İsrailin Kanal 12 televiziyasının məlumatına görə, təhlükəsizlik kabineti Qəzzaya qarşı hücumları əsirlərin həyatını riskə atmaq bahasına belə artırmaq variantını müzakirə edəcək.
Fikir ayrılığı yaşanır
Təhlükəsizlik kabineti daxilində hücumların davam etdirilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Strategiya Məsələləri naziri Ron Dermer, Maliyyə naziri Bezalel Smotrich, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş nazir Binyamin Netanyahunun hərbi müşaviri General-mayor Roman Qofman və Kabinet Katibi Yossi Fuksun hücumların genişləndirilməsinin tərəfdarı olduğu bildirilir.
Danışıqlar dalana dirənib
Digər tərəfdən, atəşkəs və əsir mübadiləsi razılaşmasının əldə olunmasını müdafiə edənlər arasında Baş Qərargah rəisi Eyal Zamir, Xarici İşlər naziri Gidon Saar, hökumətdən çəkilən Şas Partiyasının lideri Arye Deri, Milli Təhlükəsizlik müşaviri Tzaxi Hanegbi, Mossad rəhbəri David Barnea, İsrail ordusunun əsirlər və itkinlərdən məsul komandiri Nitzan Alon və danışıqlar heyətindən Şin-Bet rəsmiləri var. Baş nazir Netanyahu və Müdafiə naziri Yisrael Katzın hücumların genişləndirilməsi və ya danışıqların davam etdirilməsi ilə bağlı hələ dəqiq mövqe tutmadığı iddia edilir. Kanal 13 televiziyası isə Baş Qərargah rəisi Zamirin hücumların əsirlərin həyatını təhlükəyə ata biləcəyi ilə bağlı narahatlıqlarını yaxın çevrəsi ilə bölüşdüyünü bildirib. Zamirin siyasi orqandan açıq təlimatlar almadan bu cür hücumlara icazə verməyəcəyi vurğulanıb.
Qəzzada hücumları intensivləşdirmək istəyi
"Haaretz" qəzeti İsrail ordusunun humanitar fəlakətə sürüklədiyi Qəzza zolağına qarşı hücumları genişləndirmək istiqamətində hazırlıqların getdiyini iddia edib. Baş Qərargah rəisi Eyal Zamirin hazırlanan "mərhələli hücum planını" bu gecə təsdiqləyəcəyi gözlənilir. Bildirilir ki, yeni hücum planı çərçivəsində dəfələrlə didərgin düşmüş fələstinlilərin sığındığı qaçqın düşərgələri də daxil olmaqla, "həssas bölgələr" quru hücumları ilə hədəf alınacaq. Xəbərdə İsrail ordusunun indiyədək əsirlərin mövcudluğu səbəbindən həmin ərazilərə quru hücumları təşkil etməkdən çəkindiyi iddia edilir, həmçinin planın hökumətə təqdim olunacağı vurğulanır. Yüksək rütbəli İsrail rəsmisi isə "Haaretz"ə verdiyi açıqlamada, "Həmasın razılaşmaya maraq göstərmədiyi barədə (ABŞ ilə) ortaq bir anlayışın olduğunu)" iddia edərək, Baş nazir Netanyahunun İsrailli əsirlərin hücumlar vasitəsilə azad edilməsini təmin etməyi hədəflədiyini irəli sürüb. Digər tərəfdən, İsraildə yayımlanan Kanal 13 televiziyası Baş Qərargah rəisi Zamirin yaxın çevrəsi ilə Qəzzadakı hücumların genişləndirilməsinin əsirlərin həyatını təhlükəyə ata biləcəyini bölüşdüyünü bildirib. Qeyd edilib ki, Zamir siyasi rəhbərlikdən dəqiq əmrlər almadan əsirlərin həyatını təhlükəyə ata biləcək hücumlara icazə verməyəcək.
Qəzzada humanitar böhran dərinləşir
İsrailin 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları nəticəsində Qəzzadakı dağıntılar və insan tələfatı hər keçən gün artır. İsrailin sıx bombardmanı blokadanı daha da sərtləşdirərək mülki əhalinin qida, su və dərman kimi əsas ehtiyaclara çıxışını demək olar ki, qeyri-mümkün edib. Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq hüquq qurumlarının xəbərdarlıqlarına baxmayaraq, İsrailin dayanmayan hücumları səbəbindən Qəzzada əksəriyyəti uşaq və qadın olmaqla ən azı 60 min 839 fələstinli həyatını itirib, 149 min 588 nəfər isə yaralanıb.
Atəşkəs danışıqları dalana dirənib
Həmas, iyulun 24-də İsrail ilə əsir mübadiləsi və Qəzzada atəşkəs üçün vasitəçilərin təqdim etdiyi layihəyə cavabını bildirdiyini açıqlamışdı. İsrail Baş Nazirliyinin ofisi yazılı açıqlamasında Həmasın cavabının vasitəçilər vasitəsilə Tel-Əvivə çatdığını və qiymətləndirildiyini bildirmişdi. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof isə "Həmasın atəşkəsə maraq göstərmədiyini" iddia edərək, Qətərin paytaxtı Dohada atəşkəs danışıqlarını aparan qrupunu "məsləhətləşmələr məqsədilə" geri çağırdıqlarını qeyd etmişdi. Misir və Qətər iyulun 25-də verdikləri açıqlamada Qəzza zolağındakı danışıqların məsləhətləşmələr məqsədilə dayandırılmasının normal bir vəziyyət olduğunu bildirmişdilər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz