Danimarkada sirli dronelar təlaşa səbəb oldu
Danimarkalı fotoqraf Henrik Abildgaard şimali Danimarkada, hərbi bazanın yaxınlığında yerləşən Vestbjerg qəsəbəsində yaşayır. Ötən həftə axşam eyvanına çıxan Abildgaardın şahid olduğu mənzərə bir çox Danimarkalının da narahatlığını artırıb. Bu təlaş və qorxu son dövrlərdə Danimarka əhalisinin alış-veriş vərdişlərinə də öz təsirini göstərir.
Abildgaard eyvanda olarkən gecənin sükutunu səmada görünən, mənşəyi bilinməyən hava vasitələrindən gələn səslər pozduğunu hiss etdi. Qırmızı və yaşıl işıqlarla parıldayan bu hava nəqliyyatını ilk dəfə gördükdə nə olduğunu anlaya bilməyən fotoqraf dərhal videoya çəkdi. Daha sonra çəkdiyi kadrları televiziyada yayımlanan görüntülərlə müqayisə edən Abildgaard, şahid olduğu hadisənin təxminən 10 gündür Danimarkada geniş müzakirələrə səbəb olan sirli drone uçuşlarından biri olduğunu başa düşdü. Son həftələrdə paytaxt Kopenhagen də daxil olmaqla, ölkənin müxtəlif yerlərindəki hərbi bazaların və hava limanlarının ətrafında naməlum uçuşlar qeydə alınıb. Kimə aid olduğu və haradan gəldiyi bilinməyən bu vasitələr şahidlərin ifadələrinə görə bir müddət sonra izsiz yoxa çıxır.
Rusiyanın arxasında olduğu ehtimal edilir
Mütəxəssislər, son həftələrdə Danimarka əhalisini ciddi şəkildə narahat edən bu sirli drone uçuşlarının arxasında Rusiyanın dayandığını düşünürlər. Analitiklərin fikrincə, Rusiya ordusuna məxsus uçuş sistemləri Avropanın reaksiya müddətini sınamaq və ictimaiyyətdə təlaş yaratmaq məqsədi daşıyan genişmiqyaslı bir strategiyanın tərkib hissəsi olaraq Avropa ölkələrinin hava məkanında fəaliyyət göstərir. Sirli drone uçuşları səbəbindən müharibə ehtimalına dair qorxuların artması Danimarkada hərbi məhsullar satan mağazalarda da böyük alış-veriş hərisliyinə yol açıb.
Mağazalara axın var: düyü, radio, konservlər çox satılır
Danimarkanın paytaxtı Kopenhagendə hərbi məhsullar satan mağazalardan birində satıcı Valdemar Badsted satışlarda əhəmiyyətli artım olduğunu bildirərək, "İnsanlar müharibədən narahat olmağa başlayıb" deyib. Mağazanın meneceri isə dondurulmuş düşərgə qidalarının satışında 400 faizlik artım müşahidə edildiyini qeyd edib. Danimarka mediasında yer alan məlumatlara görə, bir çox mağaza və ticarət mərkəzində fövqəladə hallar avadanlıqları, radio, düyü və konservləşdirilmiş qidalara tələbat kəskin şəkildə artıb. Danimarkanın dövlət televiziya və radio qurumu olan Danmarks Radio (DR) isə internet saytında "Uşaqlarınızla drone və hibrid hücumlar haqqında necə danışmalı?" başlıqlı bir xəbər yayımlayıb.
Sirli uçuş vasitələri ilə bağlı narahatlıqlar təkcə Danimarkada deyil, ətraf ölkələrdə də pik həddə çatıb. Sentyabrın 22-dən bəri Norveç rəsmiləri də hava məkanlarında naməlum uçuş vasitələri aşkar edərək Oslo Hava Limanını qısa müddətə bağlayıblar. İsveç polisi isə ölkə daxilində hərbi obyektlərin yaxınlığında bu vasitələrin görüldüyü barədə məlumatlarla bağlı araşdırmalarını davam etdirir. ABŞ mərkəzli The New York Times (NYT) qəzetində yer alan xəbərə görə, Danimarka, İsveç və Norveçdə polis yardım xətləri son dövrlərdə çox sayda drone məlumatı alıb və bu vəziyyət Skandinaviya bölgəsində sanki "UFO çılgınlığı"nın başlamasına səbəb olub.
“Yetərincə müdafiə sisteminə sahib deyilik”
Danimarka və ətraf ölkələrdə yaşanan sirli uçuş vasitələrinin fəallığı, Rusiya qırıcı təyyarələrinin yaxın zamanda NATO üzvü olan Estoniyanın hava məkanını pozduğu bir dövrdə baş verir. Ötən həftələrdə Rumıniya və Polşada da Rusiya uçuş sistemlərinin hava məkanını pozduğu aşkar edilmiş, pozuntu törədən bu vasitələr Polşa Hərbi Hava Qüvvələri və ölkədəki digər NATO müttəfiqlərinə aid qırıcı təyyarələr tərəfindən dayandırılmışdı. Lakin Danimarkada bənzər bir dayandırma əməliyyatının aparılmaması, ölkənin mümkün bir müharibəyə hazır olub-olmadığı ilə bağlı suallar doğurub. Danimarkanın Baş naziri Mette Frederiksen əvvəllər ordunun gücləndirilməsi üçün hərbi xərclərin artırıldığını elan etsə də, bir çox Danimarkalı ölkələrinin müdafiəsini yetərincə ciddi qəbul etmədiyini düşünür.
NYT-də yer alan xəbərə görə, Danimarka rəsmiləri hava məkanını pozan bu sistemləri izləyə bilmədiklərini və onları dayandıra biləcək sərfəli quru əsaslı hava müdafiə sistemlərinə malik olmadıqlarını etiraf ediblər. Rəsmilər, şəhər ərazilərində uçuş vasitələrini vurmağın təhlükəli ola biləcəyini və Ukraynada yaşanan bənzər vəziyyətlərdə mülki itkilərin olduğunu bildiriblər. Məsələ ilə bağlı danışan Baş nazir Mette Frederiksen, Avropada baş verənlərə baxdığımda, Danimarkadakı vəziyyəti bundan ayrı görə biləcəyimi düşünmürəm" deyərək hava pozuntusu törədən bu sistemlərin arxasında Rusiyanın olduğunu eyham edib.
Daha da qorxuducu edir, çünki...
Drone sistemlərinin sərfəli və təhlükəsiz şəkildə dayandırılması ilə bağlı axtarışlar davam edir. Hazırda istifadə olunan hava müdafiə sistemləri qırıcı təyyarələri və ya raketləri dayandırmaq üçün nəzərdə tutulduğundan, bu uçuş vasitələrini dayandırmaqda kifayət qədər təsirli və davamlı bir tədbir kimi qəbul edilmir. Bu mövzuda Ukrayna-Rusiya müharibəsində bəzi tədbirlər görülsə də, həmin tədbirlər hələ tam olaraq müdafiə təmin etmir. İngiltərə mərkəzli Chatham House analitik mərkəzinin təhlükəsizlik analitiki Katya Bego bu sistemlərin asanlıqla əldə edilə bilən və dayandırılması çətin olduğunu ifadə edərək, "Bütün bu vəziyyət, bu vasitələrin necə dayandırılacağı ilə bağlı sualları daha da qorxuducu edir" dedi.
Oxucu Şərhləri
Şərh Yaz