ABŞ-IN XÜSUSİ NÜMAYƏNDƏSİ NƏ DEYİR?
BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə açıqlama verən Barrack qeyd edib ki, İsrailin hücumlarını dayandırması qarşılığında, Suriya ağır texnika və avadanlıqları İsrail sərhədinə yaxın ərazilərə yerləşdirməyəcək. O əlavə edib ki, hər iki tərəf prosesə “xoş niyyətlə” yanaşır və gözlənilən razılaşma təhlükəsizlik tənzimlənməsinə aparan ilk addım olacaq. Bu təhlükəsizlik razılaşmasının bu həftə ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilməsi nəzərdə tutulsa da, irəliləyişin qeyri-kafi olması və Yəhudi Yeni İli qeyd etmələri səbəbindən təxirə salınıb. Lakin bu ilkin Suriya-İsrail müqaviləsi, sadəcə iş maşınlarının və silahların bölgədən çəkilməsi ilə məhdudlaşmayacaq. ABŞ-ın aparıcı beyin mərkəzləri də bu fikirdədir.
İSRAİLİN TƏLƏBLƏRİ NƏDİR?
İsrail və Suriya arasındakı danışıqların, İsrail tərəfindən hazırlanmış bir “təhlükəsizlik razılaşması layihəsi” üzərində cəmləşdiyi bildirilir. Baş Nazir Binyamin Netanyahu daha əvvəl Şamla aparılan danışıqlarda irəliləyiş əldə edildiyini qeyd etmişdi. Lakin bu irəliləyiş, İsrailin səmimi niyyəti ilə əlaqəli deyildi. ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri olan Müharibə Tədqiqatları İnstitutu tərəfindən yayımlanan, İsrailin Suriyaya təqdim etdiyi anlaşma çərçivəsində qəbul edilməsi tələb olunan xəritə yaddaşlara həkk olunub.
İsrailin təklifi tampon zonanın şərqində hərbi qüvvələrin və ağır silahların qadağan olunduğu silahsızlaşdırılmış bir bölgə nəzərdə tutur. Təklifdə bu bölgənin ölçüsü göstərilməyib. Həmçinin, BMT-nin Müşahidəçi Qüvvələri (UNDOF) tərəfindən idarə olunan tampon zonanın Suriya ərazisinə doğru iki kilometr genişləndirilməsi və Şamın cənubundakı digər bölgələrin uçuşa qadağan zona elan edilməsi tələb edilir. Bu xəritəyə əsasən, İsrail eyni zamanda Qolan Təpələrinin tam sahibinə çevrilir. Bu, Suriya-İsrail müqaviləsinin ən həssas məqamlarından biridir.
İsrail 1967-ci ildən bəri Suriyanın Qolan Təpələrinin böyük bir hissəsini əlində saxlayır. Həmçinin, Əsəd rejiminin devrilməsindən sonra tampon zonanı da ələ keçirərək 1974-cü il ayrılma razılaşmasının etibarsız olduğunu bəyan etmişdi. Yeni bir Suriya-İsrail müqaviləsinin və tərəflər arasında sülhün ağır bir bədəllə nəticələnəcəyi son dərəcə ehtimal olunur. Bu vəziyyət, xüsusilə də Qolan Təpələrinin gələcək taleyi ilə bağlı ciddi narahatlıqlar doğurur.
Oxucu Şərhləri
Şərh Yaz