"Tesla" şirkəti qəzada təqsirli bilinərək 200 milyon dollar cərimələndi
Mayami şəhərində federal münsiflər heyəti "Tesla" şirkətinin "Autopilot" sürücüyə yardım texnologiyasının 2019-cu ildə Floridada baş verən ölümcül qəzada qismən məsul olduğunu müəyyən edib. Qəza nəticəsində 22 yaşlı Naibel Benavides Leon həyatını itirib, Dillon Anqulo isə ağır yaralanıb.
Münsiflər heyəti "Tesla"nın sürücüyə yardım sisteminin uğursuz olduğunu və qəzada əhəmiyyətli dərəcədə məsuliyyət daşıdığını bildirərək şirkəti 200 milyon dollar cərimə edib. Bundan əlavə, şirkət zərərçəkənlərə 129 milyon dollardan 43 milyon dollar təzminat ödəməli olacaq. "AP" agentliyinin məlumatına görə, bu qərar "Tesla"nı ümumi zərərin təxminən üçdə ikisi üçün məsul edir.
İlon Maskın avtonom nəqliyyat vasitələri planlarına zərbə
Bu qərar, "Tesla" şirkətinin rəhbəri İlon Maskın avtonom nəqliyyat vasitələri texnologiyasını genişləndirməyə və ABŞ şəhərlərində sürücüsüz taksi xidməti təklif etməyə hazırlaşdığı bir vaxtda verilib.
Hadisə zamanı Corc Makqi "Tesla" markalı avtomobili idarə edərkən yanıb-sönən işıqlara, dayanma nişanına məhəl qoymayaraq 100 km/saat sürətlə hərəkət edərək park edilmiş "Chevrolet Tahoe" markalı avtomobilə çırpılıb.
"Tesla" məhkəmənin qərarı ilə razılaşmır
Qərara cavab olaraq "Tesla" şirkəti bəyanat yayaraq qərarın "səhv" olduğunu və bunun sənayenin həyat qurtaran texnologiyaları inkişaf etdirmək səylərinə zərbə vurduğunu bildirib. Onların sözlərinə görə, iddiaçılar "sürücünün məsuliyyəti qəbul etdiyi halda, günahı avtomobilin üzərinə atmağa çalışıblar".
İddiaçıların vəkili Brett Şrayber sürücü Corc Makqinin yanıb-sönən işıqlara, dayanma nişanına məhəl qoymadığını və 100 km/saat sürətlə hərəkət etdiyini etiraf edib.
Sürücü "Autopilot" texnologiyasına həddindən artıq güvənib
Makqi ifadəsində "Mən texnologiyaya həddindən artıq güvənirdim. İnandım ki, əgər avtomobil qarşısında nə isə görsə, xəbərdarlıq edəcək və əyləci tətbiq edəcək" deyib.
"Tesla" sürücülərin diqqətini yayındıran təhlükəli davranışlara şərait yaradıb
Şrayber "Tesla"nın sürücülərin diqqətini yayındıran təhlükəli davranışlara şərait yaratdığını, sürücülər diqqətini yayındıranda "Autopilot"u avtomatik olaraq söndürmədiyini və sistemin istifadəsi nəzərdə tutulmayan yollarda istifadəsinə icazə verdiyini iddia edib.
Tesla"nın vəkili Joel Smit isə sürücülərə daima diqqətli olmaq və əllərini sükan üzərində saxlamaq barədə xəbərdarlıq etdiklərini bildirib. O, Makqinin telefonunu axtararkən bu xəbərdarlıqlara məhəl qoymadığını və sürəti artırdığını söyləyib. Smit Makqinin eyni qovşaqdan 30-40 dəfə keçdiyini, lakin heç bir hadisə baş vermədiyini vurğulayıb.
"Tesla" "Autopilot" terminindən çaşdırıcı şəkildə istifadə edir
Münsiflər heyəti "Tesla"nın "Autopilot" terminindən çaşdırıcı şəkildə istifadə etdiyini bildirib. Brett Şrayber digər avtomobil istehsalçılarının "sürücüyə yardım" və ya "köməkçi pilot" kimi terminlərdən istifadə etdiyi halda, "Tesla"nın brendinqinin istehlakçılara tam avtonomluq hissi verdiyini və sistemə həddindən artıq güvənməyə səbəb olduğunu iddia edib.
Mərhumun ailəsinin vəkilləri "Tesla"nın qəzadan əvvəlki məlumatları və videoları gizlətdiyini və ya itirdiyini iddia ediblər.
Maliyyə analitiki: "Tesla" üçün yaxşı gün deyil"
Wedbush Securities-in maliyyə analitiki Den Ayvs qərarı şərh edərək "Bu, "Tesla" üçün yaxşı gün deyil. Bu, sənayeyə şok dalğaları göndərəcək böyük bir rəqəmdir" deyib.
Bu qərar "Tesla"ya qarşı məhsul məsuliyyəti üzrə məhkəmə çəkişməsində nadir bir nəticədir. Avtomobil qəzası vəkili Miqel Kustodio "Bu, qapıları açacaq" deyib. Son illərdə şirkətə qarşı bir neçə oxşar iddia qaldırılıb, lakin bir çoxu ya rədd edilib, ya da məhkəməyə çatmamış həll olunub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz