Dünya 26.11.2025

Cəsəd parçalayıb cadu edirlər: Dəhşətli etiraf

Cəsəd parçalayıb cadu edirlər: Dəhşətli etiraf

Syerra Leone: Qara Cadunun Qorxunc Kölgəsi Altında İnsan Qurbanları

Sallay Kalokohun 11 yaşlı oğlu Papayo, dörd il əvvəl bazarda balıq satmaq üçün evdən çıxdıqdan sonra itkin düşdü. İki həftə davam edən axtarışlardan sonra ailəsi onu tapanda artıq həyatını itirmişdi. Anası bildirir ki, oğlunu tapdıqda onun daxili orqanları və gözləri çıxarılmış, qol və ayaqları isə parçalanmışdı. Cinayəti araşdırmaq üçün aparılan bütün işlər nəticəsiz qaldı. Hadisə ilə bağlı danışan və oğlunun bir qara cadu qurbanı olduğunu deyən Kalokoh, "Bu gün əzab çəkirəm. Övladımı öldürdülər və indi yalnız sükut var. Uşaqlarımıza satış etdikləri vaxtlarda tənha yerlərə getməmələrini və tanımadıqları şəxslərdən hədiyyə almamasını söyləyirik. Çünki bu ölkədə bu cür hadisələr tez-tez baş verir," – deyə bildirib.

Syerra Leonedə bir çox ailə, sözdə cadugərlik ayinləri ilə əlaqəli olduğu düşünülən cinayətlər səbəbindən travmatik narahatlıqlar yaşayır. Ölkədə bu cür hadisələrlə bağlı çoxsaylı faktlar tez-tez xəbərlərə mövzu olsa da, aparılan araşdırmalar şübhələrə baxmayaraq yetərsiz qalır. 11 yaşlı Papayonun öldürülməsi hadisəsində polis, yaşananların qara cadu cinayəti olduğunu təsdiqləmədi. Lakin bir çoxlarına görə, əzaları parçalanmış şəkildə tapılan bir cəsəd, öldürülən şəxsin bədən hissələrinin qara cadu və ya digər adıyla "Juju" ayinlərində istifadə edildiyi mənasına gəlir. "Cadugərlər", insan bədəni hissələrinin bu cür ayinləri daha təsirli edə biləcəyi inancı səbəbilə böyük məbləğlər ödəyən müştərilərə daha çox rifah və güc vəd edirlər.

Polisin Qorxusu və Çatışmayan Resurslar

Ölkədə yaşanan bu cür hadisələrin tezliyinə baxmayaraq, səlahiyyətli orqanların məhdud resurslara malik olması bir çox hadisənin aşkarlanmasına mane olur. Təxminən 9 milyon əhalisi olan Syerra Leonedə həyatını itirənlərin yaralanmalarını və ya əza itkilərini araşdırmaq və sənədləşdirmək vəzifəsi yalnız 1 məhkəmə-tibbi patoloqa həvalə olunub. Resursların yetərsizliyi səbəbindən əksər hallarda cinayətkarları yaxalamaq və ya hadisəni aydınlaşdıracaq sübutlara çatmaq demək olar ki, qeyri-mümkün hala gəlir.

Bununla yanaşı, cəmiyyətdə "cadugərlik" və qara cadu kimi hadisələrə olan qorxu və narahatlıq demək olar ki, hər kəsin ruhuna işləyib. Bir çox polis əməkdaşı da bu cür şübhələrin olduğu hadisələri araşdırmaq və aydınlaşdırmaqda istəksiz davranır. Bir çox səlahiyyətli şəxs bu cür şübhələrin olduğu hadisələri izləməkdən və həll etməkdən çəkinir və bu səbəbdən bir çox dava nəticəsiz qalır. Ölkədə xüsusilə seçkilər dövründə uşaqlar başda olmaqla, insan oğurluğu halları artır və bu dövrlərdə ailələrə övladlarını tək qoymamaq barədə xəbərdarlıqlar edilir.

BBC-nin Gizli Təhqiqatı və Şokedici Etiraflar

BBC, ölkədə fəaliyyət göstərən və özlərini "Juju Cadugəri" kimi təqdim edən iki şəxslə əlaqə saxladı. Afrika qitəsi boyunca nüfuzlu şəxslərlə işlədiyini iddia edən bu şəxslər, eyni zamanda insan əzaları üçün aparılan ticarət fəaliyyətlərində də rol sahibi olduqlarını bildiriblər.

Cadugərlərlə görüşmək istəyən bir müxbir, "Osman" adlı bir siyasətçi qiyafəsinə girdi. Bu qiyafəyə girməsinin səbəbi insan hissələrini qurban edərək siyasətdə daha çox güc qazanmağa çalışan bir şəxs kimi görünməyə çalışmaq idi. Belə davranaraq özünü "Kanu" kimi təqdim edən bir cadugər ilə görüşdü. Gizli kamera ilə qeydə alınan görüş, ölkənin şimalında, Qvineya sərhədinə yaxın Kambia bölgəsinin ucqar bir guşəsində yerləşən gizli "məbəddə" baş tutdu. Görüş zamanı üzünü gizlədərək danışan cadugər, "Qvineya, Seneqal və Nigeriyada çox əhəmiyyətli siyasətçilərlə işləyirdim. Bizim də bir qrupumuz var. Bəzən seçki vaxtı gecələr bura insanlarla dolur," – deyə danışdı.

Cadugər və müxbir arasında baş tutan ikinci görüşmədə isə vəziyyət daha da şokedici bir həddə çatdı. Kanu, ikinci görüş zamanı Osmana bir qadına aid olduğunu iddia etdiyi bir kəllə sümüyü göstərərək "Bunu bir müştərim üçün qurutdum. Bu gün və ya sabah gəlib götürəcək," – dedi. Cadugərlik etdiyi yerin arxasında yerləşən çuxuru Osmana göstərən Kanu, "İnsan hissələrini bura asırıq. Burada qətl edirik və qanları ora axır. Hətta böyük adlar da, güc istədiklərində bura gəlirlər. Onlara istədiklərini verirəm," – deyərək insan əzalarını istifadə etdiyi ritual qətllər üçün müştərilərindən 2 min 500 ilə 3 min ABŞ dolları (təxminən 127 min manat) aldığını ifadə etdi. Kanu ilə görüşən heyət, hər hansı birini riskə atmamaq üçün üçüncü bir görüşmə etmədi və Kanunun fırıldaqçı olma ehtimalını da nəzərə alaraq əlindəki mövcud məlumatları polis ilə bölüşdü.

Şifacılar və Cadugərlər: Mübarizənin Kölgəsi

Ölkədə bu cür mistik ayinlərlə məşğul olan bir çox şəxs özünü "bitki mütəxəssisi" kimi təqdim edir. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə, 1990-cı illərdə vətəndaş müharibəsi yaşayan və on il əvvəl Ebola epidemiyasının mərkəzində yer alan Syerra Leonedə, 2022-ci ildə qeydə alınan həkimlərin sayı təxminən min olduğu halda, ənənəvi şifacıların sayının 45 min olduğu təxmin edilir. Cəmiyyətin əhəmiyyətli bir hissəsi, sağlamlıq problemlərinin həlli üçün özlərini şifacı adlandıran bu şəxslərə güvənir. Mifologiya belə bir cəmiyyətdə güclü rol oynayır.

Bəzi "şifacılar", Kanu kimi cadugərlərin özləri üçün pis imic yaratdığını müdafiə edir. Syerra Leone Ənənəvi Şifacılar Şurasının sədri Sheku Tarawallie, Kanu kimi "şeytani" cadugərlərin şifacılara pis ad verdiyini bildirərək, "İmicimizi təmizləmək üçün çox çalışırıq. Sıravi insanlar bunu anlamır və buna görə də hamımızı pis bitki mütəxəssisləri olaraq düşünürlər. Çürüyən bir balıq, bütün balıqları məhv edə bilər. Bizlər yalnız şifacıyıq, qatil deyilik," – dedi. Ritual qətllərin arxasında əsasən güc və pul hərisliyinin olduğunu qeyd edən Tarawallie, "Birisi lider olmaq istədikdə insan əzalarını istifadə edir. Onu qurban olaraq istifadə edir. İnsanları yandırır, küllərini güc üçün istifadə edir," – deyə danışdı.

Qeydə Alınmayan Cinayətlər və Nəticəsiz Qalan İşlər

Əhalisinin əksəriyyətini müsəlman və xristianların təşkil etdiyi Syerra Leoneritual qətllərin sayı məlum deyil. Böyük Britaniyanın Aberystwyth Universitetində tədqiqatçı kimi fəaliyyət göstərən Emmanuel Sarpong Owusu, "Əksər Afrika ölkələrində ritual qətllər rəsmi olaraq ayrı və ya bir alt cinayət kateqoriyası olaraq qeydə alınmır. Bəzi cinayətlər qəza, vəhşi heyvanların hücumu nəticəsində ölüm, intihar, təbii ölüm kimi səhv səbəblərə bağlanır və cinayətkarların əksəriyyəti yaxalanmır," – dedi.

Ölkədə "qara cadu ritueli" cinayətləri daha əvvəl də bir çox dəfə gündəmə gəlmişdi. Bunlardan biri də iki il əvvəl itkin düşən və daha sonra cəsədi tapılan bir müəllim idi. Mövzu ilə bağlı iş 2023-cü ilin avqust ayında başlasa da, bir nəticəyə çatmadı və şübhəlilər girovla sərbəst buraxıldı. Keçən may ayında bərbərlik edərək dolanışığını təmin edən 28 yaşlı Fatmata Contehin cəsədi tapıldıqda ön dişlərinin söküldüyü müəyyən edildi. Cinayətin arxasında da bir cadugərlik ayini olduğundan şübhə edilsə də, cinayətin nə səbəbdən törədilmiş ola biləcəyinə dair araşdırmalar, eynilə 11 yaşlı Papayo cinayətində olduğu kimi, nəticəsiz qaldı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz