Dünya 12.07.2025

Bir gündə can aldı: ABŞ-da 18 ilin ilk hadisəsi, orta əsrlərin kabus xəstəliyi qayıdır

Bir gündə can aldı: ABŞ-da 18 ilin ilk hadisəsi, orta əsrlərin kabus xəstəliyi qayıdır
Amerika Birləşmiş Ştatlarının Arizona ştatında Orta əsrlərdən qalma bir kabus yenidən gündəmə gəldi. Kukunino qraflığında yaşayan bir xəstə, 2025-ci il iyulun 11-də pnemonik veba səbəbindən həyatını itirdi. Bu ölüm, bölgədə son 18 ildə qeydə alınan ilk veba ölümü kimi yadda qaldı.

Xəstəlik necə aşkarlandı?

Fleqstaff Tibb Mərkəzi tərəfindən verilən açıqlamada, xəstənin təcili yardıma gətirildiyi və "sürətli diaqnoz testi ilə" Yersinia pestis adlı bakteriyanın varlığının təsbit edildiyi bildirildi. Bu bakteriya, tarixdə milyonlarla insanın ölümünə səbəb olan vebanın özü idi. Rəsmilər, bütün müdaxilələrə baxmayaraq xəstənin xilas edilə bilmədiyini açıqlayıblar.

Veba qayıdır?

Mütəxəssislər bildirirlər ki, bu hadisə ağciyərləri hədəf alan və ən təhlükəli veba növlərindən biri olan pnemonik vebadır. Pnemonik veba yüksək hərarət, öskürək, sinə ağrısı və qanlı bəlğəmlə müşahidə olunur. İnsanlar arasında tənəffüs yolu ilə yayıla bilməsi, xəstəliyi daha da narahatedici edir. Üstəlik, xəstəliyin inkubasiya dövrü cəmi bir gün qədər qısa ola bilər.

18 il sonra ilk ölüm

2007-ci ildə bölgədə bir şəxs, yoluxmuş heyvanla təmasdan sonra həyatını itirmişdi. O tarixdən bəri bu qədər ciddi bir hadisə görünməmişdi. İndi isə eyni bölgədə yeni bir ölüm, cəmiyyətdə yenidən qorxu yaratmışdır. Xəstənin kimliyi açıqlanmazkən, məxfilik qanunları səbəb göstərilərək detallar gizli saxlanılıb.

Vebanın hansı növləri var?

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC), vebanın üç fərqli formada görülə biləcəyini qeyd edir:

  • Bubonik Veba: Ən çox rast gəlinən növdür. Yoluxmuş birə dişləməsindən sonra ortaya çıxır. Hərarət, titrəmə və limfa düyünlərinin şişməsi ilə özünü göstərir.
  • Septisemik Veba: Qan zəhərlənməsinə səbəb olur. Dəridə qaralmalar, orqan çatışmazlıqları və daxili qanaxma müşahidə oluna bilər.
  • Pnemonik Veba: Tənəffüs yolu ilə bulaşan və ən ölümcül formadır.

Mütəxəssislər, bütün növlərinin müalicə edilə bilən olduğunu, lakin erkən diaqnoz və antibiotik müdaxiləsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

Xəstəlik necə yayılır?

Kukunino bölgəsi səhiyyə rəsmiləri, təmasda olan şəxslərin izlənməsinə başlandığını və bölgədəki heyvan populyasiyasının araşdırıldığını açıqladı. Xüsusilə vəhşi gəmiricilər (siçan, sincab və s.) və birələr xəstəliyin yayılmasında böyük rol oynayırlar.

Mütəxəssislər, təşvişə ehtiyac olmadığını, lakin erkən müdaxilənin və əhalinin maarifləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Hələ ki, yayılma əlaməti olmasa da, insandan insana keçə bilən bir hadisə ilə qarşılaşmaq, ölkədə narahatlığı artırıb.

24 saat