Sağlamlıq 29.11.2025

Beyin qocalmasını yavaşladan 5 təəccüblü fəaliyyət

Beyin qocalmasını yavaşladan 5 təəccüblü fəaliyyət
Bədənin yaşlanması zehnimizdə hiss olunmazdan xeyli əvvəl özünü büruzə verir. Lakin beyin yaşlanması səssizcə, tədricən və bəzən yaddaşın zəifləməsi və ya diqqətin dağınıqlaşması kimi açıq əlamətlər görünənə qədər heç bir işarə vermədən baş verir. Elm adamları illərdir ki, həyat tərzi seçimlərinin bu prosesi formalaşdırıb-formalaşdırmadığını, gündəlik fəaliyyətlərin beyni tənəzzül əvəzinə dayanıqlılığa doğru yönəldə bilib-bilməyəcəyini anlamağa çalışırlar. Oktyabr ayında "Nature Communications" jurnalında dərc olunan yeni bir araşdırma cavabın təəccüblü dərəcədə sadə bir şeydə – yaradıcı fəaliyyətlərdə ola biləcəyini göstərir.

Zəkanın itiliyini qoruyan gündəlik vərdişlər

Tədqiqatçılar müəyyən fəaliyyətlərin insanın faktiki yaşından daha gənc görünən beyinlərlə əlaqəli olduğunu aşkar ediblər. Ən maraqlısı isə bu fəaliyyətlərin nə qədər əlçatan olmasıdır; onlar yalnız rəssamlar və ya dahilərlə məhdudlaşmır, təsəvvür gücünə malik hər kəs faydalana bilər. Latin Amerikası Beyin Sağlamlığı İnstitutunun direktoru Agustin İbanez vurğulayır ki, "Bu, yalnız dünyanın Leonardo da Vinçiləri üçün bir həll deyil. Hər kəs, təkcə dahi insanlar və ya peşəkar sənətçilər yox, yaradıcı fəaliyyətlərlə məşğul olmaqdan fayda görə bilər." Müasir insanların yaşadığı təzyiqlərdən danışan İbanez əlavə edib: "Biz stress, qeyri-müəyyənlik və ümidsizliklə dolu bir dünyada yaşayırıq. Sənət və ya musiqi vasitəsilə kiçik bir "baloncuk" yaratmaq beyin yaşlanmasına müsbət təsir göstərə bilər."

Tədqiqatın nəticələri

Tədqiqat qrupu 1467 sağlam iştirakçının – tanqo rəqqaslarının, musiqiçilərin, vizual sənətçilərin və strategiya video oyunu oyunçularının beyin görüntüləmə məlumatlarını təhlil edib. Beynin nə qədər sürətli və ya yavaş yaşlandığını ölçmək üçün onlar bioloji beyin yaşını xronoloji yaşla müqayisə edən hesablama "beyin saatlarından" istifadə ediblər. Beynin insandan daha yaşlı görünməsi ilə müşahidə olunan sürətlənmiş yaşlanma, əksər hallarda psixiatrik və ya nevroloji xəstəlikləri olan insanlarda rast gəlinir. Lakin bu araşdırma əksinə diqqət yetirib: hansı fəaliyyətlər gecikmiş beyin yaşlanması ilə əlaqəlidir? Tədqiq edilən dörd yaradıcı fəaliyyətlər və idraki cəhətdən tələbkar məşğuliyyətin hamısı daha gənc görünən beyinlərlə güclü əlaqə göstərib. Yüksək bacarıq səviyyəsi və ya daha uzun təcrübə illəri olan insanlarda daha da güclü nəticələr əldə olunub. Hətta yeni başlayanlar da kənarda qalmayıb. Bir təcrübədə tədqiqatçılar 24 nəfərə bir neçə həftə ərzində 30 saat ərzində "StarCraft II" adlı strateji video oyunu oynamağı öyrədiblər. Nəzarət qrupu isə daha sərt, qaydalara əsaslanan "Hearthstone" oyunu üzərində məşq edib. Təlim dövründən sonra yalnız "StarCraft II" qrupu daha yavaş beyin yaşlanması əlamətləri göstərib. Tədqiqata əsasən, aşağıdakı fəaliyyətlər gecikmiş beyin yaşlanması ilə ən güclü şəkildə əlaqələndirilmişdir.

Rəqs etmək

Tədqiqatda ən güclü təsir yüksək bacarıqlı tanqo rəqqaslarından gəlib; onların beyinləri orta hesabla xronoloji yaşlarından yeddi il daha gənc görünürdü. Rəqs motor bacarıqlarını, ritmi, koordinasiyanı, sosial əlaqəni və sürətli qərar qəbul etməyi aktivləşdirərək dərin bir idraki məşq yaradır.

Musiqi alətində ifa etmək

Musiqiçilər də bioloji cəhətdən daha gənc beyin yaşı göstəriblər. İstər yeni bir alət öyrənmək, istərsə də köhnə bir alətə qayıtmaq olsun, melodiya, yaddaş, vaxtlama və emosional emalın birləşməsi zaman keçdikcə beyin şəbəkələrini gücləndirir.

Vizual sənət

Rəsm çəkmək, eskiz etmək və ya hər hansı bir vizual yaradıcı fəaliyyətlər gecikmiş beyin yaşlanması ilə əlaqələndirilirdi. Bu, istedadla deyil; idraki yolları aktiv saxlayan bir proseslə əlaqədardır.

Strategiya video oyunları

Planlaşdırma, kreativlik və sürətli problem həll etməyi tələb edən "StarCraft II" kimi oyunlar, hətta yalnız 30 saatlıq təlimdən sonra belə, daha gənc görünən beyinlərlə əlaqələndirilib.

Tamaşalara və sərgilərə getmək

Passiv məşğuliyyət də əhəmiyyət kəsb edir. Sonke-nin 2022-ci ildə yaşlılar üzərində apardığı araşdırmaya görə, həftədə bir neçə saat konsertlərə, tamaşalara və ya muzeylərə getmək daha yaxşı yaddaş və daha yavaş idrak tənəzzülü ilə əlaqəli olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz