Gündəm 09.09.2025

Dohada Həmas rəhbərlərinə sui-qəsd cəhdi

Dohada Həmas rəhbərlərinə sui-qəsd cəhdi

Dohadakı Hücum: İsrailin Həmas Rəsmilərini Hədəf Alan Hava Zərbələri

Qətərin paytaxtı Doha İsrailin intensiv hava zərbələri ilə silkələnib. Şahidlər Dohada 12-14 ayrı partlayışın baş verdiyini təsdiqləyiblər. Dohadakı hücumdan sonra göyə qalın tüstü qatının yüksəldiyi ilk görüntülərdə müşahidə olunub.

İsrail mənbələri əməliyyatın məsuliyyətini rəsmi olaraq üzərinə götürüb və bunun sui-qəsd cəhdi olduğunu təsdiqləyib. Bildirilib ki, hədəf “Həmasın yüksək səviyyəli siyasi büro rəsmiləri” olub. Lakin Həmas nümayəndə heyətinin hücumdan sağ çıxdığı qeyd olunur. İsrail mətbuatı isə Həmas liderinin öldürüldüyü barədə israr edir, lakin yüksək səviyyəli Siyasi Büro rəhbəri Xalid Maşalın həmin iclasda iştirak etmədiyi də İsrail mənbələri tərəfindən bildirilib.

Hədəfdə kimlər var idi?

Həmasa yaxın mənbələr bildiriblər ki, bu hücumun əsas hədəfi Həmasın müvəqqəti lideri və əsas müzakirəçisi Xəlil əl-Hayya olub. Bəzi xəbər kanalları əl-Hayyanın hücum nəticəsində öldüyünü iddia etsə də, bu barədə hələ rəsmi açıqlama verilməyib.

Həmas heyətində siyasi büroya aid bir çox Həmas rəsmisi də yer alırdı. Onların arasında Məhəmməd Dərviş, Hüsam Bədran, Tahir ən-Nono və Musa Əbu Mərzuq da var idi. İsrail mənbələri “Türkiyədən Qətərə qayıdan Həmas liderlərini gözlədikdən sonra əməliyyatı həyata keçirdik” deyə açıqlama verib. Bununla da İsrail neytral vasitəçi ölkənin ərazisində, diplomatik missiya ilə gəlmiş bir nümayəndə heyətini raketlərlə hədəf alıb.

ABŞ-ın atəşkəs təklifi tələ idi

Hadisədən sonra Həmasdan şok edici bir açıqlama gəlib. Fələstin təşkilatı, ABŞ prezidenti Donald Trampın atəşkəs təklifinin bir tələ olduğunu və müzakirə heyətini bir binada toplayıb qətlə yetirmək üçün hazırlanmış bir oyun olduğunu bildirib.

İsrail mətbuatı bu iddiaları təsdiqləyib və ABŞ-ın əməliyyata yaşıl işıq yandırdığını qeyd edib. Həmçinin İsrail mətbuatında Qətərin də əvvəlcədən məlumatlandırıldığı iddia olunur.

Qətər isə hadisə zamanı hava hücumundan müdafiə sistemlərinin aktiv olmadığını təsdiqləyib. Qətər rəsmiləri İsrail və Həmas arasında baş müzakirəçi kimi çıxış edirdilər. Qətər Dohadakı hücumu qınayan açıqlama yayımlayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz