Həbsxanada Telefon Danışığına Qadağa
Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququna qadağa qoyulduğu bildirilir. Bu məlumat onun rəhbəri olduğu "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasından verilib. Qadağanın səbəbi fəalın həbsxanada jurnalist Ülviyyə Əliyə verdiyi son müsahibə göstərilir.
Həmin müsahibədə Məmmədov təcridxanadakı saxlanma şəraitinin olduqca ağır olduğunu, xəstə məhbuslar üçün həkim tapılmadığını vurğulamışdı. Məlumatlara görə, müəssisənin əməkdaşı Vüsal Aslanov fəalın telefon danışıqlarına mane olur, onun ünsiyyətini kəsir və digər məhbusları ona qarşı mübahisəyə təhrik edir. Konfederasiya hazırda onun vəziyyəti barədə məlumat əldə edə bilmədiyini açıqlayıb.
Afiəddin Məmmədovun Həbsi və Konfederasiyaya Təzyiqlər
Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham verilib. O, ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.
Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Afiəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədr Afiəddin Məmmədov da daxil olmaqla dörd üzvü – Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar barələrində irəli sürülən müxtəlif ittihamları qurama və siyasi xarakterli hesab edirlər.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz