Gündəm 20.11.2025

“Abzas Media”nın qadın jurnalistləri Lənkəran həbsxanasından yazır: “Burada dövlətin məsuliyyətini Allahın öhdəsinə buraxırlar”

“Abzas Media”nın qadın jurnalistləri Lənkəran həbsxanasından yazır: “Burada dövlətin məsuliyyətini Allahın öhdəsinə buraxırlar”

Dövlətin məsuliyyətini Allahın öhdəsinə buraxan kompleks “Hazırlaşın, Lənkərana gedirsiniz” xəbərini Bakıda 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan qadınlardan bəziləri yemək bişirərkən, bəziləri paltar asarkən, bəziləri də hamamda yuyunarkən alıb. Qəfil xəbərdən təəccüblənən qadınların baxışlarındakı suallar çəkilmədən yır-yığış etmələri tələb olunub. Sentyabrın 3-də onları elə tələm-tələsik müəssisədən çıxarıblar ki, əşyalarının hamısını yığmağa macal tapmayıblar. 10 nəfər qadın Lənkərana çatdırılandan 2 gün sonra əşyaları yoxlanılıb onlara təhvil verilib. O müddətdə tozlu otaqlarda çirkli paltarlarla yatmalı olublar.

Həmin vaxta qədər Lənkəranda qadınlar üçün cəzaçəkmə müəssisəsi yox idi. Bu ilin avqustunda 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov cənub bölgəsində qeydiyyatda olan qadınları çağırıb Lənkəran Penitensiar Kompleksinə getmək istəyib-istəmədiklərini soruşub. Razılıq verən yüzdən çox məhkumun içərisindən 10 nəfər seçilib və onlara sentyabrın 3-də getmək istədikləri ilə bağlı ərizə yazdırılıb. Amma qadınlara nə vaxt köçürüləcəkləri barədə məlumat verilməyib. Ərizədən 1 saat keçməmiş onları Lənkərana göndəriblər. Qaçaraq yola salınanda yeni kompleksi xeyli tərifləyiblər ki, gedib orada rahatlıq, iş-güc tapacaqsınız. Amma kompleksə çatan kimi qadınlar qollarına güc verib yerləşdirildikləri bir mərtəbəli cərimə təcridxanasını hörümçəklərdən, toz-torpaqdan, zibillərdən təmizləməli olublar. Təmizlik bir həftə çəkib. Bura gətirilən qadınların yarısı Bakıdakı cəzaçəkmə müəssisəsində çalışıb maaş alıblar. Lənkərana gətiriləndən sonra onlardan 5 nəfərin adı yenə işçi məhkumların siyahısındadır. Hər ay kompleksin əməkdaşı gəlib maaş cədvəlinə qol çəkdirir, amma onlara maaş vermir. Məhkumların mağazadakı hesablarına cəmi 10 manat yatırıb gedir. Əslində adlarına 400 manat minimum əməkhaqqı yazılır. Pulun qalanını nə vaxt alacaqlarını soruşanda kompleksin əməkdaşı məhkumlara bir cavab verir: “İnşallah olacaq”.

“İnşallah olacaq” vədini burada kompleksin rəisi Babək İsgəndərovdan tutmuş qadın korpusunun rəisi Zamin Əliyevə qədər eşitmək olur. Məsələn, qanunla yaradılmalı olan istehsalat yerlərinin, peşə məktəblərinin nə vaxt açılacağını soruşanda rütbəlilər deyir: “İnşallah olacaq”.

Korpusda həkim otağının, növbətçi həkimin, zəruri dərmanların, müalicə aparatlarının, ixtisaslı həkimlərin, psixoloqun nə vaxt olacağını soruşanda da eyni cavabı verirlər: “Səbirli olun. İnşallah olacaq”. Ardınca soruşanda ki, bəs kitabla təchiz olunmuş kitabxana, kompüter, telefon, kino, görüntülü danışıq üçün otaq, idman zalı nə vaxt olacaq, yenə “İnşallah”la başlayan cümlə qurulur. Burada dövlətin məsuliyyətini Allahın öhdəsinə buraxırlar. Geriyə daş divardan başqa heç nəyi olmayan, o da rütubətdən hər gün ovulub tökülən tikili qalır.

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov da kompleksin təminatı ilə bağlı məsələləri Allahın ümidinə buraxıb. İki aydır bura köçürülən qadınlara ancaq diş pastası, diş fırçası, sabun, gigiyenik ped verilib. Gündəlik verilən yeməklərin əksəriyyətini qadınlar qazanlardan zibil yeşiyinə boşaldırlar. Məhkumlar rəis müavinlərinə yemək üçün istifadə olunan ərzaqların onlara çiy halda verilməsini təklif etsələr də, heç biri bununla razılaşmayıb. Əvəzində göndərilən dadsız, keyfiyyətsiz yeməklər davamlı olaraq zibilliyə atılır.

Tez-tez xarab olub atılan həm də hamam avadanlıqlarıdır. Keyfiyyətsiz duş naqilləri xarab olduqca bunu məhkumlara aldırırlar. Sonuncu dəfə hamamda yuyunan qadını müəyyənləşdirib pulu ondan istəyirlər. Kompleksin əməkdaşlarından soruşanda da deyirlər ki, “Neyləyək, Penitensiar Xidmət avadanlıq vermir”. Necə olur ki, dövlət büdcəsindən illik təxminən 200 milyon manat vəsait alan Penitensiar Xidmət 10 manatlıq duş naqilini almaq üçün məhkumun cibinə göz dikir? Bəs dövlət büdcəsindən inventar üçün ayrılan vəsaiti kim mənimsəyir? Cəmi 12 qadın məhkumu olan kompleks onların qanunla müəyyən olunmuş qida, geyim, yataq, gigiyenik, təmizlik vasitələrini verməkdə niyə çətinlik çəkir?

Qadınların kompleksə köçürülməyindən 2 aya yaxın vaxt keçir. Bakıda onlara baş çəkən Penitensiar Xidmətin əməkdaşı Lamiyə adlı şəxs qadınlara söz verib ki, Lənkərana köçürüləndən bir ay sonra gəlib onlarla görüşəcək, şəraitləri ilə maraqlanacaq. Qadınlar Penitensiar Xidmət rəhbərliyinin onlara nə vaxt baş çəkəcəyini soruşanda bir söz eşidirlər: “İnşallah”... Amma söz burada qırılır, ardınca “gələcək” deyilmir.

Elnarə Qasımova

Nərgiz Absalamova

Sevinc Vaqifqızı

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz