Dünya 02.07.2025

SON DƏQİQƏ: DALAY LAMA-NIN REENKARNASİYA VƏ XƏLƏF AÇIQLAMASI

SON DƏQİQƏ: DALAY LAMA-NIN REENKARNASİYA VƏ XƏLƏF AÇIQLAMASI

Dalai Lama reenkarnasiya ilə bağlı qəti mövqeyini açıqladı

Bu həftə 90-cı doğum gününü qeyd edən Dalai Lamanın minlərlə ardıcılı Hindistanın Dharamsala şəhərində bir araya gəlib. Tibetin ruhani lideri gələcək reenkarnasiyasının tanınması səlahiyyətinin yalnız özünün qurduğu Qaden Podranq Vəqfinə aid olduğunu bəyan edərək, "başqa heç bir orqanın bu prosesə müdaxilə etmək səlahiyyəti yoxdur" deyib. Bu kəskin açıqlama onun Çin rəhbərliyi tərəfindən sürgün edildiyi zamandan bəri yaşadığı Dharamsalada verilib.

Çinə birbaşa mesaj

Tibet üzrə mütəxəssis Robert Barnett BBC-yə açıqlamasında bu bəyanatın Çinə qarşı dolaylı bir mesaj olduğunu vurğulayıb. Barnett bildirib ki, "Dalai Lama iki mühüm məsələni çatdırır: Birincisi, onun reenkarnasiyasına Çin deyil, yalnız özü qərar verəcək. İkincisi, bu qərarı xalqının razılığı ilə, demək olar ki, demokratik bir proseslə aldığını göstərir. Bu, onun legitimliyini zorla deyil, xalqın rəğbəti ilə əldə etdiyinin aydın bir siqnalıdır."

Halef necə seçilir?

Tibet Buddhizmi inancına görə, yüksək rütbəli keşişlər öldükdən sonra yenidən doğulurlar. Dalai Lamanın ruhunun təcəssüm etdiyinə inanılan uşaq, Buddist rəsmiləri tərəfindən ciddi bir seçki prosesi ilə müəyyən edilir. Mövcud 14-cü Dalai Lama da iki yaşında 13-cü Dalai Lamanın reenkarnasiyası olaraq tanınıb. Daha əvvəl, 2025-ci ilin martında Dalai Lama halefinin Çin xaricində doğulacağını və 90-cı ad günü ətrafında əlavə təfərrüatlar verəcəyini açıqlamışdı. Bu, onun daha əvvəlki "Dalai Lama institutu mənimlə sona çata bilər" bəyanatından sonra əhəmiyyətli bir dəyişiklik idi. İndi isə o, 2015-ci ildə təsis etdiyi Qaden Podranq Vəqfinin bu prosesi idarə edəcəyini dəqiq şəkildə ifadə edərək deyib: "Bu barədə yazılı təlimat buraxacağam. Qanuni üsullarla tanınan reenkarnasiyadan başqa, xalqın siyasi məqsədləri üçün seçilmiş heç bir namizədə etimad göstərilməməlidir. Buna Çin Xalq Respublikasının seçdiyi şəxslər də daxildir."

Çindən ittiham

Dalai Lamanın bu açıqlamasından dərhal əvvəl Çinin dövlət mediası, onun halefinin Çin xaricində doğulacağı ilə bağlı iddialarını rədd edən və reenkarnasiya prosesinin fərdi qərarla deyil, ənənəvi 'qızıl qazan püşkü sistemi' ilə müəyyənləşdirilməli olduğunu müdafiə edən yazılar yayımlayıb. The Global Times qəzeti Dalai Lamanı ənənəvi dini mərasimləri və əsrlər boyu davam edən təcrübələri inkar etməkdə, eləcə də prosesi öz xeyrinə manipulyasiya etməkdə ittiham edib. Xinhua agentliyi isə reenkarnasiyanın fərdi iradə ilə həyata keçirilə bilməyəcəyini və bu prosesin siyasətə alət edilməsinin "nəticəsiz qalacağını" müdafiə edib.

Dalai Lama kimdir?

1935-ci ildə Lhamo Dhondup adı ilə fermer ailəsində dünyaya gələn Dalai Lama 1940-cı ildə Potala Sarayına gətirilib, burada Tibetin ruhani lideri elan edilib və adı Tenzin Gyatso olaraq dəyişdirilib. Onun reenkarnasiyası qəbul edilib və məntiq, sanskrit, tibb, xüsusilə də Buddist fəlsəfəsini əhatə edən sıx bir dini təhsil alıb. 1959-cu ildə, 23 yaşında Çinə qarşı uğursuz üsyandan sonra Hindistana sığınıb və o zamandan bəri sürgündə yaşayır. 1989-cu ildə Tibet kimliyini qorumaq uğrunda apardığı şiddətə söykənməyən mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Özünü hələ də "sadə bir Buddist keşiş" olaraq xarakterizə edir. Dalai Lama, Tibetin qoruyucu tanrısı Avalokiteshvaranın (Chenrezig) canlı təcəssümü qəbul edilir. Bu rol 15-ci əsrdən bəri davam edir. Tibetlilər, Dalai Lama öldükdə ruhunun başqa bir bədəndə yenidən doğulduğuna inanırlar. Bu halef xüsusi üsullarla seçilir. 1642-ci ildən bəri Dalai Lama həm ruhani, həm də siyasi lider olub. Lakin hazırkı Dalai Lama, siyasi vəzifələrini sürgündəki demokratik Tibet hökumətinə ötürüb. Buna baxmayaraq, o, Tibetlilər üçün həm dini, həm də milli kimliyin simvolu olaraq əhəmiyyətini qoruyur.

24 saat