İrqçi təzyiqlər və psixoloji gərginlik
İngiltərənin müdafiəçisi Cess Karterin sözlərinə görə, “Qadınlar arasında Avro 2025” turnirinin dörddəbir finalında İsveçə qarşı keçirilən oyunda, komandadan qeyri-qaradərili futbolçular
penalti zərbələrini qaçıranda o, sanki rahat bir nəfəs alıb. Karterin narahatlığı ondan qaynaqlanırdı ki, əgər hücumçu Loren Ceyms penaltini vura bilməyən yeganə futbolçu olsaydı, o, misilsiz
irqçilik təzyiqlərinə məruz qala bilərdi.
Zürihdə baş tutan gərgin qarşılaşmada İngiltərə iki qolluq fərqi aradan qaldıraraq matçı
penalti seriyasına daşıyıb. Ümumilikdə 14 zərbənin endirildiyi dramatik seriyada İngiltərə sonda 3-2 hesabı ilə zəfər qazanıb. İsveç yığmasının qapıçısı Cennifer Falk İngiltərənin dörd penalti zərbəsini, o cümlədən Ceymsin ikinci cəhdini dəf etməyi bacarıb. İngiltərə heyətindən ağdərili futbolçular Bet Mid, Aleks Qinqfud və Qreys Klinton da öz penaltilərini dəqiq yerinə yetirə bilməyiblər.
Bazar ertəsi Böyük Britaniyanın ITN telekanalına açıqlamasında Karter vəziyyəti bu sözlərlə izah edib: “Deyilməsi dəhşətli səslənir, lakin qeyri-qaradərili futbolçular penalti qaçıranda sanki bir rahatlıq nəfəsi alırsan. Çünki əgər Ceyms (LJ) yeganə penalti qaçıran futbolçu olsaydı, ona qarşı yönələcək irqçilik təzyiqləri misilsiz olardı”. O əlavə edib: “Bu, onların uğursuzluğa düçar olmasını istədiyimizdən deyil. Sadəcə, biz – İngiltərənin qaradərili futbolçuları – penalti qaçırdığımızda vəziyyətin bizim üçün necə olacağını bilirik”.
Onlayn nifrət və meydan qorxusu
Cess Karter iyul ayında etiraf edib ki, İsveçrədə başlayan Avro 2025 turniri müddətində onlayn
irqçilik təhqirlərinə məruz qalıb və bu səbəbdən turnirin sonunadək sosial media platformalarından uzaqlaşdığını bildirib. 27 yaşlı futbolçu üzləşdiyi təzyiqlərin ona necə təsir etdiyini belə açıqlayıb: “Bu cür təhqirlər insanı həqiqətən də kiçik hiss etdirir. Özünü əhəmiyyətsiz və dəyərsiz hiss edirsən”.
O, həmçinin əlavə edib ki, bu vəziyyət hər etdiyi hərəkəti iki dəfə düşünməyə məcbur edir və xoşagəlməz bir vəziyyətdir. Karterin sözlərinə görə, bu, onu yenidən meydana qayıdarkən özünə inamlı hiss etdirmir: “Ailəm də buna görə çox sarsıldı və kədərləndi”.
Finalda yaşanan həyəcan və gözləntilər
İrqçiliyə qarşı mübarizə simvolu olaraq matçlardan əvvəl ənənəvi olaraq diz çökən İngiltərə komandası, Karterin üzləşdiyi təzyiqlərlə bağlı açıqlamalarından sonra İtaliyaya qarşı yarımfinal görüşündən əvvəl bu jestdən imtina edib.
Cess Karter həmçinin etiraf edib ki, İngiltərənin baş məşqçisi Sarina Viqman ona İspaniyaya qarşı finalda oynayacağını bildirdikdə qorxu hissi keçirib. Qeyd edək ki, sözügedən final görüşü 1-1 hesabı ilə yekunlaşdıqdan sonra penalti seriyasında İngiltərə 3-1 hesabı ilə qələbə qazanmışdı. “Bu, həyatımda ilk dəfə idi ki, bu qədər qorxurdum – oynamağa belə qorxurdum”, – Karter deyib. O əlavə edib: “Düşünürəm ki, bu, həm belə böyük bir oyunun təzyiqi, həm də üzərimə gələ biləcək hər hansı təhqirdən qorxmaqdan qaynaqlanırdı – istər futbolla bağlı, istərsə də səhv etdiyim üçün qarşılaşacağım
irqçilik təzyiqlər”.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz