Dünya 10.07.2025

Müharibədə ilk: Ukrayna 'balıq toru' ilə Rus dronlarını ovlayır

Müharibədə ilk: Ukrayna 'balıq toru' ilə Rus dronlarını ovlayır
Ukraynanın şərq cəbhəsində, qaynar təmas xətlərinə aparan yolların üzərində indi təkcə toz buludları deyil, həm də yuxarıdan sallanan sıx torlar görünür. Bunlar adi balıq torlarına bənzəsə də, hədəfləri artıq dənizdən deyil, göydən gəlir: Rusiya dronları.

ƏN EFFEKTİV HƏLL

Yollara, nəzarət məntəqələrinə və hərbi mövqelərə qurulan bu torlar, pilotsuz uçuş aparatlarının pərvanələrinə dolaşaraq onları zərərsizləşdirir. Sıx toxunmuş quruluşu sayəsində, sürətlə gələn hücum dronunu saniyələr ərzində havada tutub yerə sala bilir. Xüsusilə, siqnal kəsici sistemlərdən təsirlənməyən və fiber optik kabellərlə idarə olunan Rusiya pilotsuz uçuş aparatlarına qarşı ən effektiv həll budur.

TƏHLÜKƏSİZ DƏHLİZ HƏDƏFİ

Torların əksəriyyəti cəbhə xətlərindən uzaq Şimali Avropadakı limanlardan gətirilir. İsveç mərkəzli "OperationChange" adlı yardım təşkilatının təsisçisi Ludvig Ramestam bildirib ki, "Bu torlara ikinci bir həyat veririk." Ramestamın sözlərinə görə, yalnız 2025-ci ilin ilk yarısında Ukraynaya 250 ton tor göndərilib. Hədəf isə cəbhə yollarını balıq toru ilə hörərək "dronlara qapalı" təhlükəsiz dəhlizlər yaratmaqdır.

TOR TUNELİ SİSTEMİ

Ukraynanalı əsgərlərin "tor dəhlizi" adlandırdığı bu quruluşlar, cəbhəyə gedən yolların təhlükəsizliyini təmin etmək üçün dirəklər arasına çəkilən tülvari keçidlərdən ibarətdir. Hərbi nəqliyyat vasitələri bu tunellərin içindən keçərək Rusiya dronlarının hədəfi olmaqdan yayınır.

Yalnız yollar deyil, hərbi avtomobillər də torlarla örtülür. Hətta bəziləri "Mad Max" filmlərini xatırladacaq şəkildə zəncir qəfəslərlə təchiz edilmişdir. Bu sistem dronların nəqliyyat vasitəsinə dəymədən bir neçə metr əvvəl partlamasını təmin edərək zərəri minimuma endirir.

KÖHNƏ SİLAHLAR YENİDƏN SAHƏDƏ

Ukraynada dronlara qarşı istifadə edilən üsullar, müharibənin ziddiyyətli təbiətini də ortaya qoyur. Bir tərəfdən yüksək texnologiyalı pilotsuz silahlar; digər tərəfdən balıq toru, qayçı və hətta İkinci Dünya müharibəsindən qalma pulemyotlar...

Xersonda bir bələdiyyə rəsmisi, əhalidən mümkün fiber optik bağlantılı dronları kəsmək üçün yanlarında qayçı gəzdirmələrini istədi. Bu nümunə belə, müharibədə bəzən ən sadə vasitələrin ən təsirli həll ola biləcəyini sübut edir.

İLK RUSLAR KƏŞF ETMİŞDİ

Maraqlısı odur ki, balıq toru fikrini ilk olaraq 2023-cü ilin ortalarında Rusiya qoşunları istifadə etmişdi. O dövrdə kiçik hücum pilotsuz uçuş aparatlarını dayandırmaq üçün məhdud ərazilərdə istifadə edilsə də, Ukrayna bu metodu geniş şəkildə mənimsəyərək cəbhə taktikasının bir hissəsinə çevirdi.

Xüsusilə Donetsk, Sumı və Kostiantynivka kimi toqquşmaların intensivləşdiyi bölgələrdə "tor dəhlizləri" artıq standart hal almağa başlayıb. Mühəndislər yüzlərlə kilometr yol şəbəkəsi üçün hazırlıq görür, yardım təşkilatları isə yeni tor tədarükləri üçün səfərbər olublar.

TEXNOLOGİYAYA QARŞI İSTEDAD

Müharibə təkcə raketlərin və tankların deyil; həm də yaradıcılığın, mühəndisliyin və həmrəyliyin savaşıdır. Analitiklərin fikrincə, Ukraynanın balıq toru strategiyası, aşağı xərcli, lakin təsirli həlləri ilə müharibə tarixinə düşməyə namizəddir.

24 saat