Keçmiş Müdafiə Naziri Müavini Fuad Məmmədovun Milyonluq Yeyinti İşində Hökm Çıxarıldı
Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olmuş mərhum
general Fuad Məmmədov 15 milyon manata yaxın yeyintidə təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsi sentyabrın 17-də çıxardığı hökmlə onun ailə üzvlərinə məxsus əmlakların müsadirəsinə qərar verib. Bu barədə 24 saat nəşri məlumat yayıb.
Məhkəmə Prosesi və İttihamlar
İki ilə yaxın davam edən məhkəmə istintaqları mərhum
general Fuad Məmmədov və onunla birgə ittiham olunan şirkət əməkdaşları Fuad Şeydabəyov və Azər Xəlilovla bağlı idi. Onlar F. Məmmədovun nazir müavini işlədiyi dövrdə tenderlərdə qiymətlərin süni şəkildə artırılmasında, sənədlərin saxtalaşdırılmasında və digər yollarla 10 milyondan artıq büdcə vəsaitinin mənimsənilməsində təqsirləndiriliblər. Fikrət Əliyevin sədrliyi ilə keçirilən hakimlər kollegiyasının qərarı ilə Azər Xəlilova 11 il, Fuad Şeydabəyova isə 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib. Sabiq nazir müavini F. Məmmədov təqsirli bilinsə də, 2020-ci ildə vəfat etdiyinə görə haqqındakı cinayət işinə bəraətverici səbəblər olmadan xitam verilib. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirli sayılıblar. Məhkəmədə çıxış edən A. Xəlilov və F. Şeydabəyov özlərini təqsirli bilmədiklərini və ittihamlarla razılaşmadıqlarını bildiriblər.
Hüquqi Varisin Mövqeyi və Əmlak Müsadirəsi
F. Məmmədovun hüquqi varisi qismində məhkəməyə qatılan oğlu da atasının ünvanına irəli sürülən ittihamları rədd edərək, onun təqsirsiz olduğunu vurğulayıb və atasıyla bağlı cinayət işinə xitam verilməsini tələb edib. Lakin
Bakı Hərbi Məhkəməsi hökmdə fərqli nəticəyə gəlib. İstintaq dövründə sabiq nazir müavininin yaxınlarına məxsus Mərdəkanda bağ evi, torpaq sahəsi və digər daşınmaz əmlak, eləcə də avtomobillər üzərinə həbs qoyulmuşdu. Məhkəmə hökmündə həmin əmlakların müsadirə olunması qərara alınıb. Qeyd edək ki, 2020-ci ildə vəfat edən F. Məmmədov 2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Onun karyerası haqqında ətraflı məlumatı
general haqqında məqalədə tapmaq mümkündür.
Əvvəlki İfadələr Və Digər İddialar
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı digər məhkəmə proseslərindən birində təqsirləndirilən şəxslərdən nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov öz ifadəsində
Fuad Məmmədovun adını qeyd edərək bildirmişdi: "Beş il ərzində şirkətlər ümumilikdə təxminən 20 milyon manatı nağdlaşdırıb, hissə-hissə gətirib mənə veriblər. Mən də onları Baş Qərargah rəisinə təqdim etmişəm. Həmin puldan rəhbərliyin tapşırığı ilə 1 milyon 200 min manat maddi-texniki təminat üzrə nazir müavini
Fuad Məmmədova verilmişəm, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova. Ümumilikdə 20 milyon manatdan mənə 400 min manat pul ayrılıb. O da idarənin xərcləri və şəxsi ehtiyaclarımız üçün istifadə edilib...".
24 saat
Oxucu Şərhləri
Şərh Yaz