José Adolfo Macías, ləqəbi ilə tanınan "
Fito",
Ekvadorda bir il yarım axtarıldıqdan sonra, doğulub böyüdüyü Manta şəhərində, bir qohumuna məxsus lüks villanın zirzəmisindəki yeraltı sığınacaqda yaxalanıb.
"Atam içəridədir" sözü ilə tapıldı
45 yaşlı
Fito, üç yaşlı qızının "Atam içəridədir" deməsi ilə yeri müəyyən edildikdən sonra, ordu və polisin birgə əməliyyatı nəticəsində dərhal ələ keçirilib.
Yerin altındakı sığınacaqdan çıxdı
Vaxtla yarışan təhlükəsizlik qüvvələri evin camaşırxanasında kafel ilə örtülmüş döşəmə qapağını qaldırdıqda, dar bir pilləkənlə enilən gizli bir keçid aşkarlayıblar. İçəridə yataqlar, kondisioner, elektrik xətti və havalandırma sistemi ilə təchiz edilmiş kiçik bir otaq vardı. O burada gizlənirdi. Lakin qazma maşınlarının işə düşməsi ilə təşvişə düşən narkobaron, əzilmə qorxusu ilə gizləndiyi yerdən çıxaraq təslim oldu.
Əməliyyatın detalları
Təxminən 10 saat davam edən əməliyyatın səhər saatlarından etibarən sürdüyü və bölgəyə onlarla xüsusi təyinatlı polis, kəşfiyyat bölməsi və hərbi personalın cəlb edildiyi bildirilib. Əməliyyat boyunca villanın ətrafında geniş təhlükəsizlik halqası yaradılıb.
Həbsxanadan qaçmışdı
Fito ölkədə terror törədən "Los Choneros" dəstəsinin lideri idi. Cinayət, narkotik ticarəti və
mütəşəkkil cinayətkarlıqdan 34 il həbs cəzası almışdı. Lakin 2024-cü ilin yanvar ayında Qvayakildəki yüksək təhlükəsizlikli həbsxanadan fərar etmişdi. O gündən bəri
Ekvador dövləti onu tapmaq üçün həyəcan vəziyyətinə keçmiş, İnterpol vasitəsilə haqqında qırmızı bülleten çıxarmışdı. Hökumət, onu xəbər verənə 1 milyon dollar mükafat vəd etmişdi.
Mal varlığına əl qoyuldu
Ekvadorun Daxili İşlər Naziri Con Reymberq əməliyyatdan sonra verdiyi açıqlamada, onun illərdir gizləndiyi sığınacağın detallarını ictimaiyyətlə bölüşdü. O, əməliyyatın yalnız fiziki deyil, psixoloji ölçülər daşıdığını da vurğulayaraq, "Ailəsinə qarşı həbslər və mal varlığına əl qoyulması ilə dəstə liderinin müdafiəsi sarsıldı" dedi. Reymberq, xüsusilə son bir ayda aparılan sistematik psixoloji təzyiqin, onun ətrafını daraltdığını və təhlükəsizlik halqasını qırdığını qeyd etdi. Əməliyyat zamanı onun yanında olan şəxslərin sayı açıqlanmadı.
100 ilə qədər həbs cəzası ala bilər
Hazırda Qvayakildəki maksimum təhlükəsizlikli "La Roca" həbsxanasında saxlanılan
Fitonun ABŞ-a ekstradisiyası gündəmdədir. Keçən il keçirilən referendumla ölkə vətəndaşlarının xaricə verilməsinə icazə verilmişdi. Səlahiyyətlilər, ABŞ-dan gələcək rəsmi müraciəti gözlədiklərini açıqladılar. Onun ABŞ-da üzləşəcəyi ittihamlar arasında kokain ticarəti və silah qaçaqmalçılığı da var. Bu cinayətlərə görə 100 ilə qədər həbs cəzası ala bilər.
24 saat