəzinə videogörüş keçirmək hüququ var. Təcridxana ərazisində videozəng üçün yer ayrılsa da, məlum olur ki, məhkum işçilərin heç də hamısı bu hüququndan məlumatlı deyil. Belə hüququnun olduğunu öyrənəndə isə ondan istifadə edə bilmirlər, təcridxana rəsmilərinin “mümkün deyil” cavabı ilə qarşılaşırlar.
Eyni zamanda məhkum sayılan şəxslərin yaxın qohumları ilə ildə müəyyən sayda uzun müddətli görüş hüququ var. Belə görüşlər 1 gündən 3 günədək müddətdə ola bilər. Təcridxananın açıq görüş üçün nəzərdə tutulan bəzi otaqlarında uzun müddətli görüş üçün də yer ayrılıb. Amma təsərrüfat işçisi olan qadın məhkumlara bu hüquqları da əlçatmazdır. Daha əvvəl bir ilə yaxın “xoz” işləyən qadınlardan biri bu müddət ərzində təkcə bir dəfə yarımçıq da olsa, bu hüququndan istifadə edə bilib. O, təkcə 17:00-dan növbəti gün 08:00-a qədər uşaqları ilə görüşə bilmişdi.
Qanuna əsasən, məhkum işçilərə istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində işdən azad edilirlər. Təcridxananın məhkum işçiləri isə bu hüquqlarından da istifadə edə bilmir. Onlar üçün qeyri-iş günü, həftə sonu deyə anlayışlar yaddır. Bəxtləri gətirsə, bayramlarda onları müşayiət edən əməkdaş işə gəlməyəndə məhkum işçilər də istirahət edə bilir.
Mərtəbələr üzrə işləyən məhkumlar isə, demək olar, ümumiyyətlə istirahətsiz işləyirlər. Ancaq görüşdə, qəbulda və s. olanda qısa müddətə iş başında olmurlar.
Qadın korpusunda işçi kimi qeydiyyata alınmış sadəcə bir məhkum var. Yəni, korpusdakı 150-yə yaxın qadına bir “xoz” baxır. O da istirahət günü olmadan, fasiləsiz, hər gün təxminən 12 saat işləyir. Belə iş şəraiti onun səhhətinə də mənfi təsir edir. Günə nisbətən yaxşı əhvalla başlayan məhkum işçi iş gününün sonuna doğru artıq əldən düşmüş olur. İş yükü o qədər çoxdur ki, 12 saatlıq işdən sonra nəzarətçi onu kamerasına salanda digər dustaqlar hələ də adını çağırırlar.
İş saatları bitib kameralarının dəmir qapıları arxalarınca bağlanandan sonra da məhkum işçilərin digər qayğıları başlayır. Yorğun iş rejiminin sonunda su qızdırıb çimmək, səs-küylü otaqda yatmağa çalışmaq lazımdır.
Qadın korpusunda təsdiq edilmiş təsərrüfat işçilərindən başqa, pulsuz işlədilən əlavə qadın dustaqlar da olur. Onlar hələ hökm almayan, həbs edilmiş qadınların arasından seçilir. Bu işçilər adətən dəhlizdə döşəməni silir, tozları alır və iş dairələrinə aid olmasa da, nəzarətçilər üçün yemək bişirir, süfrə hazırlayır, yığışdırır, onlara çay, qəhvə verir. Həmin dustaqların qanunsuz işlədildiyini, əməklərinin istismar edildiyini həm də ondan bilmək olur ki, korpusa Ombudsman nümayəndələri baş çəkəndə əməkdaşlar həmin qadınları mətbəxdə gizlədir.
Bəs təsərrüfat işləri ilə məşğul olan məhkumlar təcridxanada təhlükəsiz iş şəraiti ilə təmin edilirmi?
Əlindəki cihazı televizora birləşdirməyə çalışan məhkum işçi ona köməyini təklif edən qadına deyir ki, əl vurmasın, cərəyan keçirə bilər. Bunu deyəndə o, həmin cihazı yalın əllə, qoruyucu əlcək olmadan quraşdırmağa çalışırdı. Elektrik sahəsində işləyən məhkumlar da qoruyucu vasitə ilə təmin edilmədən, yalın əllə işləyirlər. Niyə belə işlədiklərini soruşub, iş şəraitlərinin təhlükəliliyi haqqında bildirəndə isə onlara nəzarət edən əməkdaşlar ya susqunlarını qoruyur, ya da zarafatla işçilərin buna öyrəncəli olduğunu deyirlər.
Məhkum işçilərin təhlükəli iş şəraitində çalışdıqlarını tez-tez görmək olur. Kameranın qapısında ilişib qırılan açarı götürmək üçün qapıda laqonda ilə dəlik açan məhkum işçilərin nə üzlərində qoruyucu şüşə var idi, nə də əllərində əlcək.
Həşəratlara görə otaqların dərmanlanmasında da təsərrüfat işçilərinin əməyindən istifadə olunur. Gah sərinkeş düzəltmək, gah pəncərə şüşələrini çıxarmaq üçün gətirilən santexniki bu dəfə əlində tarakan öldürən dərman cihazı ilə görürük. Dərman səpərkən onun əynində öz gündəlik geyimi var idi, xüsusi qoruyucu geyim ilə təmin edilməmişdi. Bu səbəbdən də “Gəlmişəm tarakan öldürməyə, özüm birtəhər oldum” deyən məhkum işçinin halı pisləşmişdi.
Təsərrüfat işçilərinin arasında “ölü canlar” da var. Kişi korpuslarındakı imkanlı dustaqlar təcridxanada qalmaq, “zon”a getməmək üçün adlarını “xoz”a yazdırırlar, lakin işləmirlər. Maaş kartlarını isə təcridxana işçilərinə verirlər. Həmin şəxslərin yerinə pulsuz işləməyə başqa dustaq tapılır.
Təcridxana əməkdaşlarının təsərrüfat işçisi olan məhkumların üzərindən qazanc əldə etmələri bununla bitmir. Əksər məhkumlara işçi kimi təcridxanada qalıb işləmək pulsuz deyil. Daha əvvəl “xoz” işləyən qadınlardan biri bunun ona 2000 (iki min) manata başa gəldiyini deyirdi. Kişi korpusunda bu hal daha yayğındır.
Təsərrüfat işçisi olmaq üçün əvvəldən ödəniş etməyənlərin də əli cibində olmalıdır. Onlar mağaza satışından və digər gəlirlərdən təcridxananın rütbəli şəxslərinə aylıq “haqq” verməli olurlar. Aylıq “haq”ları çatmayanda əməkdaşlar həmin “xoz”un ən xırda səhvini belə rəhbərliyə məruzə edirlər, onu işdən azad edib cəzaçəkmə müəssisələrinə göndərirlər.
Təsərrüfat işçisi kimi qeydiyyata alınmadan pulsuz işlədilən xeyli dustaq var. Qeydiyyata alınmış məhkum işçilər isə hansı işi gördüklərindən, iş saatlarından asılı olmayaraq eyni məbləğdə maaş alırlar – minimum əmək haqqı sayılan 400 (dörd yüz) manat. Vergi, sığorta ödənişlərindən sonra bu məbləğdən 50 manat əskilir.
Aldıqları maaşdan tutulan məcburi ödənişlərdən sonra onlara çatan 350 manatla gördükləri işin, iş saatlarının tərs mütənasibliyi isə heç kimi qayğılandırmır.
Onlar həbsdə belə azad hərəkət etmək, ehtiyac içində buraxdıqları ailələrinə pul göndərmək üçün işləməyi seçirlər. Amma təcridxana rəhbərliyi onların bu ehtiyaclarını əməklərini istismar etməklə ödəyir.
Elnarə Qasımova
Bakı İstintaq Təcridxanası
Oxucu Şərhləri
Üstəlik, məqalədə qadın məhkum işçilərin saxlanma şəraitinin kişilərdən fərqli olması, onların da kameralarda saxlanılması məsələsi qaldırılır. Bu, bərabərlik prinsipinə nə qədər uyğundur? Bir tərəfdən, onlar "işçi" kimi qeydiyyata alınır, digər tərəfdən isə "təqsirkar" kimi saxlanılırlar. Bu iki mövqe arasında bir ziddiyyət yoxdurmu? Məncə, bu məsələlər daha dərin araşdırma və müzakirə tələb edir.
Şərh Yaz