"Dünya Uyurken: Filistinlilerin Hikayeleri, Sesleri ve Yaraları" adlı kitabının təqdimat tədbiri çərçivəsində Fransanın paytaxtı Parisdə olan Birləşmiş Millətlər Təşkilatının xüsusi raportoru Françeska Albanese, Anadolu Agentliyinə verdiyi müsahibədə Fələstin ərazilərindəki insan hüquqlarının vəziyyətini müzakirə edib.
Qəzzada atəşkəs pozuntuları və humanitar böhran
Albanese, Qəzza zolağında qüvvəyə minən atəşkəslə bağlı bildirib ki, İsrail keçən cümə axşamına qədər onun şərtlərini 125-dən çox dəfə pozaraq təxminən 250 mülki şəxsi öldürüb. O, İsrailin Qərbi Şəriadakı hüquq pozuntularının davam etdiyini, həmçinin zolağın yarısının humanitar yardımların girişinə qapalı saxlandığını vurğulayıb.
Raportorun sözlərinə görə, bölgəyə çox az sayda yük maşınının daxil olmasına icazə verilir və bunlar əsasən ticari vasitələrdir, humanitar yardım karvanları deyil. Albanese, ticari maşınların girişinə icazə verilməsinə toxunaraq, "Biz oradakı soyqırımdan sağ qalanların nəsə almasını gözləyirik. Bu insanların pulları yoxdur. Bu, istehza və qəddarlıqdır. Bu xalqa edilənlər qəbuledilməzdir" deyə qeyd edib.
Həmin xalqın hazırda məruz qaldığı vəziyyət fonunda "sülh" sözünü işlətməkdən utandığını dilə gətirən Albanese, "Atəşkəs soyqırımı dayandırmadı, hətta tətbiq edilmədi də" ifadələrini işlədib.
Qərbi Şəria və Fələstin xalqının iztirabları
Tədbirdə iştirak edən Fransa millət vəkili Aymeric Caron da Qəzzada soyqırımın davam etdiyini vurğulayaraq, "Atəşkəs elan olunduğu və bəzi ölkələr tərəfindən Fələstin Dövləti tanındığı üçün soyqırımın başa çatdığını düşünmək səhv olar. Onların əzabı dinmədi" deyə bildirib.
Caron, bölgə sakinlərinin fasiləsiz humanitar yardımlarla təmin edilməsinin vacibliyinin altından xətt çəkərək, beynəlxalq ictimaiyyəti "bu xalqın unudulmasına imkan verməməyə" səsləyib.
İsrail 2023-cü il oktyabrın 8-dən bəri ABŞ-ın dəstəyi ilə orada apardığı hücumlarla paralel olaraq, Qərbi Şəriadakı hərbi əməliyyatlarını da gücləndirib. İşğal altındakı Şərqi Qüds daxil olmaqla, Qərbi Şəriadakı hücumlarda 1069 mülki şəxs həyatını itirib, təxminən 10 min nəfər yaralanıb və 1600-ü uşaq olmaqla 20 mindən çox şəxs həbs edilib.
İsrailin bölgəyə hücumlarında isə əsasən qadın və uşaqlar olmaqla 69 min 176 nəfər həlak olub, 170 min 690 nəfər yaralanıb. Zolaqda 10 oktyabr tarixindən etibarən qüvvədə olan atəşkəs, İsrail tərəfindən mütəmadi olaraq pozulur. Bu pozuntular yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz