Sosial mediada sürətlə yayılan yeni bir cərəyan ciddi müzakirələrə səbəb olub. TikTok platformasında #BigBaby (Böyük Körpə) etiketi ilə paylaşılan videolarda analar qeyri-adi dərəcədə iri və artıq çəkili körpələrini nümayiş etdirirlər. Bu videolar qısa müddətdə milyonlarla izlənmə toplayarkən, mütəxəssislər bu tendensiyanın o qədər də məsum görünmədiyi barədə xəbərdarlıq edirlər.
Körpələr cazibədar görünsə də, problem böyükdür
TikTok-da yayılan videolarda istifadəçilər körpələrin "tombul yanaqlarını" və "sevimli görünüşlərini" tərifləyirlər. Lakin bu körpələrin ən diqqətçəkən cəhəti, yaşlarına görə həddindən artıq iri olmalarıdır.
İyul ayında Oklahoma sakini Maci Mugele dörd aylıq oğlu Gunneri paylaşdı. Gunner cəmi dörd aylığında 75 sm uzunluğa çatmış və 10 kiloqrama yaxın ağırlığa malik idi. Başqa bir viral videoda isə fenomen Houri Hassan-Yari altı aylıq və "99-cu persentil" dəyərlərində olan oğlunu təqdim etdi. Həmin video 44 milyondan çox baxış sayı əldə etdi.
Həm təqdir, həm tənqid
Videoların altına bir çox istifadəçi körpələri "çox şirin" hesab edərək rəylər yazdı. Lakin bəzi insanlar ciddi sağlamlıq risklərinə diqqət çəkərək, valideynləri "uşaq istismarı" ilə günahlandırdı. Rəylərdə ən çox verilən suallar bunlar oldu: "Bu uşağa nə yedirirsiniz?", "Atasının boyu neçədir?", "Bəs bu körpə necə dünyaya gəlib?"
Mütəxəssislərdən uşaq sağlamlığı ilə bağlı xəbərdarlıq
Daily Mail-ə danışan mütəxəssislər bu tendensiyanın əslində daha geniş və narahatedici bir mənzərəyə işarə etdiyini bildirdilər. Uşaqların doğuşdan etibarən həddindən artıq çəki alması gələcəkdə
piylənmə və metabolik xəstəliklərin xəbərçisi ola bilər.
Mütəxəssislərə görə, sosial mediada "sevimlilik" pərdəsi altında paylaşılan bu görüntülər cəmiyyətdə yanlış bir qavrayış yaradaraq həm valideynləri, həm də uşaqları ciddi
sağlamlıq riskləri ilə üz-üzə qoyur.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz