ABŞ səfirinin Lübnan ziyarəti etirazlar səbəbindən ləğv edildi
Lübnanın rəsmi xəbər agentliyi Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsini də icra edən Tom Barrackın Çərşənbə günü (bu gün) planlaşdırılan Lübnan ziyarəti ölkədəki etiraz çağırışları səbəbilə ləğv edilib.
Xəbərdə bildirilir ki, Barrackın helikopterlə Maronitlərə məxsus Fransua əl-Hac kazarmasına enməsi gözlənilirdi. ABŞ səfirinin gəlişi üçün Lübnan ordusuna bağlı qüvvələr yerləşdirilmiş, Xəyyam şəhərinin şimal girişində təhlükəsizlik tədbirləri görülmüşdü. Lakin ziyarətə qarşı edilən etiraz çağırışları proqramın yarımçıq qalmasına səbəb olub.
İsrail hücumu etirazlara yol açdı
Lübnan agentliyinin verdiyi məlumata görə, etiraz çağırışları İsrail hücumunun ardınca yaranıb. Belə ki, Çərşənbə günü səhər saatlarında İsrail qüvvələri Cənubi Lübnanın sərhəd qəsəbəsi Kfarkela-da hücum həyata keçirmiş və nəticədə partlayış baş vermişdi.
Agentlik bildirir ki, Xəyyamda bəzi sakinlər qəsəbənin girişində etiraz aksiyası keçiriblər. Onlar müharibədə həlak olan "müqavimət döyüşçülərinin" fotolarını daşıyaraq diplomatın ziyarətinə kəskin etiraz ediblər.
Nümayişçilərin ABŞ-ın İsrailpərəst siyasətini və İsrailin Lübnana qarşı hücumlarına verdiyi dəstəyi pislədiyi qeyd olunur.
Mətbuata qarşı kobud davranış
Çərşənbə axşamı isə yüksək səviyyəli diplomat prezident sarayında keçirilən mətbuat konfransında lübnanlı jurnalistlərə "heyvanca davranmayın" sözlərinə görə tənqid olunmuşdu.
Vaşinqtonun Suriya üzrə xüsusi nümayəndəsi və eyni zamanda ABŞ səfiri Tom Barrack prezident Cozef Aounla görüşündən sonra aşağıdakı ifadələri səsləndirmişdi:
“Bir anlıq sakit olun... Bu iş xaotik və heyvancasına bir vəziyyətə düşdüyü an, biz gedərik. Nə baş verdiyini öyrənmək istəyirsinizmi? O zaman mədəni, nəzakətli və tolerant olun. Çünki bölgədə baş verənlərin əsas problemi budur.”
Oxucu Şərhləri
Şərh Yaz