Gündəm 10.07.2025

60 sm-lik dünyanın ən balaca vulkanı aşkarlandı

60 sm-lik dünyanın ən balaca vulkanı aşkarlandı

Bu ilin əvvəllərində Perunun Kusko kəndi yaxınlığında yerli sakinlər tərəfindən qeyri-adi bir təbiət hadisəsi aşkar edilib. Görünüşünə görə kiçik bir vulkanı xatırladan bu boz rəngli təpə ətrafına palçıqabənzər maddə yaymağa başlayanda aidiyyəti orqanlara xəbər verilib. Sonradan onun qeyri-adi bir palçıq vulkanı olduğu məlum olub.

"QARTALIN GÖZÜ" ADLANDIRILDI

Cəmi 60 santimetr hündürlüyündə olan bu sirli struktur yerli əhali arasında böyük marağa səbəb olub. Kusko kəndinin tanınmış sakinlərindən Arturo Mamami onu "Qartalın Gözü" adlandırıb. Mamami, bu təbiət möcüzəsinə ehtiram əlaməti olaraq təpəsinə koka yarpaqları qoyub.

Hadisə yerinə gələn Peru Geofizika İnstitutunun (IGP) mütəxəssisləri ilkin olaraq vulkan zənn edilən bu quruluşun əslində palçıq vulkanı olduğunu açıqlayıblar. İnstitutun rəhbəri Hernando Tavera bu fenomenin maqma ehtiva etmədiyini və klassik vulkanik fəaliyyətlərdən tamamilə fərqli olduğunu vurğulayıb.

YER ALTI QAZLARININ YARATDIĞI QURULUŞ

Taveranın sözlərinə görə, palçıq vulkanları yer altındakı metan və karbondioksid kimi qazların səthə çıxarkən yer altı sularını və giləbənzər maddələri də özləri ilə gətirməsi nəticəsində formalaşır.

Tavera bu quruluşu "Ortasında dəlik olan kiçik bir konus kimi görünür. Bu da ona 'vulkan' görünüşü verir. Lakin quruluşu, aktivliyi və yaydığı maddələr klassik vulkanlarla əlaqəsizdir" sözləri ilə təsvir edib.

ƏTRAF MÜHİT ÜÇÜN POTENSİAL TƏHLÜKƏ

Klassik mənada partlama riski daşımasa da, yayılan maddələrin ətrafdakı su mənbələrini və əkin sahələrini çirkləndirmə potensialı səbəbindən diqqətlə izlənilməsi vacibdir. Tavera, bu cür palçıq vulkanı hadisələrinin ekoloji nəticələri barədə xəbərdarlıq edib.

IGP, Kusko ətrafında yerləşən "Qartalın Gözü" adlanan bu təbiət hadisəsini yaxından izləməyə davam edəcəyini və lazımi tədbirlərin görüləcəyini bildirib.

24 saat