Serdal Adalıdan Rafa Silva ilə bağlı Sərt Açıqlamalar
Beşiktaş klubunun prezidenti Serdal Adalı və baş məşqçisi Sergen Yalçın keçirdiyi mətbuat konfransında "qara-qartallar" ləqəbli komandada yaranmış Rafa Silva böhranı barədə geniş açıqlamalar veriblər. Prezident Adalı çıxışında Rafa Silvanın komandadan ayrılmaq istəyinə sərt reaksiya göstərib.
Serdal Adalı, futbolçu Rafa Silvanın mövqeyi ilə bağlı məlumat verərək bildirib ki, keçən mövsüm matç başına 87 dəqiqə meydanda olan futbolçu "Başakşehir"lə oyunda 73-cü dəqiqədə əvəzlənib. Bu hadisədən bir neçə gün sonra Rafa Silvanın meneceri görüş tələb edib. Görüşdə Rafa Silva ilə də danışıqlar aparılıb. Adalı, "Onun oyunçu dəyişikliyi ilə bağlı problemini həll edə biləcəyimizi düşündük və bunun üçün çox çalışdıq. Rafa Silva ilə görüşümdə o, mənə 'Heç kimlə problemim yoxdur, futbolu buraxıb təqaüdə çıxmaq istəyirəm' dedi", - söyləyib.
Klub rəhbəri əlavə edib ki, Rafa Silva daha sonra "3 prezident, 4 baş məşqçi gördüm. Artıq başqa yerə getmək istəyirəm" deyib. Serdal Adalı bu məsələdə günahkar axtarmağa ehtiyac olmadığını, futbolçunu komandada saxlamaq üçün böyük səy göstərdiklərini və ona heç bir maddi borclarının olmadığını vurğulayıb.
Serdal Adalı futbolçuya hər zaman xüsusi diqqət yetirdiklərini, ona qarşı çevik davrandıqlarını və bütün problemləri ilə maraqlandıqlarını qeyd edib. "Mən bir Beşiktaşlı və prezident olaraq, ən yaxşı oyunçumun komandadan ayrılmasını istərəmmi?" deyən Adalı, Rafa Silvadan mövsümün fasiləsinə qədər peşəkar şəkildə fəaliyyətini davam etdirməsini istədiklərini bildirib. O, futbolçu ilə uzun müddət danışdıqlarını, azarkeşlər üçün ən yaxşısını etməyə çağırdıqlarını söyləyib.
Prezident Rafa Silvanın klubun fasiləyə qədər oynamaq tələbinə müsbət cavab vermədiyini bildirib. Futbolçunun müqaviləsində yanvar ayına qədər azad olunma maddəsinin aydın olduğunu vurğulayan Adalı, menecerindən "3 milyon avro gətirək, buraxın" kimi "gülməli" təklif gəldiyini söyləyib. "Burası Beşiktaşdır, əgər kimsə ayrılmaq istəyirsə, şərtləri Beşiktaş müəyyən edər", – deyə Serdal Adalı fikrini tamamlayıb.
Serdal Adalı xəbərdarlıq edib ki, Rafa Silva ya tez bir zamanda ona bəslənən sevgi və etibarın qarşılığını verməli, ya da istənilən transfer məbləğini gətirib getməlidir. "Əgər bu iki variantdan heç birini qəbul etmirsə, müqaviləsi bitənə qədər heç yerə gedə bilməz!" – deyən Adalı, Beşiktaşın maaş xərclərinə qənaət etməyə ehtiyacı olmadığını, lazım gələrsə futbolçunun maaşını ödəyib onu komandada saxlaya biləcəklərini qeyd edib. O, məsələnin FİFA-ya qədər gedə biləcəyini və Beşiktaşın hüquqlarının sona qədər qorunacağını bildirib.
Adalı heç kimin əvəzolunmaz olmadığını və hər kəsin yerinin doldurulacağını vurğulayıb. O, mövsümün fasiləsində baş məşqçinin istədiyi transferləri həyata keçirəcəklərini və bu barədə heç kimin şübhəsinin olmamasını istəyib.
Sergen Yalçın: Rafa Silvaya Qapımız Hələ də Açıqdır
Beşiktaşın baş məşqçisi Sergen Yalçın isə bildirib ki, milli komandaların oyunları üçün verilən fasilədə Serkan Reçberlə planlar barədə görüş keçirməli idilər, lakin yaşanan proses onları bu vəziyyətə gətirib. Rafa Silva haqqında çox danışmaq istəmədiyini deyən Yalçın, şəxsi məsələləri burada açıqlamağın nə qədər doğru olduğunu bilmədiyini söyləyib. Ağzından çıxmayan sözlərin yazılmasından, sosial mediadakı vəziyyətdən narahatlığını ifadə edən baş məşqçi, "Bu hadisə bugünkü deyil. Heç kimi bu qədər idarə etmədiyim qədər bu oyunçunu idarə etdim. Reallıqları danışmaq məcburiyyətində qaldım", – deyə qeyd edib.
Sergen Yalçın açıqlayıb ki, Rafa Silva ilk gündən ona "Çox bədbəxtəm, burada qalmaq istəmirəm. Futbolu buraxmaq istəyirəm" deyib. Kenny Arroyo da oxşar hisslərini ifadə etdikdən sonra onun komandadan ayrılmasına şərait yaratdıqlarını bildirib. "Rafa dəyərli oyunçu olduğu üçün ona 'Səni rahat edərik, idarə edərik. Müdaxilə etmərik, səni sərbəst buraxarıq' dedim", – deyən Yalçın, qısa müddətdə problemi həll etdiyini söyləyib. Lakin bir müddət sonra mövzunun yenidən gündəmə gəldiyini bildirən baş məşqçi, meydandakı nəticələr onu dəstəkləmədikcə, gücsüzləşdiyini və onun üzərinə daha çox gəlməyə başladığını qeyd edib.
Sergen Yalçın bir ay sonra Rafa Silvanı yenidən çağıraraq onun dəyərini və komanda üçün nə qədər vacib olduğunu izah etməyə çalışdığını bildirib. Lakin "Kasımpaşa" matçı həftəsi hadisələrin həllolunmaz səviyyəyə çatdığını vurğulayan Yalçın, futbolçunun birbaşa məşqlərə çıxmayacağını və matçlarda oynamayacağını söylədiyini qeyd edib. Bu hadisələrdən sonra komandasına "Rafa Silvaya qarışmayın" dediyini bildirən baş məşqçi, futbolçunun oynamaq istəmədiyini söylədikdən sonra məsələnin onun səlahiyyətindən çıxdığını və inzibati bir məsələyə çevrildiyini qeyd edib. O, vəziyyəti prezidentə bildirdiyini və Rafa Silvanın "beşinci ötürücüyə keçdiyini" və bu problemi həll etmək imkanının qalmadığını vurğulayıb.
Sergen Yalçın "Rafa Silvaya qapımız açıqdır, gəlsin və oynasın" deyərək, onunla bir problemi olduğunu düşünmədiyini, lakin futbolçunun ünsiyyəti kəsdiyini və meneceri vasitəsilə xəbər göndərdiyini söyləyib. Məsələnin onun xaricində olduğunu və lazımi qədər onu idarə etdiyini vurğulayan Yalçın, oyunçu dəyişikliyi ilə bağlı tənqidlərə cavab olaraq bildirib: "Məni oyundan niyə çıxardınız desəniz, üzr istəyirəm, 70-ci dəqiqədə oyundan çıxardım. Bu gün Messi və Ronaldo da oyundan çıxır. Heç kim Beşiktaşdan böyük deyil. Biz də bu gün varıq, sabah yoxuq."
Sergen Yalçın hər bazar ertəsi "Rafa Silva məşqə çıxacaqmı, oynayacaqmı?" sualının gündəmə gəldiyini qeyd edib. O, futbolçunun menecerinin zəng edib klubu hədələdiyini, müqaviləni ləğv etsələr oynayacağını dediyini bildirib. "Burası Beşiktaşdır... Rafa Silvanın da, Sergen Yalçının da yeri dolar", – deyə baş məşqçi sözlərini tamamlayıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz