Qəzzada “insani yardım şəhəri” adı altında sürgün planı: İsrail yeni qətliam peşindədir
İsrail mətbuatında yayılan xəbərlərə görə, "insani yardım şəhəri" adı ilə fəaliyyət göstərəcək düşərgənin Qəzza zolağının cənubundakı Rafah şəhərinin xarabalıqları üzərində qurulması planlaşdırılır. Qəzzada 2023-cü il oktyabrın 7-dən bəri soyqırım törədən İsrailin bu düşərgə vasitəsilə fələstinlilərin daxil ola biləcəyi, lakin çıxışın qadağan edildiyi bir ərazidə əhalini köçürərək regionu boşaltmaq istədiyi vurğulanır.
Yardım karvanlarına maneələr
İsrail 2 mart tarixindən etibarən Qəzza zolağına giriş təmin edən bütün quru sərhəd keçidlərini bağlı saxlayır. Yüzlərlə yardım yük maşınının Qəzzaya keçidi əngəllənərkən, yalnız məhdud sayda nəqliyyat vasitəsinin Kərəm Əbu Səlim Sərhəd Keçidindən keçməsinə icazə verilir.
Bütün fələstinliləri toplamaq niyyəti
İsrailin müdafiə naziri Yisrael Kats iyulun 7-də bildirib ki, atəşkəs əldə olunsa belə, Qəzza zolağının cənubunu nəzarəti altında saxlamaq istəyir. O, Rafahda fələstinlilərin başqa ölkələrə sürgün edilməsi məqsədilə sözdə "insani yardım şəhəri" qurulması üçün göstəriş verdiyini açıqlayıb. Katsın sözlərinə görə, bu sözdə şəhərə daxil olan fələstinlilər çıxış edə bilməyəcəklər və düşərgə Filadelfiya və Moraq dəhlizləri ilə təcrid olunmuş Rafahda yaradılacaq.
Fələstinlilərin "insani yardım şəhərinə" yoxlamadan keçərək daxil ola biləcəyini və ilkin mərhələdə 600 min fələstinlinin qəbul edilməsini hədəflədiklərini bildirən Kats, Qəzzadakı bütün fələstinliləri "beynəlxalq təşkilatların idarə etdiyi və İsrail ordusunun təhlükəsizliyini təmin etdiyi" bu bölgəyə gətirməyi planlaşdırdıqlarına işarə edib. O, bu düşərgədə 4 əlavə "insani yardım mərkəzi" qurulacağını iddia edərək, Həmas ilə atəşkəs razılaşması əldə olunsa belə, İsrailin Moraq Dəhlizini əlində saxlayacağını irəli sürüb.
"Fələstinlilər üçün həbsxana"
İsrailin Kanal 12 televiziyasında yer alan xəbərdə, layihənin "fələstinlilər üçün həbsxana" kimi təsvir edildiyi qeyd olunub. Katsın açıqlamalarına istinad edən kanal, İsrailin Həmas ilə 60 günlük atəşkəs dövründə "insani yardım şəhərini" inşa edə biləcəyini vurğulayıb. Müdafiə Nazirliyinin baş direktoru və keçmiş Baş Qərargah rəisinin müavini Amir Baramın plana rəhbərlik etdiyi və onu dəstəklədiyi qeyd edilib. Kanal, "İsrail ordusu tərəfindən infrastrukturunun inşa ediləcəyi, böyük bir düşərgə və quruluş kompleksini əhatə edəcəyi, Qəzzaya gələn yardımın bölgədə cəmləşdiriləcəyi" barədə məlumat verib.
"İnsanlıqla əlaqəsi yoxdur"
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) Xarici Əlaqələr Direktoru Tamara Əlrifai mətbuata açıqlamasında, İsrailin sözügedən layihəsinə "insani yardım şəhəri" adını verməsinin "insanlıq prinsipinə təhqir" olduğunu bildirib. Əlrifai, "Bunun heç bir insani tərəfi yoxdur, bu (sözdə) şəhər insanlıqla heç bir şəkildə uyğun gəlmir" ifadələrini işlədib.
Qəzzanın İsrail soyqırımı öncəsi "dünyanın ən böyük həbsxanası" adlandırıldığını xatırladan Əlrifai, planın "Misir sərhədində fələstinlilər üçün nəhəng, həddindən artıq izdihamlı düşərgələrin qurulmasına yol açacağı" barədə xəbərdarlıq edib. UNRWA-nın baş komissarı Filipp Lazzarini isə "insani yardım şəhəri" adı altında "Qəzzadakı fələstinlilərin Rafaha doğru yenidən və böyük miqyaslı şəkildə məcburi köçürülməsinin planlaşdırıldığını" ifadə edib. Lazzarini, layihə haqqında "Bu, eyni zamanda fələstinliləri ana vətənlərində daha yaxşı bir gələcək ümidindən məhrum edəcək. Bu qədər böyük miqyaslı məcburi köçürülməyə səssiz qalaraq cinayət ortağı ola bilmərik" deyərək etirazını bildirib.
Əvvəlki hadisələr
Qəzzada 27 maydan bəri İsrail-ABŞ yönümlü "Qəzza İnsani Yardım Vəqfi" tərəfindən insani yardım adı altında qurulan paylama bölgələrində fələstinlilərin hədəf alındığı sistematik hücumlar nəticəsində 809 fələstinli həyatını itirib, 5 min 249 nəfər yaralanıb.