Gündəm 19.01.2026

Abşeronda "sayğac mafiyası" tüğyan edir: Sakinlər donur, maklerlər və məmurlar əlbir olub? – ŞOK İDDİALAR

Abşeronda "sayğac mafiyası" tüğyan edir: Sakinlər donur, maklerlər və məmurlar əlbir olub? – ŞOK İDDİALAR

Havaların kəskin soyuduğu, əhalinin "mavi yanacağa" ən çox ehtiyac duyduğu bir vaxtda Abşeron rayonunda təhlükəli və kütləvi xarakter alan tendensiya müşahidə olunur. Rayon ərazisində qaz sayğaclarının kütləvi oğurlanması halları artıb, nəticədə yüzlərlə ailə şaxtalı havada istiliksiz qalıb. Belə ki, Abşeronda "sayğac mafiyası" tüğyan edir.

"24 saat" saytına daxil olan məlumatlara görə, yerli sakinlər, hüquq-mühafizə orqanları və qaz istismarı idarəsinin əməkdaşları bu halın artıq adi bir hadisəyə çevrildiyini təsdiqləyirlər. Lakin ortada sadə oğurluqdan daha dərin, mütəşəkkil bir sxemin olduğu iddia edilir.

"Polis tapsın, gətirib quraşdırarıq"

Sakinlərin sözlərinə görə, sayğacı oğurlanan abonentlər bürokratik "cəhənnəmə" düşürlər. Qaz İstismarı İdarəsinə müraciət edən vətəndaşlara "Bu bizim problemimiz deyil, polisə müraciət edin. Polis sayğacı nə vaxt tapsa, gətirib yerinə qoyarıq" cavabı verilir.

Polis bölmələrində isə axtarışlar aylarla davam edir və əksər hallarda nəticəsiz qalır. Nəticədə çarəsiz qalan, evində azyaşlı uşaqları və xəstələri donmaq təhlükəsi ilə üz-üzə qalan vətəndaşlar məcburiyyətdən qaz xəttini birbaşa (sayğacsız) qoşmalı olurlar.

Elə "tələ" də burda işə düşür. Qaz idarəsinin nəzarətçiləri dərhal peyda olaraq həmin abonentə "qanunsuz qoşulma" adı ilə külli miqdarda cərimə yazırlar.

3000 manatlıq "makler" marağı

Aparılan ilkin araşdırmalar və əldə olunan məlumatlar göstərir ki, bu oğurluqların arxasında xüsusi bir maraq qrupu dayanır. İddialara görə, Abşeron rayonunda ev alqı-satqısı və tikintisi ilə məşğul olan "maklerlər" və bəzi işbazlar bu işin əsas sifarişçiləridir.

Məlum olduğu kimi, "Azəriqaz" sənədsiz və yeni tikilən həyət evlərinə sayğac quraşdırılması üçün rəsmi olaraq təqribən 3000 manat vəsait tələb edir. Maklerlər isə bu xərcdən qaçmaq üçün "qara bazar"a üz tuturlar. Oğurlanan, borcu olmayan təmiz sayğaclar rəngləyərək yeni tikilən sənədsiz evlərə quraşdırılır. Bu yolla işbazlar hər evdə külli miqdarda vəsaiti ciblərində saxlayırlar.

Qaz İdarəsinin əməkdaşları ilə əlbir iş?

Məsələnin ən qaranlıq məqamı isə oğurluğun hədəfləridir. Sayğaclar əsasən müəyyən müddət yaşayış olmayan, sahiblərinin evdə olmadığı mənzillərdən oğurlanır. Bu isə oğurluq tarixini gizlədir və polisə vaxtında müraciəti mümkünsüz edir.

Sual yaranır: Makler hansı evdə yaşayış olmadığını və hansı sayğacda borc yaranmadığını hardan bilir?

Bütün şübhələr Qaz İstismarı İdarəsinin bəzi nəzarətçilərinə yönəlir. İddia olunur ki, nəzarətçilər sayğacları yoxlayarkən uzun müddət sərfiyyat olmayan (abonentin evdə olmadığı) ünvanları müəyyənləşdirir və bu məlumatı müəyyən məbləğ qarşılığında "sayğac ovçularına" ötürürlər.

Təxmin edilən bu "əməkdaşlıq" nəticəsində:

  1. Maklerlər 3000 manatlıq qeyri-rəsmi rüsumdan yayınaraq oğurluq sayğacla ev satırlar.

  2. Məlumatı ötürən nəzarətçilər  isə "xidmət haqqı" alırlar.

  3. Sayğacı oğurlanan ev sahibi qayıtdıqda isə, həmin nəzarətçilər dərhal gəlib həm də cərimə yazır və qazı plomblayırlar.

Beləliklə, ortada mütəşəkkil cinayət tərkibli bir sxemin olduğu şübhəsi yaranır. Aidiyyəti qurumların bu kütləvi soyğunçuluq və korrupsiya şübhələrinə aydınlıq gətirməsi gözlənilir.

"24 saat" mövzunu diqqətdə saxlayacaq.

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz