Gündəm 02.08.2025

Azərbaycanda Aclıq Aksiyası: Mübarizə Metodunun Effektivliyi Suallar Doğurur

Azərbaycanda Aclıq Aksiyası: Mübarizə Metodunun Effektivliyi Suallar Doğurur

Azərbaycanda aclıq aksiyası ədalət sistemindən gözlədiyi bərabərliyi ala bilməyən şəxslər üçün sonuncu çıxış yolu hesab olunur. Bu mübarizə metodu, əsasən, siyasi motivli işlərdə təqsirləndirilən şəxslər tərəfindən istifadə edilir və yaxın tarixdə uğurlu nəticələnən hallar da mövcuddur.

Uğurlu Aclıq Aksiyaları: Saleh RüstəmliTofiq Yaqublu Nümunələri

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Saleh Rüstəmli 2021-ci ilin noyabr-dekabr aylarında həbsdə 42 gün aclıq aksiyası keçirib. O, rəsmi şəxslər azadlığa buraxılacağı barədə vəd verdikdən sonra aksiyanı dayandırıb və 2022-ci ilin mayında prezidentin əfv fərmanı ilə azadlığa qovuşub.

Saleh Rüstəmlinin aclıq aksiyası zamanı paytaxtda bir neçə etiraz aksiyası təşkil olunub. Həmçinin, ABŞ Dövlət Departamenti, Helsinki Komissiyası, eləcə də beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətinə onun azad olunması üçün çağırışlar ediblər.

Bundan daha əvvəl və bəlkə də ictimaiyyətdə daha geniş dəstək görən digər bir aclıq aksiyası müxalifət liderlərindən biri Tofiq Yaqublunun 2020-ci ilin sentyabrında 17 gün davam edən etirazı olub. Nəticədə o, ev dustaqlığına göndərilib. Həmin dövrdə hətta Milli Məclisin bir neçə üzvü belə Tofiq Yaqublunun Qarabağ Müharibəsi iştirakçısı olduğunu əsas tutaraq azad edilməsini dəstəkləmişdilər.

Son illərdə artan aclıq aksiyaları və çətinliklər

Son illərdə ölkədə artan həbslərin fonunda aclıq aksiyasına başlayanların sayı çox olsa da, tələblərinə çatan demək olar ki, sıfıra enib. Əksinə, bu aksiyalar bəzən zorakılıq və ya cərimə kamerasına yerləşdirmə ilə nəticələnib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il həbs cəzası alan "Abzas Media" direktoru Ülvi Həsənli iyulun 20-dən aclıq edir. Onun tələbi hazırda saxlandığı Ümbəki Cəzaçəkmə Müəssisəsindən istintaq dövründə qaldığı Bakı İstintaq Təcridxanasına (BİT) qaytarılmasıdır. Məhkəmə onun köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətinə təqdim olunub. Lakin qərar hələ də icra edilməyib.

Həsənli eyni tələblə daha əvvəl də, iyunun 26-dan iyulun 4-ə qədər aclıq edib. Penitensiar Xidməti rəhbərliyi adından məhkəmə qərarının yerinə yetiriləcəyi vəd edildikdən sonra aclığı dayandırıb. O, ailə üzvlərinə həm əvvəlki, həm də indiki aclıq dövründə şiddətə məruz qaldığı, huşunu itirdiyi ilə bağlı məlumat verib. Lakin o, hələ də müayinə olunmayıb.

Həsənliyə dəstək məqsədilə "Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclıq aksiyası keçiriblər. Onlar bildirib ki, aclıq dövründə saxlandıqları BİT-in rəhbərliyi müəssisədə suyu kəsərək və başqa süni problemlər yaradaraq digər məhbusları onlara qarşı qaldırmağa cəhd edib. Qadın jurnalistlər valideynlərinin narahatlığını nəzərə alaraq iyulun 28-də aclığı dayandırıblar. Onlar, həmçinin, Ülvi Həsənlini yaşlı valideynini düşünərək aclığı dayandırmağa çağırıblar.

Yenidən həbsdə olan Tofiq Yaqublu da azadlığa buraxılması üçün aclıq edib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən siyasətçi aprelin 1-dən mayın 10-a qədər yalnız su qəbul edib. O, yalnız qızı, həmin vaxt hamilə olan Nigar Həzinin xahişlərindən sonra aclığı dayandırıb.

Bu siyahını daha da uzatmaq mümkündür. İqtisadçı Fazil Qasımov, sülh fəalı Bəhruz Səmədov, jurnalist Nurlan Qəhrəmanlı (Libre), işçi hüquqları fəalları Afiəddin Məmmədov və Elvin Mustafayev, AXCP üzvü Elbəyi Kərimli müxtəlif vaxtlarda aclıq ediblər. Lakin bu aksiyalar nəinki tələblərin reallaşması ilə nəticə verməyib, hətta bəzən aclıq edənlər zorakılığa məruz qalıb və ya cərimə kamerasına (karserə) yerləşdiriliblər.

Saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində "məhbusların hüquqlarının pozulmasına etiraz edən və Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə" çağıran E. Mustafayev mayın 6-dan aclıq edib. Bundan sonra o, uzun müddət karserdə saxlanılıb və ailəsi, həmçinin vəkili də onunla əlaqə qura bilməyib. Yalnız iyunun sonlarında o, vəkili ilə görüşüb və "xüsusi şiddətə" məruz qaldığını bildirib. Mustafayevin sözlərinə görə, müəssisə rəisi və digər işçilər onu döyüblər və nəticədə qulağında iltihab əmələ gəlib.

Aclıq aksiyası Azərbaycanda səmərəliliyini itiribmi?

Bütün bunların fonunda Azərbaycanda aclıq aksiyasının mübarizə metodu kimi səmərəsiz hala gəldiyini söyləmək olarmı? Toplum TV-yə danışan III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah deyir ki, Azərbaycanda aclıq aksiyalarının effektivliyi əsasən iki amillə məhdudlaşır.

Elman Fəttah qeyd edir ki, "birincisi, hakimiyyətin ictimai rəyə tamamilə laqeyd qalması və belə aksiyalara siyasi reaksiya verməməsidir. İkincisi isə müstəqil medianın və ictimai debat mühitinin boğulması səbəbindən bu aksiyaların geniş ictimai rezonans yarada bilməməsidir. Ona görə də aksiyanın məqsədinə nail olmaması bu metodun özünün səmərəsizliyi ilə deyil, ölkədə siyasi təsir mexanizmlərinin ümumiyyətlə fəaliyyət göstərməməsi ilə əlaqədardır".

E. Fəttah əlavə edir ki, normal demokratik şəraitdə aclıq aksiyası ciddi ictimai təzyiq yarada bilərdi, amma indiki "avtoritar kontekstdə bu, çarəsiz bir etiraz təzahürünə çevrilib".

Adının açıqlanmasını istəməyən digər siyasi şərhçi isə Toplum TV-yə açıqlamasında bildirir ki, müxaliflərin aclıq aksiyası keçirməsi hakimiyyət üçün əlverişli bir üsula çevrilib. "Məhbusları aclığa vadar edib, onların sağlamlıqlarına ciddi ziyan vuracaq həddə çatdırmaq niyyətindədirlər. İctimai reaksiyanın olmadığı şəraitdə bu, məhbuslar üçün olduqca təhlükəlidir", – o qeyd edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz