AVROPADA TARİXİ SİLAHLANMA YARIŞI
Rusiya-Ukrayna müharibəsinin 2022-ci ildə başlamasından sonra Avropa qitəsi misli görünməmiş bir silahlanma dövrünə qədəm qoyub. Qitənin müdafiə sənayesi sülh dövrü ilə müqayisədə üç dəfə sürətlə inkişaf etməyə başlayıb.
GENİŞMİQYASLI HAZIRLIQLAR BAŞLANIB
“Financial Times” qəzetinin Avropa Kosmik Agentliyinə məxsus “Sentinel-1” radar peyklərindən əldə etdiyi məlumatlara əsaslanan təhlili, 37 şirkətə aid 150 müəssisədə genişmiqyaslı hazırlıqlara start verildiyini aşkar edib.
UZUNMÜDDƏTLİ MÜHARİBƏ İQTİSADİYYATINA KEÇİD
Ümumilikdə 7 milyon kvadratmetri ötən yeni sənaye sahəsi, Avropanın “vaxtında istehsal” yanaşmasından uzaqlaşaraq, uzunmüddətli müharibə iqtisadiyyatına keçidinin ən bariz sübutu kimi göstərilir. 2020-2021-ci illərdə 790 min kvadratmetr olan genişlənmə sahəsi, 2024-2025-ci illərdə 2.8 milyon kvadratmetrə çatıb. Bu böyüməyə yeni zavodlar, təzə asfalt yollar, partlayıcı maddələr istehsal edən müəssisələr və mühümmat anbarları daxildir.
MACARISTANDAN NORVEÇƏ QƏDƏR NƏHƏNG MÜƏSSİSƏLƏR
Ən böyük layihələrdən biri Almaniyanın müdafiə sənayesi nəhəngi “Rheinmetall” ilə Macarıstanın dövlət müdafiə sənayesi şirkəti “N7 Holding”in Varpalotada qurduğu nəhəng mühümmat kompleksi olub. 2024-cü ilin iyulunda tamamlanan ilk zavod, “Rheinmetall”ın KF41 Lynx zirehli avtomobili üçün 30 mm mühümmat istehsalına başlayıb. Davam edən tikintilərlə birlikdə bu müəssisə; Leopard 2 tankı, potensial Panther tankı və 155 mm-lik top mərmilərinin istehsal bazasına çevriləcək. Norveçli “Kongsberg” şirkəti 2024-cü ildə yeni bir raket zavodu açdı. 62 milyon dollarlıq sərmayənin 10 milyon avrosu Avropa İttifaqının “Mühümmat İstehsalının Dəstəklənməsi Proqramı” (ASAP) fondundan qarşılandı. Şirkət, bunun sayəsində raket istehsal gücündə “dəfələrlə” artım təmin etdiyini açıqladı.
ALMANIYADAN YENİ PATRIOT MÜƏSSİSƏSİ
İngilis “BAE Systems” şirkəti, Uelsdəki Qlaskoyed müəssisəsində yeni partlayıcı doldurma xətti quraraq 155 mm-lik top mərmisi istehsal gücünü 16 qat artırmağı planlaşdırır. Almaniyanın “MBDA” şirkəti, 10 milyon avro ASAP fondu və 5.6 milyard dollarlıq NATO sifarişi ilə Patriot GEM-T hava hücumundan müdafiə raketlərini Avropada istehsal edəcək yeni bir müəssisə qurur. Finlandiyalı “Nammo” şirkəti ASAP-dan aldığı 55 milyon avro ilə mühümmat, barıt və itələyici maddə istehsalını genişləndirib. Şirkət həmçinin başqa istehsalçılarla birgə 41.4 milyon avroluq layihə həyata keçirir.
Aİ FONDU RƏQABƏTİ SÜRƏTLƏNDİRDİ
ASAP çərçivəsində dəstəklənən 88 müəssisənin 20-də tamamilə yeni zavodlar və yollar inşa edildi, 14-də isə kiçikmiqyaslı genişlənmələr aparıldı. Fond almayan və ya gözləmə siyahısında olan müəssisələrin böyümə sürəti isə daha aşağı qaldı. Avropa İttifaqı artıq 1.5 milyard avroluq yeni bir müdafiə proqramı hazırlığındadır. Hədəf; yalnız mühümmat deyil, hava hücumundan müdafiə sistemləri, uzunmənzilli raketlər, artilleriya sistemləri və pilotsuz uçuş aparatları (PUA) kimi sahələrdə də güc artımı təmin etməkdir.
"RUSİYANIN SÜRƏTİNƏ ÇATMAQ ŞƏRTDİR"
Oslo Universitetindən raket mütəxəssisi Fabian Hoffman, Avropanın Rusiyanın səfərbərlik sürətinə çata bilmədiyini bildirərək, “Raketlər NATO-nun qələbə nəzəriyyəsinin əsas şərtidir. Əgər çəkindiricilik istəyiriksə, istehsalı artırmalıyıq” dedi. Hoffman uzunmənzilli raketlər üçün zəruri olan “mini reaktiv mühərriklərin” və partlayıcı doldurucu maddələrin ən böyük istehsal dar boğazı olduğuna diqqət çəkdi. Latviyanın Xarici İşlər Naziri Baiba Braze isə böyüməni “çox müsbət” hesab etdiyini, lakin NATO hədəflərinə çatmaq üçün müdafiə sənayesinin səmərəli işləməsinin “həlledici” olduğunu vurğuladı.
İLLİK MÜHÜMMAT GÜCÜ YÜKSƏLİB
Rheinmetall 2022-ci ildə 70 min olan 155 mm-lik top mərmisi istehsalını 2027-ci ildə 1.1 milyona çatdırmağı hədəfləyir. Aİ-nin Müdafiə Komissarı Andrius Kubilius, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Avropanın illik mühümmat istehsal gücünün 300 mindən 2 milyona yüksəldiyini açıqlayıb.
"GERİ DÖNÜŞÜ YOXDUR"
Rəsmilər, faktiki istehsal səviyyələrinin hələ də potensialdan aşağı olduğunu, lakin “müharibə rejiminə keçidin artıq geri dönməz olduğunu” qeyd edirlər.
Oxucu Şərhləri
Avropa bir neçə onillikdir ki, öz təhlükəsizliyini artırmaq üçün müxtəlif səviyyələrdə səylər göstərir. Hazırkı durum bir təkan olsa da, bu, əvvəlki dövrlərdə baş vermiş silahlanma yarışlarının intensivliyinə çata bilər, lakin eyni səviyyədə bir dönüşüm olub-olmadığı sual doğurur. Məsələn, NATO-nun genişlənməsi və təhlükəsizlik təhdidlərinə qarşı koalisiyaların yaradılması kimi məsələlər Avropanın təhlükəsizlik memarını dəyişdirib.
Əlbəttə ki, müdafiə sənayesindəki artım diqqətəlayiqdir, lakin bu, Avropanın bütünlüklə müharibəyə hazırlaşdığı anlamına gəlmir. Daha çox, bu, mövcud təhdidlərə qarşı bir reaksiyadır. Tarixdə Avropa müxtəlif dövrlərdə böyük hərbi hazırlıq və silahlanma səviyyələrinə şahidlik edib. Bu günkü vəziyyətin tarixi təcrübələrlə müqayisəsi daha dəqiq bir qiymətləndirmə təqdim edə bilər.
Şərh Yaz