Almaniyada Yaşayan Tənqidçinin Qohumu İnzibati Həbsə Məruz Qalıb
Almaniyada yaşayan tənqidçi bloger Tural Sadıqlının xalasıoğlu, heyvan haqları fəalı kimi tanınan Elxan Mirzəyev iki ay müddətinə inzibati qaydada həbs edilib. Bu barədə onun ailə üzvləri məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 1-də saxlanılan fəal haqqında iki gün sonra, oktyabrın 3-də Lerik Rayon Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (qanunsuz olaraq narkotik maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi və s.) ilə ittiham olunub.
Ailə üzvləri Mirzəyevin irəli sürülən ittihamı qəbul etmədiyini və özünü təqsirli bilmədiyini bəyan edib. Onlar məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıblar. Qeyd olunur ki, oktyabrın 1-də saxlanılan fəal yalnız oktyabrın 6-da vəkili və ailəsi ilə əlaqə saxlaya bilib. Bundan əvvəl, oktyabrın 3-də yaxınları Lerik rayonundakı evindən mülki geyimli şəxslər tərəfindən aparıldığını bildirmişdilər.
Tural Sadıqlının Əmisi Elmir Sadıqov da Həbs Cəzası Alıb
Tural Sadıqlının Azərbaycanda yaşayan digər ailə üzvü, əmisi Elmir Sadıqov da daha əvvəl həbs olunub. Oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda hakim Samirə Məmmədli Sadıqov barədə 2 il yarım azadlıqdan məhrumetmə qərarı çıxarıb.
Elmir Sadıqov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsi ilə təqsirli bilinib. O, aprel ayında saxlanılıb. Cinayət işində iddia olunur ki, onun avtomobilindən əl qumbarası aşkar edilib.
Oxucu Şərhləri
Şərh Yaz