Meksikanın şimalındakı Çiuaua əyalətinin Ciudad Juarez şəhərində dəhşətli bir hadisə aşkar edilib. Şəhərdəki bir dəfn bürosuna məxsus
krematoriumda, rəflər üzərində qanunsuz olaraq saxlanılan və çürüməyə tərk edilmiş 381
mumiyalanmış cəsəd tapılıb. Bu tapıntı ictimaiyyətdə böyük səs-küyə səbəb olmaqla yanaşı, dəfn xidmətlərindəki qaranlıq məqamları da üzə çıxarıb.
Çiuaua əyalət prokurorluğunun nümayəndəsi Eloy Qarsiya bu barədə açıqlama verərək bildirib ki, həmin cəsədlər obyektə qanunsuz yolla gətirilib. Qarsiyanın sözlərinə görə, bu cəsədlər yandırılmaq əvəzinə, “3 ildən 4 ilə qədər uzun müddət ərzində qeyri-qanuni şəkildə saxlanılıb”. Bu vəziyyət, adıçəkilən müəssisənin fəaliyyətinə dair ciddi şübhələr doğurur.
MUMİYALANMIŞ CƏSƏDLƏR NƏ ÜÇÜN SAXLANILIB?
Hadisə yerində aparılan ilkin araşdırmalar göstərir ki, aşkar olunan cəsədlər binanın müxtəlif otaqlarına xaotik şəkildə atılıb, bir çoxu üst-üstə yığılıb. Onların hamısının əvvəlcədən mumiyalanmış olması isə istintaq üçün əlavə suallar doğurur.
Qeyd edək ki, ABŞ və Meksika kimi ölkələrdə dəfn mərasimlərində, insanların vəfat edən yaxınları ilə son dəfə vidalaşa bilmələri üçün tabutların açıq şəkildə kilsələrdə nümayiş olunduğu mərasimlər geniş yayılıb. Bu cür mərasimlərdə cəsədin estetik görünüşünü qorumaq və çürüməsinin qarşısını almaq üçün mumiyalama prosedurundan istifadə olunur.
Dəfn büroları cəsədləri mərasimə qədər mühafizə etmək üçün mumiyalayır. Bu üsul sayəsində cəsədlər illərlə ciddi çürüməyə məruz qalmadan qorunub saxlanıla bilir. Lakin hər şey kimi, mumiyalanmış cəsədlər də uzun müddətdən sonra tədricən çürüməyə başlayır. Məhz bu çürümənin yaratdığı dözülməz və kəskin iy, nəticədə 381 cəsədin aşkar olunmasına gətirib çıxarıb.
KREMATORİUM QARA BİZNESƏ QARIŞIBMI?
Prokurorluq
krematorium sahiblərini “kobud səhlənkarlıq və məsuliyyətsizlik”də ittiham edib. Eloy Qarsiya xüsusilə vurğulayıb ki, bu cür müəssisələr gündəlik fəaliyyət gücünü dəqiq bilməli və “müəyyən edilmiş imkanlarından artıq cəsəd qəbul etmək tamamilə qəbuledilməzdir”.
Hadisə ilə bağlı daha bir şok edici iddia isə odur ki, ailələrə təhvil verilən kül qutularında əslində ölü qalıqları deyil, başqa maddələr olduğu bildirilib. Obyektin rəhbərlərindən biri artıq istintaqa təslim olub.
Səlahiyyətlilər aşkar edilmiş cəsədlərin mütəşəkkil cinayətlərlə əlaqəsi olub-olmadığı barədə hələ ki, rəsmi açıqlama verməyiblər. Lakin bu
mumiyalanmış cəsədlərin tibbi mərkəzlərə
kadavra olaraq satıldığı barədə ciddi iddialar irəli sürülür. Bu iddialar araşdırmaların dərinləşməsinə səbəb olub.
Meksika illərdir işçi çatışmazlığı və büdcə məhdudiyyətləri səbəbindən dərinləşən məhkəmə-tibb böhranı ilə üz-üzədir. Ciudad Juarezdə baş verən bu hadisə ölkədəki mövcud sistemli problemləri bir daha göz önünə sərir.
24 saat