Yoon Suk Yeol haqqında istintaqın gedişatı
Yerli vaxtla səhər saatlarında ifadə verən Yoon, şikayətçi olduğu bir polis əməkdaşının istintaq qrupunda yer alması səbəbindən günorta fasiləsindən sonrakı ifadəyə qatılmaqdan imtina edib. Üç saatlıq aradan sonra Yoonun sorğu-sualı yenidən davam etdirilib. Rəsmilər onun bir daha ifadəyə çağırılmasının planlaşdırıldığını bildiriblər.
Keçmiş prezidentin fövqəladə vəziyyət elanı və sonrakı proseslər
Qeyd edək ki, keçmiş dövlət başçısı Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətlərə qarışdığı” bəhanəsi ilə ölkədə fövqəladə vəziyyət elan etmişdi. Lakin Milli Məclis bu qərarı ləğv etdikdən və Nazirlər Kabinetinin təsdiqindən sonra o, geri çəkilmək məcburiyyətində qalmışdı. Milli Məclisin 2024-cü il dekabrın 14-də keçirdiyi səsvermədə impiçmenti tələb edilən Yoon, Konstitusiya Məhkəməsinin qərarına qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı.
Konstitusiya Məhkəməsi 2025-ci il aprelin 4-də apardığı araşdırmanın ardından Milli Məclisin impiçment tələbini qəbul edərək, Yoonun fövqəladə vəziyyət elanı səbəbilə vəzifədən azad edilməsini təsdiqləmişdi. Məhkəmə yeni dövlət başçısının müəyyənləşdirilməsi üçün 60 gün ərzində erkən seçkilərin keçirilməsinə qərar vermiş və Nazirlər Kabineti 2025-ci il iyunun 3-nü seçki tarixi olaraq müəyyən etmişdi.
Cənubi Koreyada keçmiş dövlət başçısı Yoonun vəzifədən azad edilməsindən sonra keçirilən seçkidə ana müxalifətdəki Demokratik Partiyanın (DP) namizədi Lee Jae-myung 2025-ci il iyunun 4-də Milli Məclisdə and içərək rəsmən fəaliyyətə başlamışdı.
Cənubi Koreya Milli Məclisi 2025-ci il iyunun 5-də keçmiş dövlət başçısı Yoonun fövqəladə vəziyyət elanı və onun həyat yoldaşı Kim haqqındakı ittihamlarla bağlı xüsusi istintaqlar başladılmasını nəzərdə tutan qanun layihələrini qəbul etmişdi. Yoon əvvəllər bu istintaqlar çərçivəsində çağırıldığı polis sorğularına qatılmamışdı.