Cəmiyyət 27.06.2025

240 saylı məktəbdə vəzifə sui-istifadəsi: Rəhbərlik işçilərə avtomobil yuduzdurur

240 saylı məktəbdə vəzifə sui-istifadəsi: Rəhbərlik işçilərə avtomobil yuduzdurur

Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları

Bakıda fəaliyyət göstərən 240 nömrəli məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuz fəaliyyətlərlə bağlı ciddi iddialar irəli sürülüb. Məktəbin rəhbərliyi, xüsusən direktor Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovanın fəaliyyətləri narazılıq doğurub.

Bildirilir ki, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus avtomobillər (77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri) 240 nömrəli məktəbin ərazisində saxlanılır və texniki işçilər tərəfindən yuyulur. Halbuki mövcud qaydalara əsasən, təhsil müəssisələrinin ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.

Direktor müavini Arifə Məmmədova ilə bağlı qalmaqallı iddialar

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədləri üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlərə və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər yayılıb.

Bundan əlavə, Arifə Məmmədovanın Şəmkir rayonunda çalışdığı dövrdə də adı qalmaqallı iddialarda hallanıb. Belə ki, o, altı nəfərdən 2500-3000 manat civarında pul alaraq onları məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirmədən bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edənlərə isə aylarla "hazırda yoxdur, sonra qaytaracağam" cavabını verdiyi iddia olunur.

Direktor Esmira Məmmədovadan şok açıqlama iddiaları

Ən diqqətçəkən məqamlardan biri direktor Esmira Məmmədovanın səsləndirdiyi iddia olunan qalmaqallı açıqlamalardır. Onun yaxın çevrəsində "Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var - verirsən, işin həll olunur" kimi ifadələr işlətdiyi iddia olunur. Bu bəyanatlar cəmiyyətdə ciddi rezonans doğurub.

Məsələ ilə bağlı Təhsil İdarəsinin mövqeyi

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır. Araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alındığı qeyd edilib.

Təhsil İdarəsi həmçinin vurğulayıb ki, məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericilikin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

24 saat