ABŞ-ın Yeni Hava Gücü Təşəbbüsü: F-47 Layihəsi
ABŞ, hava qüvvələrində yeni nəsil hava gücü təşəbbüsünə imza atdı. 2025-ci ilin mart ayında “Boeing” şirkəti ABŞ Hava Qüvvələrinin Altıncı nəsil qırıcı təyyarə tenderini qazanaraq, F-47 kod adlı yeni nəsil qırıcı təyyarənin hazırlanması üçün rəsmi olaraq vəzifələndirildi. Bu inkişaf, Vaşinqtonun illərdir hava hökmranlığında lider olan “Lockheed Martin”ə deyil, bu dəfə rəqibi “Boeing”ə üz tutması ilə diqqət çəkdi.
Sıfırdan Yaradılan Unikal Dizayn
“Boeing”in F-47 layihəsi, şirkətin "clean-sheet" yəni sıfırdan dizayn edilmiş ilk qırıcı təyyarəsi olacaq. F-15EX kimi mövcud platformaların təkmilləşdirilmiş variantlarından fərqli olaraq, F-47 tamamilə yeni bir texnologiya infrastrukturuna əsaslanaraq inşa ediləcək. Dizaynda X-32 prototipi, MQ-28 Ghost Bat pilotsuz uçuş aparatı və B-21 Raider bombardman təyyarəsindəki görünməzlik sistemlərindən ilhamlandığı qeyd olunur.
Süni İntellekt Dəstəkli Görüntülər və Xüsusiyyətlər
Rəsmi görüntülər hələ də məxfi saxlanılsa da, sızan məlumatlar təyyarənin quyruqsuz, qanadları gövdə ilə birləşmiş, aşağı infraqırmızı izə, gizlədilmiş mühərriklərə və ultra-aşağı radar izi ilə təchiz edilmiş bir quruluşa malik olacağını göstərir. Bu məlumatlara əsaslanaraq süni intellekt dəstəkli bəzi görüntülər hazırlanmışdır.
Səs Sürətini Aşacaq Mühərriklər və Otonom İmkanlar
F-47-nin Max 2 sürətini aşacağı və 1000 dəniz milindən (təxminən 1850 km) çox uçuş məsafəsinə malik olacağı gözlənilir. “Pratt & Whitney” və “GE”nin hazırladığı adaptiv dövrəli mühərriklər sayəsində təyyarə yanacaq səmərəliliyi ilə səyahət və yüksək dartma qüvvəsinə əsaslanan manevr rejimləri arasında keçid edə biləcək. Bu da təyyarəyə həm uzaq məsafəli uçuşlar, həm də yüksək gərginlikli döyüşlərdə çeviklik təmin edəcək.
F-47 yalnız bir qırıcı təyyarə deyil, eyni zamanda otonom sistemlərlə inteqrasiya olunmuş bir komanda mərkəzinə çevrilir. Təyyarə, “Sadiq Qanad Yoldaşı” kimi pilotsuz uçuş aparatları ilə koordinasiyalı hərəkət edərək elektron müharibə, kəşfiyyat toplama və hətta hədəf məhv etmə əməliyyatlarını həyata keçirəcək.
Təyyarədə yer alacaq süni intellekt sistemləri pilotlara hədəf tanıma, təhlükə təhlili və elektron müdaxilə kimi məsələlərdə anında dəstək təmin edəcək. Bu sistem, ABŞ ordusunun gələcək "müharibə buludu" infrastrukturu ilə tam uyğun şəkildə hazırlanır. F-47 həm düşmən ünsürləri ilə döyüşəcək, həm də digər hava, quru və dəniz ünsürləri ilə daimi məlumat mübadiləsi apara biləcək. Bu təyyarənin aviasiyada gələcək inkişaflara təkan verəcəyi gözlənilir.
Modulyar Quruluş və Strateji Seçim
Təyyarənin sursat bölməsində hipersonik raketlər, uzaqmənzilli hava-hava silahları və gələcəkdə inteqrasiya ediləcək lazer müdafiə sistemləri üçün modulyar quruluş üstün tutulub. İstehsalçılar etdikləri açıqlamada bu qərarla F-47-ni yalnız bugünkü deyil, gələcəyin silah sistemlərinə də hazır vəziyyətə gətirdiklərini irəli sürürlər.
Lockheed Martin Niyə Geridə Qaldı?
ABŞ-ın uzun müddətdir F-22 və F-35 kimi layihələrdə üstünlük verdiyi “Lockheed Martin”in bu dəfə ikinci planda qalmasında bir neçə əhəmiyyətli amil var. Bunlar arasında “Boeing”in aqressiv rəqəmsal mühəndislik bacarıqları, sürətli prototipləşdirmə qabiliyyəti və otonom sistemlərlə inteqrasiyadakı uğuru önə çıxır. Bundan əlavə, Pentaqonun hava üstünlüyü layihələrində tək bir təchizatçıdan asılı qalmamaq üçün strateji bir seçim etdiyi də danışılır.
Gələcəyin Hərbi Əməliyyatlarında Kritik Rol
Xüsusilə Çin və İran kimi ölkələrlə son dövrdə artan gərginlik nəzərə alındıqda, hərbi ekspertlər F-47-nin gələcək hava əməliyyatlarında kritik bir rol oynayacağını gözləyirlər. Səssiz və uzaqmənzilli quruluşu ilə bu təyyarə, düşmənin dərin ərazilərinə sızma və ilk zərbə əməliyyatlarında istifadə edilə biləcək.
İlk Təhvilat Nə Vaxtdır?
F-47-nin məxfi uçuş sınaqlarının 2020-ci illərin əvvəllərində başladığı iddia edilir. Hazırda mühəndislik və istehsalat inkişafı (Mİİ) mərhələsində olan “Boeing”, ilk təhvilatların 2030-cu ilə qədər reallaşmasını hədəfləyir. Yeni nəsil təyyarənin F-22-lərin yerini alması, hətta ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX layihəsinə istiqamət verməsi gözlənilir.
Hələ rəsmi bir görüntüsü belə paylaşılmayan F-47, dünya ictimaiyyətinin diqqətlə izlədiyi bir "xəyalət" xüsusiyyətini daşıyır. Lakin bu Altıncı nəsil qırıcı təyyarənin, yalnız texnoloji tərəfi ilə deyil, qlobal hərbi balanslara təsiri ilə də uzun müddət müzakirələrə səbəb olacağı gözlənilir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz