Kentucky Ştatında Şokedici Hadisə
ABŞ-ın Kentukki ştatında baş verən hadisə tibb aləmini və milyonları şoka salıb. Həddindən artıq dozadan ürək tutması keçirdikdən sonra 36 yaşlı təbiət vurğunu Entoni TJ Huverə beyin ölümü diaqnozu qoyulub və beş gün ərzində həyat dəstək sisteminə qoşulu saxlanılıb.
Gözlərini Açdı: “Ölüm Refleksi” Deyildi
Ailəsinə heç bir refleks və beyin aktivliyinin qalmadığı bildirilib; süni tənəffüs aparatının söndürülməsinə icazə verilib. Orqan bağışıçı olmaq istəyən TJ üçün “hörmət yürüşü” təşkil edilib, cəsədi əməliyyat otağına aparılarkən koridorlarda ehtiram duruşunda dayanıblar. Lakin elə bu zaman o, gözlərini açıb. Həkimlər bunun yalnız “ölüm refleksi” olduğunu deyiblər.
Əməliyyat Masasında Hərəkət: Dəhşətli Həqiqət
Dəhşətli həqiqət əməliyyat masasında üzə çıxıb. Orqan bağışı məqsədilə ilk kəsik aparılacağı an TJ-in bədəni hərəkət etməyə, dizlərini qarnına çəkməyə başlayıb. Tibb bacısı Nataşa Miller o anları “Ağlayırdı, gözlərindən yaşlar süzülürdü” sözləri ilə anladıb.
Beyin Ölümü Müzakirələri Yenidən Qızışır
Daily Mail qəzetinin yazdığına görə, TJ ağır beyin zədələnməsi ilə həyata tutunsa da, onun dəhşətli hekayəsi beyin ölümü qəbul edilən bəzi xəstələrdə əslində şüur qığılcımı ola biləcəyini göstərən araşdırmaları yenidən gündəmə gətirib.
Miçiqan Universitetindən professor Cimo Borjiqinin rəhbərliyi ilə aparılan tədqiqatlar, ürək dayandıqdan sonra beyində dopamin və serotonin partlayışı baş verdiyini, EEG dalğalarının xüsusilə yaddaş, emosiyalar və şəxsiyyət bölgələrində ani bir "fırtına" yaratdığını ortaya qoyur. Bu, tibb etikasında orqan bağışı məsələsinə fərqli yanaşmaların yaranmasına səbəb olur.
Ölüm Anı: Ruhun Tərk Edişi, yoxsa Enerji Partlayışı?
PNAS jurnalında dərc olunan məqalə dörd xəstədə süni tənəffüs dəstəyi kəsildikdən sonra belə, şüurla əlaqəli qamma dalğalarının güclü şəkildə artdığını sənədləşdirir. Ölümdən qayıdan bir çox xəstə həyatlarının “kino lenti kimi” gözlərinin önündən keçdiyini, sevdiklərini gördüyünü, dərin bir rahatlıq və işığa doğru irəlilədiyini danışır. Elm dünyasında bu müzakirə böyüyür: Bu dalğalanmalar "ruh"un bədəni tərk etmə anıdırmı, yoxsa son bir nevroloji enerji partlayışıdır?
“Əslində Nə Zaman Ölürük?”: Qlobal Çağırış
Dünyanın dörd bir yanından gələn xəbərlər səhv ölüm elanlarının nə qədər dəhşətli nəticələrə səbəb ola biləcəyini göstərir. Polşada bir qadın meyitxanada oyanarkən, Çində yaşlı bir qadın tabutundan çıxıb ayağa qalxıb. Bu nöqtədə mütəxəssislərdən kritik bir açıqlama gəlib: Ürək döyüntüsünün və nəfəsin dayanması ölümün qəti sübutu olmaya bilər. Beyin ölümü təsdiqlənmiş şəxslərin vəziyyəti bu müzakirələri daha da dərinləşdirir. Artıq hər kəs eyni sualı verir: "Əslində nə zaman ölürük?"
Oxucu Şərhləri
Şərh Yaz