Cengiz Ünder: "Bu forma altında olmaq mənim üçün qürurdur"
Cengiz Ünder "Beşiktaş"a transferindən sonra klubun rəsmi "YouTube" kanalına açıqlamalar verib. Transferdən böyük qürur duyduğunu bildirən Cengiz Ünder tezliklə meydanda olmaq istədiyini vurğulayıb: "Bu forma altında olduğum üçün çox xoşbəxtəm. Bir an əvvəl meydanda olmaq arzusundayam. Bu formanı geyinmək qəribə bir hissdir. Daha əvvəl xaricdə oynayarkən "Beşiktaş" azarkeşləri ilə bağlı çox şey eşitmişdim".
Cengiz Ünder: "Avropaya getmək mənim ən böyük arzum idi"
Transferlə əlaqədar həyəcanlı olduğunu qeyd edən Cengiz Ünder "Beşiktaş"ın onun üçün çox xüsusi bir klub olduğunu bildirib: "Çox həyəcanlıyam. Ümid edirəm ki, ən yaxşı oyunumu burada göstərəcəyəm. Bu forma altında bunu edəcəyimə ürəkdən inanıram. Hər şeyin yaxşı olacağına ümid edirəm".
Avropaya transfer olma prosesinin əvvəllərdə çətin olduğunu xatırladan Cengiz Ünder "Mənim ən böyük arzum milli komandaya getmək və Avropaya transfer olmaq idi. Bunu gənc yaşımda reallaşdırdım. Gedərkən oynaya bilməmək qorxusu var idi. "Roma"da bu qorxunu aradan qaldırdım. Mənim üçün gözəl bir başlanğıc oldu. Doğru bir kluba addım atdım" söyləyib.
İtaliya Birinci Futbol Liqasının (Serie A) sərt olduğunu ifadə edən Cengiz Ünder bu sözləri əlavə edib:
"Serie A, taktiki baxımdan çox fərqlidir. Həftənin əvvəlindən sonuna qədər davamlı olaraq taktika üzərində işləyirdik. Daha sonra İngiltərəyə getdim. İngiltərədə daha sürətli bir oyun var idi. Fransada daha güclü oyunçuların olduğu, daha fərqli bir liqada mübarizə apardım. Əsasən gücə əsaslanan bir liqa idi. Mənim üçün yaxşı təcrübələr oldu".
"Ndidi çox güclü oyunçudur"
"Beşiktaş"a bu mövsüm transfer olan Wilfred Ndidi ilə İngiltərədə bir il birlikdə oynadığını bildirən 28 yaşlı oyunçu "Ndidi çox güclü və sərt oyunçudur. O zamanlar komandanın əsas oyunçularından biri idi. Uzun illərdən sonra eyni komandada yenidən birlikdə oynayacağıq. Buna görə də həyəcanlıyam. Aqressiv bir oyunçudur və onun aqressivliyi bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, meydanda birlikdə çox yaxşı işlər görəcəyik" deyə bildirib.
"Ümid edirəm ki, "Beşiktaş" forması altında çox qol vuraram"
"Tüpraş" stadionuna "Beşiktaş" oyunçusu kimi çıxmağın fərqli bir hiss olacağını qeyd edən Cengiz Ünder bunları deyib:
"Başqa bir komandanın oyunçusu olaraq, gənc yaşımda bura gələndə belə çox həyəcanlı idim. "Beşiktaş"ın o dövrdə çox yaxşı heyəti var idi. Başabaş gedirdik. Çox yaxşı bir komanda idi. Meydana çıxanda öz yoldaşlarımla ünsiyyət qura bilmirdim. Qətiyyən bir-birimizi eşitmirdik. Çox yaxşı bir oyun keçirdim. Türkiyədəki ən yaxşı oyunlarımdan biri idi. Qol da vurdum. Artıq qollarımı "Beşiktaş" forması altında vurmaq istəyirəm. Bunu düşünmək məni daha da həyəcanlandırır. Özümü indi çox yaxşı hiss edirəm. Bu həyəcanı çoxdan idi ki, yaşamırdım. Ümid edirəm ki, "Beşiktaş" forması altında çoxlu qol vuraram".
Cengiz Ünder "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın ilə daha əvvəl tanış olduğunu qeyd edərək "Sergen Yalçına ilk növbədə çox təşəkkür edirəm. Hər zaman mənə inanan bir məşqçi olub. Mən də bu cür məşqçilərlə birlikdə olanda özümü daha fərqli hiss edirəm. Özümü daha güvəndə hiss edirəm. Çünki mənə məsuliyyət verir. Oyun içində davamlı olaraq nə etməli olduğumla bağlı daha sərbəst buraxdıqda daha fərqli bir oyunçuya çevrilirsən. Sergen müəllimə bu mövzuda çox təşəkkür edirəm. Gəldiyimdən bəri mənimlə danışır. Özümü də bu mövzuda güvəndə hiss edirəm" deyib.
"Azarkeşlərimiz oyunçularımıza sahib çıxsın"
Azarkeşlərin qarşısına çıxacağı üçün çox həyəcanlı olduğunu bildirən Cengiz Ünder "Bir an əvvəl meydanda olmaq istəyirəm. Azarkeşlərimizə ən yaxşı futbolumu göstərmək istəyirəm. Dərhal oyun günü gəlsin istəyirəm. Hazırda özümü çox yaxşı hiss edirəm. Çox həyəcanlıyam, doğrudan da. Bu həyəcanı uzun zamandan sonra təkrar yaşamaq mənim üçün çox fərqlidir. Hər zaman birlik və bərabərlik içində olaq. Bir-birimizə güvənək. Azarkeşlərimiz oyunçularımıza sahib çıxsın" şəklində fikirlərini ifadə edib.
Oxucu Şərhləri
Şərh Yaz