Dünya 01.07.2025

249 dollarlıq şüşənin sirri: Trampdan şifrəli qayıdış

249 dollarlıq şüşənin sirri: Trampdan şifrəli qayıdış
ABŞ prezidenti Donald Tramp bu dəfə də kosmetika sektoruna əl uzatdı. Economic Times-da yer alan xəbərə görə, o, "Victory 45–47" adlandırdığı yeni ətir seriyası ilə həm siyasəti, həm də ticarəti eyni şüşədə birləşdirib.

"Zəfər"in Qoxusu: Trampın Yeni Atır Seriyası

ABŞ prezidenti Donald Tramp yeni məhsulunu "Qalibiyyət, Güc və Uğur" şüarı ilə Truth Social hesabında təqdim etdi. Qadınlar və kişilər üçün ayrı-ayrı hazırlanmış bu ətirlər, üzərində Trampın kiçik heykəlciklərinin olduğu qızıl şüşələrdə satışa çıxarılıb. Tanıtım cümləsi isə yenə Trampa xas üslubda səslənir: "Özünüzə bir şüşə alın, sevdiklərinizə də almağı unutmayın. Əylənin, həzz alın və qalib gəlməyə davam edin!"

"Zəfər"in Qiyməti Və Strateji Hesablamalar

"Victory 45–47" kolleksiyasında bir şüşə ətrin qiyməti 249 dollardır. İki şüşə alındıqda isə qiymət hər şüşə üçün 199 dollara enir. Üç və daha çox şüşə alındığı zaman isə "hədiyyə endirimi" ilə ümumi məbləğdən 150 dollar çıxılır. Mütəxəssislərin fikrincə, ABŞ prezidenti həm qoxunu, həm də satış strategiyasını yaxşı hesablayıb.

Qızıl Şüşənin Arxasındakı Həqiqət

Şirkətin açıqlamasına görə, kişi ətri "zəngin, kişi xarakterli və qalıcı", qadınlar üçün olan isə "özünə inam, gözəllik və durdurulmaz bir qətiyyət" vəd edir. Lakin bu ətir seriyasının əsas qoxu notlarından başqa da müzakirə olunacaq çox şey var: ətrin arxasındakı həqiqət, qızıl şüşədən daha parlaq deyil. Parfümlər Trampın şəxsən istehsal etdiyi bir məhsul deyil. Saytda kiçik şriftlərlə yazılmış açıqlamaya görə, bu qoxular Tramp tərəfindən deyil, yalnız onun adını daşıyan bir marka lisenziyası ilə, ayrı bir şirkət tərəfindən istehsal olunur.

Trampın Genişlənən Kommersiya İmperiyası

"Victory 45–47" Donald Trampın genişlənən kommersiya kainatında yalnız bir həlqədir. $TRUMP adlı kriptovalyutadan əldə etdiyi sərvət, "Save America" adlı kitabı, lüks saat kolleksiyası, İncil satışları və hətta imzalı idman ayaqqabıları – Tramp demək olar ki, hər şeyi satır. Forbes-un məlumatına görə, o, yalnız kriptovalyutasından 2024-cü ilin əvvəlindən bəri 315 milyon dollara qədər qazanmış ola bilər.

Tənqid və Reaksiyalar

Lakin bu addım hər kəsdə eyni əks-sədanı doğurmadı. X sosial şəbəkəsində jurnalist Aaron Rupar bunu "Yeni dələduzluq metodu" kimi şərh etdi. Mehdi Həsən isə "Bu necə hələ də qanuni ola bilər?" deyərək reaksiya verdi. Bəzi istifadəçilər isə birbaşa ətrin keyfiyyətini hədəf aldı. Məşhur YouTuber McNasty ətirlə bağlı "Qoxu pis deyil, amma 249 dollarlıq bir effekti yoxdur. Bazarda 26 dollara ala biləcəyiniz alternativ məhsullara bənzəyir" şərhini etdi.

24 saat