Galatasaray İdman Klubunun yaranmasının 120-ci ildönümü münasibətilə Ali Sami Yen İdman Kompleksində ucaldılan Qazi Mustafa Kamal Atatürk, Tofiq Fikrət və Ali Sami Yen heykəllərinin daxil olduğu abidənin açılış mərasimi keçirilib.
RAMS Parkında baş tutan mərasimdə Galatasaray İdman Klubunun prezidenti Dursun Özbek, ikinci prezident Metin Öztürk, Divan Şurasının sədri Aykutalp Derkan, sarı-qırmızılı klubun idarə heyətinin üzvləri, həmçinin klubun keçmiş prezidentləri Alp Yalman və Adnan Polat iştirak ediblər.
"Bu, adi bir heykəldən daha çox şeydir"
Prezident Dursun Özbek açılışı edilən abidənin sadəcə bir heykəldən ibarət olmadığını vurğulayaraq bildirib: "Biz bu gün burada üç böyük şəxsiyyəti yad etmək üçün deyil, Galatasarayın və Türkiyənin tarixi yoluna işıq tutan üç dəyəri bir araya gətirmək üçün toplaşmışıq. Bu heykəl təkcə abidə deyil, həm də bir fikir zəncirinin və mədəniyyət səyahətinin rəmzidir. Tofiq Fikrətin müdir olduğu Galatasaray Liseyinin təməli qoyulanda bu qurumun məqsədi yalnız bilik öyrətmək deyildi. Eyni zamanda, dövlətinə və millətinə xidmət edəcək gənclər yetişdirmək də əsas amil idi. Bu vizyon illər sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Respublikasının işıqlı yoluna çevrildi. Bu vizyon, eyni zamanda, 1905-ci ildə türk olmayan komandaları məğlub etmək üçün yaradılan Galatasaray Klubuna da can verdi".
"Ruh bütövlüyündə birləşir"
Ali Sami Yenin rəhbərliyi ilə qurulan Galatasaray Klubunun sadəcə idman klubu olmadığını vurğulayan Özbek, fikirlərini belə davam etdirib: "Bu gün burada Atatürkün vizyonu, Tofiq Fikrətin düşüncələri və Ali Sami Yenin inancı bir heykəldə deyil, ruh bütövlüyündə birləşir. Atatürk bu torpaqlara azadlıq, dünyəvilik və müasirlik ideyasını gətirdi. Tofiq Fikrət liseydəki şagirdlərinə fəzilətli bir həyatın əhəmiyyətini öyrətdi. Ali Sami Yen isə gəncləri idman və qardaşlıqla bir araya gətirdi. Bu üçü bir araya gəldikdə ortaya çıxan şey Galatasarayın özüdür. Tofiq Fikrət təkcə türk ədəbiyyatının böyük bir ismi deyil, həm də klubun himayədar prezidenti olaraq Galatasarayın xarakterini müəyyən edən ən mühüm mütəfəkkirlərdən biridir. Atatürkə ilham verən əxlaqı, vicdanı və elmi mərkəzə alan fəlsəfəsi bu gün də Galatasarayın damarlarında dolaşmaqdadır".
Heykəltəraş Rəhmi Aksungur işlərin bir ildən çox davam etdiyini qeyd edərək, "Bu prosesdə xüsusilə Eray Yazgana, Timur Kubana, Sedat Artukoğluna və Nəcmi Dilmene təşəkkür edirəm. Onlar çox dəstək oldular. Cümhuriyyətin 100-cü Yubiley Komitəsinə də ayrıca təşəkkürümü bildirirəm" deyib.
Dursun Özbek çıxışlardan sonra Alp Yalman və Adnan Polat ilə birlikdə heykəlin açılışını edib. Mərasimdə, həmçinin "Cümhuriyyətin 100-cü Yubiley Komitəsi"ndə yer alan üzvlərə Özbek tərəfindən plaketlər təqdim olunub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz