BMT baş katibi İsrail-Fələstinə "həyat qabiliyyətli iki dövlətli həll" vurğulayır

Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə nazirlərin bir araya gəldiyi konfransda İsraillə fələstinlilər arasında iki dövlətli həllə nail olunması istiqamətində dünya ictimaiyyətinə çağırış edilib. Lakin ABŞ və İsrail bu tədbiri boykot edərək iştirak etməyib.
BMT Baş Assambleyası ötən ilin sentyabrında 193 üzv dövlətin qərarı ilə 2025-ci ildə belə bir konfransın keçiriləcəyini elan etmişdi. Fransa və Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi bu konfrans İsrailin İrana hücumu səbəbindən iyun ayında təxirə salınmışdı.
Bazar ertəsi tədbir iştirakçılarına müraciət edən Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri şahzadə Feysəl bin Fərhan Al Səud bütün ölkələri Fələstin dövlətinin əsas parametrlərini müəyyən edən bir yol xəritəsinin hazırlanması və İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədilə konfransa dəstək verməyə çağırıb.
Açılış nitqində BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, "Biz bunun xoşməramlı ritorikadan ibarət başqa bir tədbirə çevrilməməsini təmin etməliyik. Bu, işğala son qoymaq və iki dövlətli həllə nail olmaq istiqamətində dönməz irəliləyişi sürətləndirən həlledici bir dönüş nöqtəsi ola bilər və olmalıdır".
Fransanın xarici işlər naziri Jan-Noel Barrot konfransda çıxış edərək deyib: "Qəzza müharibəsinin regionun sabitliyini və təhlükəsizliyini təhlükə altına aldığı bir vaxtda, bu müharibənin başa çatmasından İsrail-Fələstin münaqişəsinin sonuna keçmək yolları üzərində işləməliyik. Yalnız siyasi, iki dövlətli həll israillilərin və fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün qanuni arzularına cavab verəcək. Başqa alternativ yoxdur".
Fransa prezidenti Emmanuel Makron ötən həftə bildirmişdi ki, ölkəsi sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dünya liderlərinin illik toplantısında Fələstin dövlətini tanımağı planlaşdırır. Fələstin baş naziri Məhəmməd Mustafa bütün ölkələri "Fələstin dövlətini dərhal tanımağa" çağırıb. Mustafanın görüşün əvvəlində verdiyi bəyanatda "Bütün dövlətlərin indi hərəkət etmək məsuliyyəti var" deyilib.
Bu görüş İsrailin Qəzzada 21 aydan çox davam edən müharibəsinin hələ də şiddətlənməkdə olduğu bir vaxta təsadüf edir. Müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlamışdı. İsrail statistikasına görə, bu hücumda ən azı 1139 nəfər həlak olmuş və 200-dən çox şəxs girov götürülmüşdü. Həmin vaxtdan bəri, mühasirədə olan ərazidəki səhiyyə orqanlarının məlumatına görə, İsrailin Qəzzaya hərbi təcavüzü nəticəsində 59 mindən çox fələstinli, əsasən qadınlar və uşaqlar həlak olub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz