Gündəm 30.07.2025

42 milyonluq cinayət işində Nəcməddin Sadıkovla bağlı hökm

42 milyonluq cinayət işində Nəcməddin Sadıkovla bağlı hökm

Zahid Niftəliyevə 12 İl Həbs Cəzası Verildi

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin keçmiş baş zabiti, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın çevrəsindən hesab edilən Zahid Niftəliyevə hökm çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili müdafiə çıxışı edərək, təqsirləndirilən şəxsə ittiham olunduğu hər iki maddə üzrə bəraət verilməsini istəyib. 42 milyon manatlıq mənimsəmədə təqsirləndirilən Zahid Niftəliyev də son sözündə məhkəmədən bəraət tələb edib.

Milyonluq Mənimsəmə İttihamı

Çıxarılan hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməklə 9 il azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm qismən birləşdirilərək Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət işinin materiallarında bildirilirdi ki, Zahid Niftəliyev qəsdən "Shahin Co" adlı şirkət yaradaraq, şirkətin maliyyə durumu və təsərrüfat fəaliyyəti barədə "Ata Bank"a yalan məzmunlu sənədlər təqdim edib. Bu yolla 2016-cı ildə bankdan 42.5 milyon manat kredit əldə edilib. İttihama görə, kredit bir il ərzində ödənilməli olsa da, bu günədək ödənişsiz qalıb. Üstəlik, götürülən vəsaitin təyinatı üzrə xərclənmədiyi və mənimsənildiyi iddia edilir.

Keçmiş Baş Qərargah Rəisinin Rolu

Zahid Niftəliyev saxlanıldığı müddətdə bu kreditə görə barəsində yenidən cinayət işi açılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Keçmiş zabit məhkəmələrinin birində 42 milyon manatın üzünü görmədiyini, həmin kreditin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi əsasında onun adına sənədləşdirildiyini qeyd edib. Zahid Niftəliyev ifadəsində bildirib ki, general Nəcməddin Sadıkov onu yanına çağıraraq kredit əldə etmək üçün bir şirkətə ehtiyac olduğunu söyləyib. "Dedi ki, vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən işlər həyata keçirəcək, bu səbəbdən lazımdır. Bildirdim ki, adıma şirkət var, lakin o, uzun müddətdir fəaliyyətsiz qalıb," – Zahid Niftəliyev əlavə edib.

Əvvəlki Həbslər və Yeni İttihamlar

İctimaiyyətdə "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyev 2022-ci ildə həbs olunub. O, Nəcməddin Sadıkovla əlaqələrindən sui-istifadə edərək rüşvət almaqda, müəyyən şəxslərin xidmət yerlərini dəyişməkdə və ordudan vaxtından əvvəl tərxis edilməsində ittiham olunub. Zahid Niftəliyev çalışdığı dövrdə həmçinin hərbi hissələrdən birinin qulluqçularını hər gün səhərdən axşamadək Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində fəhlə kimi çalıştırmaqda günahlandırılıb. Tərtər Hərbi Məhkəməsi 2023-cü ilin yayında onu 10 min manat cərimə cəzası ilə azadlığa buraxsa da, noyabrda Gəncə Apellyasiya Məhkəməsi təkrar həbs edilməsi barədə qərar çıxarıb. Bu qərarla Zahid Niftəliyev 8 il 6 ay azadlıqdan məhrum edilib. Zahid Niftəliyevin Nəcməddin Sadıkovla yaxın münasibətləri cinayət işinin materiallarında və ifadələrdə öz əksini tapıb. Lakin Niftəliyev özünü təqsirli hesab etmir və bildirir ki, qərar qəbul edən şəxs olmayıb, şəxslərin iş yerlərini dəyişmək, yaxud onları ordudan vaxtından əvvəl tərxis etmək onun səlahiyyətində olmayıb. O, Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənovun dindirilməsi barədə vəsatət qaldırdığını da söyləyib. General-polkovnik Nəcməddin Sadıkov 1993-2020-ci illərdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsində çalışıb. Son illər Tərtərdə hərbçilərə qarşı işgəncələr, Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq mənimsəmə və digər cinayət işlərindəki ifadələrdə onun adı çəkilir. Müxtəlif məhkəmə iclaslarında onun dindirilməsi ilə bağlı vəsatətlər irəli sürülmüş, lakin heç biri təmin edilməmişdir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz