İdman 03.07.2025

Diogo Jota futbol dünyasını sarsıtdı: Kimsə anlamır

Diogo Jota futbol dünyasını sarsıtdı: Kimsə anlamır

İngiltərə Premyer Liqasının aparıcı klublarından “Liverpool”un 28 yaşlı Portuqaliyalı hücumçusu Diogo Jota, İspaniyanın Zamora şəhərində baş verən trafik qəzasında özü kimi futbolçu olan qardaşı Andre Silva ilə birlikdə həyatını itirib.

Ronaldo Və Klubların Reaksiyaları

Diogo Jotanın milli komandadan həmkarı, Portuqaliyalı ulduz hücumçu Kristiano Ronaldo sosial media hesabında bu xəbərə münasibət bildirib: "Bu, heç bir məntiqə sığmır. Qısa müddət əvvəl milli komandada bir yerdə idik, yeni ailə qurmuşdun. Həmişə ailənin, uşaqlarının və həyat yoldaşının yanında olacağını bilirəm. Ruhu şad olsun. Səni çox darıxacağıq."

Hər iki qardaşın əvvəllər formasını geyindiyi Portuqaliya klubu "Porto" isə dərin kədərini ifadə edib: "Yasdayıq. Diogo Jota və gənclər heyətimizin idmançısı olan qardaşı Andre Silvanın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Ruhları şad olsun."

futbolçu Jotanin formasını geyindiyi "Liverpool" klubu faciəvi ölümlə bağlı belə bir bəyanat yayıb:

"Diogo Jotanın faciəvi ölümündən dolayı sarsılmışıq. "Liverpool" hazırda əlavə şərh verməyəcək. Diogo və Andrenin ailəsinin, dostlarının, komanda yoldaşlarının və klub heyətinin, bu ağlasığmaz itki ilə mübarizə apardığı dövrdə onların şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edirik. Onlara tam dəstəyimizi davam etdirəcəyik."

Komanda Yoldaşları Və Əfsanələrdən Mesajlar

"Liverpool"un əfsanələri Jamie Carragher və Steven Gerrard, Diogo Jotanin vəfatı ilə əlaqədar sosial mediada üzüntülərini ifadə ediblər.

Jamie Carragher: "Bu səhər Diogo Jota və qardaşı Andre haqqında sarsıdıcı xəbər aldıq. Düşüncələrimiz onların ailələri və dostları, xüsusilə də həyat yoldaşı Rute və üç sevimli övladı ilədir."

Steven Gerrard isə: "Bu inanılmaz kədərli zamanda ailəsinə və dostlarına başsağlığı verirəm" paylaşımını edib.

Son üç mövsümdə Jota ilə birlikdə oynayan "Liverpool"un hücumçusu Darwin Nunez: "Bu qədər acı üçün təsəlli sözləri tapmaq çətindir. Səni hər zaman gülüşünlə, meydanda və kənarda yaxşı bir dost kimi xatırlayacağam. Bütün gücümü ailəsinə göndərirəm, əminəm ki, olduğu yerdən hər zaman sizinlə olacaq, xüsusilə də həyat yoldaşı və üç övladı. Ruhları şad olsun. Diogo və Andre." ifadələrini işlədib.

Premyer Liqa Klublarından Paylaşımlar

"Manchester City" klubu: "Manchester City"də hər kəs Diogo Jotanın vəfatı ilə bağlı sarsıdıcı xəbəri eşidəndə şoka düşdü və kədərləndi. Bu çətin zamanda ailəsinə, dostlarına və "Liverpool" Futbol Klubundakı hər kəsə dərin hüznlə başsağlığı veririk. Ruhun şad olsun, Diogo."

"Manchester United" klubu: "Ən dərin başsağlığımız Diogo Jota və qardaşı Andrenin sevdiklərinə və bugünkü ürəkdağlayan xəbərin ardından "Liverpool"la əlaqəli olan hər kəsədir."

"Everton" klubu da: "Everton"da hər kəs Diogo Jota və qardaşı Andre Silvanın faciəvi vəfatından dolayı dərin kədər hissi keçirdi. Bu üzücü zamanda düşüncələrimiz onların ailələri və dostları ilədir." mesajını paylaşıb.

Federasiyalardan Kədərli Açıqlamalar

İngiltərə Futbol Federasiyası (FA) və Premyer Liqa, Diogo Jota və qardaşı Andrenin ölümlərini eşitdikdə "sarsıldıqlarını" açıqlayaraq, sosial mediada etdikləri paylaşımlarda Diogonun ailəsinə, dostlarına və komanda yoldaşlarına ən dərin başsağlıqlarını çatdırıblar.

Premyer Liqa əlavə edib: "Futbol əbədi xatırlanacaq bir çempionu itirdi."

Beynəlxalq Matçda Anma Mərasimi

Bu arada, 2025-ci il UEFA Qadınlar Avropa Çempionatında İspaniya ilə Portuqaliya arasında bu gün keçiriləcək matçda oyunçunun vəfatı səbəbilə bir dəqiqəlik sükutla anım mərasimi keçiriləcək.

Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proenca: "Portuqaliya Futbol Federasiyası və bütün Portuqaliya futbolu, Diogo Jota və qardaşı Andre Silvanın bu səhər erkən saatlarda İspaniyada ölümündən tamamilə sarsıldı. Milli komandada təxminən 50 beynəlxalq oyuna çıxmış möhtəşəm bir oyunçudan daha artığı olan Diogo Jota, qeyri-adi insan, şən xasiyyətli və cəmiyyətdə nümunəvi bir şəxsiyyət idi. Mənim adımdan və Portuqaliya Futbol Federasiyası adından, Diogo və Andre Silvanın ailələrinə və dostlarına, habelə futbolçu kimi çıxış etdikləri "Liverpool" və "Penafiel" klublarına ən dərin başsağlığımı çatdırıram."

24 saat