Dünya 06.07.2025

SON DƏQİQƏ: Atəşkəs danışıqları gedərkən İsrailin Qəzza hücumlarında 41 ölü

SON DƏQİQƏ: Atəşkəs danışıqları gedərkən İsrailin Qəzza hücumlarında 41 ölü
Sağlamlıq mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalındakı Qəzza şəhərində Şeyx Rıdvan və Ən-Nəsr məhəllələrində məcburi köçkün ailələrin yaşadığı iki evi hədəfə alıb. Hücum nəticəsində ən azı 25 fələstinli həlak olub. Şahidlərin bildirdiyinə görə, qurbanların əksəriyyəti qadınlar olmaqla, onlarla insan yuxuda ikən bombardmana tuş gəlib, çox sayda insan isə dağıntılar altında qalıb. İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) ilə Şeyx Rıdvanda həyata keçirilən başqa bir hücumda 3 nəfər həlak olub, yaralılar Şifa Xəstəxanasına çatdırılıb. İsrail ordusunun Əd-Dərac Məhəlləsində Əs-Safədi ailəsinə məxsus evə təşkil etdiyi hücumda da 3 nəfər həyatını itirib. Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində sığınacaq axtaranların qaldığı çadırlar da bombardman edilib. Bu hücumlarda aralarında hamilə qadın və uşaqların da olduğu 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Atəşkəs Danışıqlarında Son Durum

İsrail hökuməti, Qəzzada atəşkəs üçün Həmasın Qətərin təklifində dəyişikliklər etməyə çalışdığını iddia edərək, bu dəyişikliklərin qəbuledilməz olduğunu bildirib. İsrail Baş Nazir Ofisindən verilən açıqlamada “Həmasın Qətərin atəşkəs təklifində etmək istədiyi dəyişikliklər dünən gecə bizə çatdırılıb və bunlar İsrail üçün qəbuledilən deyil” ifadələri yer alıb. İsrail Baş naziri Binyamin Netanyahu tərəfindən dolayı danışıqların qəbul edilməsi və "İsrailin qəbul etdiyi Qətər təklifi çərçivəsində girovların təhlükəsizliyinin təmin edilməsi səylərinin davam etdirilməsi" barədə göstəriş verildiyi bildirilir. İsrail nümayəndə heyətinin atəşkəs danışıqları üçün bu gün Qətərə gedəcəyi açıqlanıb.

Həmas dünən axşam saatlarında Qəzzada İsraillə atəşkəs və əsir mübadiləsi razılaşmasına dair təklifə "müsbət cavabını" vasitəçilərə çatdırdığını və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu bildirmişdi.

24 saat