TÜRK MODEL ÖZKAN GÖRMƏZİN BEYNƏLXALQ UĞURU
Tailandın paytaxtı Banqkokda təşkil olunan “Manhunt International 2025” kişi gözəllik müsabiqəsi rəngarəng anlara səhnə olub. Bu nüfuzlu tədbirdə Türkiyəni model Özkan Görməz təmsil edib. O, gərgin rəqabətin yaşandığı müsabiqədə 6-cı yeri tutaraq, dünyanın ən yaraşıqlı kişiləri arasında ilk onluqda qərarlaşıb. 25 yaşlı modelin təqdimat zamanı geyindiyi tarixi Ərtoğrul Qazi kostyumu da tamaşaçılar və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb, diqqətləri üzərinə cəlb edib.
MEDİANIN SÜKUTU: ÖZKAN GÖRMƏZDƏN KƏSKİN REAKSİYA
Model əldə etdiyi uğurun Türkiyə mediasında kifayət qədər işıqlandırılmamasına görə narazılığını bildirib. Özkan Görməz özünün “İnstagram” hesabında bu barədə geniş paylaşım edib:
O, qeyd edib: “Bu kadrda qürurla təmsil etdiyim ölkəmin adı qəlbimdə də eyni şərəflə yer aldı. Lakin bu səyahət zamanı hiss etdiyim bəzi ədalətsizliklər və yaşadığım məyusluqlar sükutda qala bilməyəcəyim qədər dərindir. Türkiyəni ən yaxşı şəkildə təmsil etmək üçün əlimdən gələni etdim, amma bəzən səylər nəticəni dəyişdirməyə kifayət etmir. Yenə də başım dik, qəlbim təmizdir. Təşəkkürlər, Türkiyəm! Ümid edirəm ki, bir gün zəhmətin, ləyaqətin və haqqın ən böyük mükafat olduğu bir sistemdə yenidən görüşərik...”